Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-386/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 2809,08 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizmai küçəsi, ev 145 (abonent kodu: **********00000) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. ”Azəriqaz” İstehalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, guya onlar sayğaca müdaxilə edib və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. İddiaçı hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları İstehlakçı İddiaçı barəsində xx.xx.2020-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda mənzildə sayğacdan kənar qeyri-qanuni qazdan istifadə aşkar olunduğu qeyd edilmişdir. Akta əsasən iddiaçıya 885,6 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1569 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi
Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 885,6 manat məbləğində borc hesab edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı abonent tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qaz paylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 885,6 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya qalan 1923,48 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, həmin borc abonentə istifadə etdiyi qazın dəyərinə görə hesablandığından iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizmai küçəsi, ev 145 üzrə abonent İddiaçı (abonent kodu: **********00000) xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,6 (səkkiz yüz səksən altı manat altmış qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova