Məhkəmə qərarları › İş №2(011)-3867/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3867/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3867/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı – İddiaçı “hərracın etibarsız hesab edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə və Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 qarşı “hərracın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiadan görünür ki, iddiaçı mübahisə predmeti olan mənzilin qiymətləndirilməsi üzrə keçirilən hərracın nəticələrinin etibarsız hesab edilməsini və s. xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2021 saylı xx.xx.2021-ci il tarixli icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadı ilə müəyyən edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddianın qəbul edilməsindən imtina edilməli və iddiaçıya aidiyyəti üzrə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263- 264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh "xxxx" MMC-nə və Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 qarşı “hərracın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunsun. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya izah olunsun ki, iddianın qəbul etməkdən imtina edilməsi həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lalə Rəhimli İş № 2(011)-3867/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 19 may 2022-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:45-də qurtardı. Protokol 19 may 2022-ci il tarixdə tərtib edilmişdir. Hakim: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar