Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3819/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi ev 50-də yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh tərəfindən cərimə kimi yazılmış 518 manat cərimə borcun silinməsinə və cərimə yazılan vaxtdan ödənilən pulun hesablanaraq geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi S.K.Hüseynova iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi ev 50-də yerləşən fərdi yaşayış evinə əsassız olaraq cavabdeh tərəfindən hesablanmış 432 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.K.Hüseynova iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi ev 50-də yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, cavabdehin əməkdaşları həmin ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacı quraşdırmışdırlar, yeni qaz sayğacı quraşdırıldıqda köhnə qaz sayğacına heç bir borcları olmamışdır, bir müddət qazdan istifadə etdikdən sonra cavabdehin əməkdaşları onlara bildirmişdir ki, borcları var, belə ki, ünvana quraşdırılmış sayğac söküldükdən sonra yoxlamaya göndərilmişdir, verilmiş laboratoriya rəyinə əsasən, iddiaçıya məxsus qaz sayğacında korroziya olması qeyd edilmişdir, qaz sayğacına müdaxilə edilib bu səbəbdən də cərimə yazılmışdır və iddiaçı onu ödəməlidir, hal-hazırda yaşadıqları evdə quraşdırılmış sayğac mexaniki sistem ilə işləyir, köhnə dəyişdirilmiş qaz sayğacı isə smart-kartla olmuşdur, lakin iddiaçı qaz sayğacına müdaxilə etməmişdir, ödənişlərini vaxtı vaxtında ödəmişdir və sayğacın plombu da üzərində olmuşdur, hazıra qədər borcla bağlı heç bir mübahisə olmamışdır, borcun silinməsi barədə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Sonda iddiaçının nümayəndəsi S.K.Hüseynova iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin təxirə saxlanmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı iTRON G-4 markalı 1802AZ**********Z9 saylı qaz sayğacı yeni mexaniki tipli **********27 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan 16 may 2022-ci il tarixli Abonent Saldosundan görünür ki, İddiaçı məxsus **********05300 saylı abonent hesabına qalıq və aktlar əsasında 09/2018-ci il tarixdə 230.40 manat, 03/2022-ci il tarixi üçün 518.40 manat borc yazılmışdır, qazın sərfi 4870 kub/metr, ayın əvvəlinə borc 26,40 manat olmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sındırılması, mexanızmin göstərici çarxının, plombununvə elementinin aşkar olunmaması nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* saylı aktda itirilmiş qazın bərpası üzrə 4320 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci ildə yenisi ilə əvəzləşdirilmişdir, çıxarılmış qaz sayğacı yoxlanılarkən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sındırılması, mexanızmin göstərici çarxının, plombununvə elementinin aşkar olunmaması” barədə nöqsan qeyd olunmuş, bu əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir, itirilmiş qazın bərpası üzrə 432 manat borc iddiaçının abonent hesabına yazılmışdır və həmin məbləğ hazırda iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********05300) itirilmiş qazın bərpası məqsədilə yazılmış 432 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan az (432 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********05300 saylı abonent koduna ******* saylı akta əsasən Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3819/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3819/2022
15.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver