Məhkəmə qərarları › İş №2(011)-3796/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3796/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3796/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ev 12, mənzil 41-də yaşayan X2 31.12.2018-ci il tarixli 49 saylı alqı satqı müqaviləsinə əsasən 2200 manat əsas borc, 1050 manat cərimə, 16.04.2019-cu il tarixli 26 saylı alqı satqı müqaviləsinə əsasən 2100 manat əsas borc, 1000 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə verərək cavabdeh X2 31.12.2018-ci il tarixli 49 saylı alqı satqı müqaviləsinə əsasən 2200 manat əsas borc, 300 manat cərimə, 16.04.2019-cu il tarixli 26 saylı alqı satqı müqaviləsinə əsasən 2100 manat əsas borc, 300 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, X4 ilə 31.12.2018-ci il tarixli 49 saylı alqı-satqı müqaviləsini imzalayaraq, kredit üsulu ilə 12 ay müddətinə hər ay 184 manat ödəməklə 2400 manat məbləğində İphone X mobil telefonunu satmışdır, borclu bağlanmış müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqavilənin predmeti olan mobil telefondan istifadə etməsinə baxmayaraq əsas borcdan cəmi 200 manat ödəmiş, qalan 2200 manat borcu ödəməkdən boyun qaçırmışdır, 16.04.2019-cu il tarixdə isə o, X4 ilə yenidən alqı satqı müqaviləsi imzalamış və müqaviləyə əsasən alıcı 12 ay müddətində hər ay 175 manat ödəməklə, ümumilikdə 2100 manat məbləğində qızıl zinət əşyalarını almışdır, Cavabdeh müqavilənin şərtlərini yenidən pozmağa davam etmiş və 2100 manat əsas borcu müxtəlif yollarla ödəməkdən boyun qaçırmışdır, İddiaçı borclu ilə danışıqlar aparsa da bu heç bir müsbət nəticə verməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 31.12.2018-ci il tarixli 49 saylı alqı satqı müqaviləsinə əsasən, İddiaçı 12 ay müddətinə hər ay 184 manat olmaqla, ümumilikdə, 2400 manat məbləğində olan İphone X modelli telefonu X1. İş materiallarında olan 31.12.2018-ci il tarixli bildirişə əsasən, alıcı X4 əgər malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş vaxtda və məbləğdə ödəməzsə cərimə olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 31.12.2018-ci il tarixli alqı satqı müqaviləsinə əlavəyə əsasən, X4 tərəfindən müqavilənin predmetinin ilkin ödənişi qismində 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 31.12.2018-ci il tarixli alqı satqı müqaviləsi əsasında tərtib olunmuş cərimə cədvəlinə əsasən cərimə məbləği 50%-dən çox ola bilmədiyindən 1050 manat müəyyən edilmişdir. İş materiallarında olan 16.04.2019-cu il tarixli 26 saylı alqı satqı müqaviləsinə əsasən İddiaçı 12 ay müddətinə hər ay 175 manat olmaqla, ümumilikdə 2100 manat məbləğində olan qızıl zinət əşyasını X1. İş materiallarında olan 16.04.2019-cu il tarixli bildirişə əsasən, alıcı X4 əgər malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş vaxtda və məbləğdə ödəməzsə cərimə olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 16.04.2019-cu il tarixli alqı satqı müqaviləsinə əlavəyə əsasən, X4 tərəfindən müqavilənin predmetinin ilkin ödənişi qismində heç bir ödəniş həyata keçirilməmişdir. İş materiallarında olan 16.04.2019-cu il tarixli alqı satqı müqaviləsi əsasında tərtib olunmuş cərimə cədvəlinə əsasən cərimə məbləği 50%-dən çox ola bilmədiyindən 1000 manat müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, X3 müqavilələrin şərtlərini pozduğu, hər iki müqaviləyə əsasən müəyyən olunmuş aylıq ödənişləri, həmin ödənişlərin gecikməsinə görə nəzərdə tutuluş cərimələri və məhkəməyə müraciət olunacağı halda çəkiləcək məhkəmə xərclərinin onun tərəfindən ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və X4 arasında 31.12.2018-ci il tarixdə alqı satqı müqaviləsi bağlanmışdır, X3 aylıq 184 manat məbləğində pul vəsaiti ödəməklə, ilkin ödəniş 200 manat nəzərdə tutulan İphone X modelli mobil telefonu satılmışdır, həmçinin tərəflər arasında 16.04.2019-cu il tarixdə predmeti qızıl zinət əşyası olan alqı satqı müqaviləsi bağlanmışdır, alıcı X4 tərəfindən aylıq 175 manat pul vəsaiti İddiaçı xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur, borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 31.12.2018-ci il tarixli 49 saylı alqı satqı müqaviləsinə əsasən 2200 manat əsas borc, 300 manat cərimə və 16.04.2019-cu il tarixli 26 saylı alqı satqı müqaviləsinə əsasən 2100 manat əsas borc, 300 manat cərimə borcu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X2 31.12.2018-ci il tarixli 49 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc kimi 2200 manat, cərimə kimi 300 manat və 16.04.2019-cu il tarixli 26 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc kimi 2100 manat, cərimə kimi 300 manat, ümumilikdə 4900 (dörd min doqquz yüz) manat pul və ödənilmiş dövlət rüsumu qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar