Məhkəmə qərarları › İş №2(011)-3824/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3824/2022

21.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3824/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının X2 miras qalmış Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, 48 saylı mənzilin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirməsinin üzrlü sayılması və altı həftəyədək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 mart 2010-cu il tarixdə ünvan 1 ünvanında yaşayan iddiaçının anası X5 vəfat etmiş, ondan ünvan 1 miras qalmışdır. İddiaçının qardaşı X8 Cavabdehna ərizə ilə müraciət edərək, 12 may 2016-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. O, həmin ərizədə özündən başqa heç bir vərəsənin olmadığını göstərmişdir. İddiaçı 01 iyun 2010-cu il tarixdə 36 saylı notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etmişdir. Həmçinin qardaşının buna dair müraciəti olduqda dərhal ona məlumat verilməsini xahiş etmişdir. Buna baxmayaraq iddiaçının qardaşı X7 Cavabdeh tərəfindən 12 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, iddiaçıya heç bir məlumat verilməmişdir. 25 yanvar 2022-ci il tarixdə iddiaçı ona mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmişdir. Lakin notariat kontoru mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti buraxdığını əsas gətirərək müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, iddiaçının anası X5 29 mart 2010-cu ildə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 saylı evin 48 saylı mənzili ondan miras qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən 23 fevral 2022-ci il tarixdə İddiaçı Məmmədrəhim qızına ünvanlanmış məktubda göstərilmişdir ki, “29 mart 2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi, oğlu X8 tərəfindən 12 may 2016-cı il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X1 axtarış elan edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra tərəflərindən vərəsəlik işi açılmışdır. X7 12 may 2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.” Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı anasının vəfatından sonra anasından qalmış mirasla bağlı 01 iyun 2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontoruna müraciət etmiş, vərəsəliyin həlli üçün qardaşı tərəfindən müraciət edilərsə ona da məlumat verilməsini xahiş etmişdir. İddiaçı hazırkı iddia ilə müraciət edərək müddətin gecikdirilməsinin üzrlü sayılmasını və altı həftəyədək uzadılmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Yuxarıda istinad olunan mövqeyə əsasən, məhkəmə hesab edir ki, hazırkı işdə hər hansı üzrlü səbəbin olduğunu aşkar etmək mümkün olmamışdır. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən müddətin altı həftəyədək uzadılması yalnız mirasın qəbul edilmədiyi hallarda yol verilir. Hazırkı iş üzrə isə mirasın vərəsəlik şəhadətnaməsinə əsasən 2016-cı il tarixdə qəbul edilməsi müəyyən edilmişdir. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı - iddiaçının X2 miras qalmış Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, 48 saylı mənzilin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirməsinin üzrlü sayılması və altı həftəyədək uzadılması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar