Məhkəmə qərarları › İş №2(011)-384/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-384/2024

31.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-384/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı vaxtlı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan guya həmin ünvana baxış keçirmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar etmişdirlər. Buna görə də xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə akt tərtib edərək ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 622,08 manat, 2177,28 manat və 1088,64 manat olmaqla, ümumilikdə 3888 manat məbləğində əsassız borc yazmışdırlar. İddiaçı həmçinin qeyd etmişdir ki, yuxarıda sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadəetmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib edilmiş, bua kt əsasında əsassız borc yazmışdırlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkillər ona məxsus ünvanda çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. İddiaçı eyni zamanda bildirmişdir ki, Birlik tərəfindən aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə iddiaçıya məxsus ünvanda istifadədə olan qaz cihazlarının görə istifadə edilmiş qazın həcmi qaz sayğacının nominal qaz dərfi 4 kub metr, orta günlük iş rejimi 24 saat olmaqla, hesabat 360 gün üçün aparılmışdır. Əvvəla hər hansı bir cihazının 90 və ya 180 gün ərzində 24 saat fasiləsiz işləməsi mümkün deyildir. Bu hal həmin cihazların istehsalçıları tərəfindən də qadağan olunur. Digər tərəfdən isə sözügedən ünvanda 90 və ya 180 gün ərzində eyni həcmdə qaz sərfiyyatının olması heç bir halda ağlabatan deyildir. Belə ki, bu müddət ərzində qaz cihazlarından eyni qaydada istifadə etmək zərurəti olmur. Çünki 180 günün böyük əksəriyyəti ilin isti vaxtlarına təsadüf etdiyi üçün həmin dövrlərdə istilik cihazlarından istifadə etmək zərurəti yaranmır. Bundan əlavə iddiaçıya məxsus ünvanda Cavabdeh İB tərəfindən tərtib olunmuş sənədlərdə göstərilənlərdən yalnız PQ-4 tipli qaz peçi vardır. Bu onu deməyə əsas verir ki, Birliyin əməkdaşları sözügedən ünvana baxış keçirmədən akt tərtib etmiş, akta işin həqiqi hallarından kənar, öz fərziyyələrinə uyğun məlumatlar daxil etmişdirlər. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyasının üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssisekspert olması barədə də iş materiallarında hər hansı bir sübur mövcud deyildir. Bütün bunlar Komissiyanın formal mülahizələr əsasında hesablama apardığını sübut edən hallardır. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyasının rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sir deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 622,08 manat, 2177,28 manat və 1088,64 manat olmaqla, ümumilikdə 3888 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üzrə 622,08 manat, 2022-ci il üzrə 2177,28 manat, 2023-cü il üzrə 1088,64 manat olmaqla, ümumilikdə 3888 manat borcu vardır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2021-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid sayğaca baxış keçirilmiş, aktda “abonent təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 noyabr 2022-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid sayğaca baxış keçirilmiş, aktda “abonent mənzilində rezin boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid sayğaca baxış keçirilmiş, aktda “təbii qazdan sayğacdankənar istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/-3/1904 nömrəli, 18 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrassoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2021-ci il tarixli ******* saylı, 28 noyabr 2022-ci il tarixli ******* saylı və 28 fevral 2023-cü il tarixli ******* saylı aktın surətlərində “abonent mənzilində rezin boru vasitəsilə sayğacdan kənar qeyriqanuni istifadə edir” kimi qeydlər aparılsa da, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə 2021-ci il üzrə 622,08 manat, 2022-ci il üzrə 2177,28 manat, 2023-cü il üzrə 1088,64 manat olmaqla, ümumilikdə cəmi 3888 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/-3/1904 nömrəli, 18 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə,iz və əlavə xətt aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair 2021-ci il üzrə 622,08 manat, 2022-ci il üzrə 2177,28 manat, 2023-cü il üzrə 1088,64 manat olmaqla, ümumilikdə 3888 manat məbləğində hesablanmış borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 58.88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında (abonent kodu: **********00000) yerləşən evə dair hesablanmış 2021-ci il üzrə 622,08 manat, 2022-ci il üzrə 2177,28 manat, 2023-cü il üzrə 1088,64 manat olmaqla, ümumilikdə 3888 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 58.88 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar