Məhkəmə qərarları › İş №2(011)-3829/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3829/2020

16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3829/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi barədə ilkin iddiasına; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak bölgüsü tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı 10000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Cavabdeh birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilinin iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı ümumi mülkiyyəti hesab edilməsi və tərəflər arasında bərabər bölünərək onların hər birinin mənzil ½ hissədə payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı məhkəmə prosesi zamanı verdiyi izahatında görtərmişdir ki, o, Cavabdeh ilə 1998-ci il 07 fevral tarixində rəsmi nikaha daxil omuşdur. Həmin nikahdan tərəflərin iki yetkinlik yaşına çatmış övladları var. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 30 may tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilində yaşayır. Həmin mənzil şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin mənzilə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2008-ci il 15 yanvar tarixində qeydə alınmışdır. Həmin mənzil birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, mənzil tərəflərin vəsaiti hesabına alınmamışdır. Belə ki, həmin mənzil iddiaçının valideynlərinə məxsus olmuş mənzilin satılması nəticəsində əldə edilmiş vəsait hesabına alınmışdır. Hal-hazırda tərəflərin 2 otaqlı mənzildə birlikdə yaşamaqları mümkünsüzdür. Cavabdeh könüllü şəkildə mənzili tərk etmək istəmir. Odur ki, cavabdehə 10000 manat məbləğində kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarının xitam verilməsi məhkəmə qaydasında həyata keçirilməlidir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının izahatına uyğun izahat verərək bildirdi ki, mübahisəli mənzilin alqı-satqısı tərəflərin nikah dövrünə təsadüf etsə də, İddiaçı bildirdiyi kimi, onların birgə vəsaiti hesabına deyil, ilkin iddia üzrə iddiaçının atasının oğluna verdiyi vəsait hesabına alınmışdır. Odur ki, həmin mənzil tərəflərin ümumi birgə əmlakı hesab edilə bilməz. O, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilə 1998-ci il 07 fevral tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 30 may tarixli, 2(011)-5133/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilini satın almışlar. Həmin mənzil 2008-ci il 15 yanvar tarixli MH seriyalı, ******* nömrəli çıxarışa əsasən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına qeydə alınmışdır. Odur ki, mübahisəli mənzil iş üzrə tərəflərin birgə nikah dövründə əldə edildiyindən ümumi mülkiyyət hesab edilməli və tərəflər arasında bərabər bölünərək onların hər birinin mənzilə ½ hissədə payı müəyyən edilməlidir. Mülki iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il tarixli, 2(011)-5133/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və 71 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2020-ci il 13 oktyabr tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 16, 44 saylı mənzil X2 adına xx.xx.2007-ci il tarixində ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil 34 saylı DN-nın 2007ci il tarixli, 4Ə/10-1231 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İlkin iddia üzrə İddiaçı mübahisəli mənzili birgə nikah dövründə birgə əldə edilmiş vəsait hesabına deyil, onun valideynləri tərəfindən onlara məxsus olmuş mənzilin satınşından əldə edilmiş vəsaiti hesabına alındığını iddia etsə də, bu halı təsdiq edilməsi üçün məhkəməyə kifayət edən mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə ilkin iddianın əsasını təşkil edən bu halı sübuta yetirilmədiyinə görə mövcud olmayan kimi rədd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki mübahisəsinin hüquqi əsasını təşkil edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 225-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci və 37.2-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yuxarıda göstərilənləri əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzili tərəflərin birgə nikahı dövründə, onların birgə vəsaiti hesabına əldə edilmiş əmlak hesab edilməli, hər iki tərəfin mənzilə dair mülkiyyət hüququ tanınmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı 10000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilinin iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı ümumi mülkiyyəti hesab edilməsi və tərəflər arasında bərabər bölünərək onların hər birinin mənzil ½ hissədə payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiaya hüquqi qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia təmin edilməli, yuxarıda qeyd edilən ünvanda yerləşən mübahisəli mənzil tərəflərin ümumi mülkiyyəti hesab edilərək, mənzilin üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, ½ (ikidə bir) pay üzərində ilkin iddia üzrə İddiaçı, ½ (ikidə bir) payı üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhmud qızının mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzil İddiaçı və Cavabdeh ümumi mülkiyyəti hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 16 saylı evin 44 saylı mənzilinin üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, ½ (ikidə bir) payı üzərində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ½ (ikidə bir) payı üzərində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyət hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar