Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-390/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşının cavabdehin qanunsuz istifadəsindən alınıb mülkiyyətçi İddiaçı MMCyə qaytarılması, cavabdehdən iddiaçının xeyrinə 17.893 manat əsas lizinq borcu, 6.505 manat lizinqdən istifadəyə görə faiz borcu, 6.800 manat hesablanmış penya, cəmi 31.198 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli 1801/0488 saylı daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC cavabdehin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilən və ümumi dəyəri 26.000 manat olan 1 ədəd “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsində 18.200 manat məbləğində borcu illik 32 faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 36 ay müddətinə illik 32 faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşının cavabdehin qanunsuz istifadəsindən alınıb mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehdən iddiaçının xeyrinə 17.893 manat əsas lizinq borcu, 10.429,60 manat lizinqdən istifadəyə görə faiz borcu, 17.786,47 manat hesablanmış penya, cəmi 46.109,07 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı izahat verən iddiaçının nümayəndəsi X2 izahatında iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 19 noyabr 2018-ci il tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən 1 ədəd “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomobili lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMCyə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lizinq obyektinin sahibi İddiaçı MMC-dir. Cavabdeh daxili lizinq müqaviləsi üzrə ümumilikdə 46.109,07 manat borcu mövcuddur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 18 yanvar 2021-ci il tarixə cavabdehin əsas borc üzrə 17.892,64 manat, faiz borcu üzrə 10.051,16 manat, cərimə borcu üzrə isə 16.247,75 manat borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh yuxarıda adı çəkilən daxili lizinq müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən belə hesab edir ki, 30 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən 18 yanvar 2021-ci il tarixə cavabdehin 17.892,64 manat əsas borcu yaranmışdır. Məhkəmə ekspert rəyini tədqiq edərək belə hesab edir ki, ekspert rəyi sübut qismində qəbul edilməli, cavabdehdən 17.892,64 manat əsas borc tutulmalıdır. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən lizinq obyektindən istifadəyə görə 10.429,60 manat faiz borcu tələb etmişdir. Lizinq obyekti 14 dekabr 2019-cu il tarixdə cavabdehdən alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Məhkəmə faiz məbləğinin məhz bu tarixə qədər olan dövr üçün tutulmasını qanuni hesab edir. İş materiallarında olan 30 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən 14 dekabr 2019-cu il tarixə cavabdehin 3.768,85 manat faiz borcu yaranmışdır. Məhkəmə ekspert rəyini sübut qismində qəbul etmiş, cavabdehdən lizinq obyektindən istifadəyə görə 3.768,85 manat faiz borcu tutulmasını qanuni hesab etmişdir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 17.786,47 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 1.600 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşının cavabdehin qanunsuz istifadəsindən alınıb mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, avtomobilin qaytarılmasını tələb etmək hüququna malikdir. Lakin iş materiallarından da göründüyü kimi avtomobil 14 dekabr 2019-cu il tarixdə cavabdehdən alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Odur ki, cərimə meydançasında olan avtomobil iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşın iddiaçıya təhvil verilməli, cavabdehdən əsas borca görə 17.892,64 manat, faiz borcu üzrə 3.768,85 manat və dəbbə pulu üzrə 1.600 manat olmaqla, cəmi 23.261,49 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, iş üzrə keçirilmiş ekspertiza xərci 200 manat müəyyən olunmuşdur. Ekspertiza xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən 27 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, 3 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, ekspertiza xərci 200 manat pulun 182 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan “Honda” markalı “Accord” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşın İddiaçı MMC-yə təhvil verilsin. Cavabdeh əsas borca görə 17.892,64 (on yeddi min səkkiz yüz doxsan iki manat altmış dörd qəpik) manat, faiz borcu üzrə 3.768,85 (üç min yeddi yüz altmış səkkiz manat səksən beş qəpik) manat və dəbbə pulu üzrə 1.600 (bir min altı yüz) manat olmaqla, cəmi 23.261,49 (iyirmi üç min iki yüz altmış bir manat qırx doqquz qəpik) manat pul vəsaiti və 27 (iyirmi yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. 3 (üç) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza xərcinə görə ödənilmiş 200 (iki yüz) manat pul vəsaitinin 182 (yüz səksən iki) manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 18 (on səkkiz) manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-390/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-390/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver