Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3906/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 5024,06 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 06.07.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi C.T.Aslanov iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, abonent Cavabdeh tərtib edilmiş 23.08.2017-ci il tarixli NDM 013906 saylı akt üzrə hesablanmış 908,16 manatın, 11.06.2020-ci il tarixli NDM 018921 saylı akt üzrə hesablanmış 4715,04 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun abonent Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.T.Aslanov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır, istehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir, iş materiallarına əlavə edilmiş abonent Cavabdeh tərtib edilmiş 23.08.2017-ci il tarixli NDM 013906 saylı akt üzrə cavabdehin hesablanmış 908,16 manat, 11.06.2020-ci il tarixli NDM 018921 saylı akt üzrə hesablanmış 4715,04 manat borcu yaranmışdır, həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisi üzrə borcunu bu günə qədər ödəməmişdir, iddiaçının əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etmişdir, mübahisəli ünvanda işıqlanma ünvana iddiaçı tərəfindən quraşdırılmış elektrik enerjisi sayğacı əsasında həyata keçirilsə də, ünvanda əsas elektrik işlədicisi olan yuyucu aparatı cavabdeh tərəfindən çəkilmiş şəbəkədən 3+1 fazlı birbaşa kənar xətt vasitəsilə istifadə edilir, həmin yuyucu aparatının gücü isə 6 kvts-dır. Sonda C.T.Aslanov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin 28.04.2021-ci il tarixli hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, ünvan 1 ünvanında avtoyuma məntəqəsi işlədir, həmin ünvanda sayğacdan kənar xətt çəkildiyini qəbul edir, lakin borcun məbləği ilə razı deyildir, belə ki, o həftə ərzində havanın yağışlı olmasından asılı olaraq 5 gün, gün ərzində isə 7-8 saat elektrik işlədiciləri vasitəsilə elektrik enerjisindən istifadə edir, aktda göstərilmiş gün ərzində 24 saat elektrik enerjisindən istifadə etməsi həqiqətə heç cür uyğun deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.08.2017-ci il tarixli 010365 nömrəli aktın surətindən görünür ki, iddiaçı Cavabdeh abonent olduğu Bakı şəhəri, Xətai rayonu, H.Salmani 15/28 ünvanında yerləşən obyektə (**********52829) yoxlama zamanı obyektə sayğacdan kənar işlədici mövcud olduğu, işlədicinin gücünün 6 kvt olduğu qeyd edilmiş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir. İş materiallarında olan 23.08.2017-ci il tarixli qərara əsasən, yoxlama əsasında obyektə sayğacdan kənar işlədici mövcud olduğu göstərilmiş, 6kvt x 8 saat x 172 gün= 8256 kvts hesablanmış, kənar xəttin ləğv edilməsi qeyd olunmuşdur. İş materiallarında olan 23.07.2018-ci il tarixli 013572 nömrəli aktın surətindən görünür ki, iddiaçı Cavabdeh abonent olduğu Bakı şəhəri, Xətai rayonu, Qaraşəhər ünvanında yerləşən obyektə (**********52829) yoxlama zamanı abonentin elektrik enerjisindən sayğacsız istifadə etdiyi, komputer bazasında seriya № ******* olan sayğacdan istifadə edilmir,1 fazlı sayğac olduğu halda obyektə şəbəkədən 3+1 fazlı birbaşa xətt çəkmişdir, ölçmə zamanı xətdən axan yük: 12,3 A, 12,4 A, 14,3A, 8,58 kvt müəyyən edilmiş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir. İş materiallarında olan 10.09.2018-ci il tarixli 013906 nömrəli aktın surətindən görünür ki, iddiaçı Cavabdeh abonent olduğu Bakı şəhəri, Xətai rayonu, H.Salmani 15/28 ünvanında yerləşən obyektə (**********52829) yoxlama zamanı abonentin elektrik enerjisindən sayğacsız istifadə etdiyi, komputer bazasında seriya № ******* olan sayğacdan istifadə edilmədiyi, obyektə şəbəkədən 3+1 fazlı birbaşa xətt çəkildiyi, ölçmə zamanı xətdən axan yük: 12,5 A, 13A, 13,6A, 8,60 kvt olduğu müəyyən edilmiş, işlədicinin gücünün 6 kvt olduğu qeyd edilmiş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir. İş materiallarında olan 08.06.2020-ci il tarixli 018921 nömrəli aktın surətindən görünür ki, iddiaçı Cavabdeh abonent olduğu Bakı şəhəri, Xətai rayonu, Qaraşəhər ünvanında yerləşən obyektə (**********52829) yoxlama zamanı abonentə məxsus elektrik sayğacının çıxış faza və sıfır xətləri kəsikdir, lakin abonent özünə məxsus avtoyuyucuya qonşuluqdakı əhali abonentlərinə məxsus elektrik şitindən kənar xətt çəkərək elektrik enerjisindən istifadə etdiyi, kənar xəttən axan yük 9,1 kvt olaraq müəyyən olunmuşdur, kənar xəttin ləğv edilməsi tələb edilmişdir. İş materiallarında olan 11.06.2020-ci il tarixli qərara əsasən, enerji sərfiyyatı 9,1 kvt x (0,7) x 24 saat x 300 gün = 45864 kvts, tarif (0,07) - 3000kvts, tarif (0,11) - 42864 kvts olaraq hesablanmış, kənar xəttin ləğv edilməsi qeyd olunmuşdur. İş materiallarında olan abonent kodu **********52829 olan abunə haqqında çıxarışdan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-yə cəmi 5024,06 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında abunə haqqında 232101 nömrəli müqavilə bağlanmışdır, abonent kodu **********52829-dur, elektrik enerjisindən istifadəyə nəzarət məqsədilə 22.08.2017-ci il, 08.06.2020-ci il tarixlərdə sayğaca baxış keçirilmiş, baxış zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə NDM 010365 saylı və NDM 018921 saylı aktlar tərtib edilmiş, aktlar üzrə müvafiq olaraq 23.08.2017-ci il, 11.06.2020-ci il tarixli qərarlar qəbul edilmişdir, 018921 nömrəli akt üzrə 11.06.2020-ci il tarixli qərarla itirilmiş elektrik enerjisinin sərfiyyatı (9,1 kvt x (0,7) x 24 saat x 300 gün = 45864 kvts; tarif (0,07) - 3000kvts, tarif (0,11) - 42864 kvts,) 45864 kvts olaraq, 010365 nömrəli akt üzrə 23.08.2017-ci il tarixli qərarla itirilmiş elektrik enerjisinin sərfiyyatı ( 6kvt x 8 saat x 172 gün= 8256 kvts) 8256 kvts olaraq əhali qrupu üçün müəyyən edilmiş elektrik enerjisi tarifi (300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 7,0 qəpik /kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 11,0 qəpik /kVts) nəzərə alınmaqla hesablanmışdır, cavabdeh sayğacdan kənar elektrik enerjisindən istifadə edir, sayğacdan kənar elektrik işlədisi olan yuyucu aparatın gücü 6 kvts-dır. Məhkəmə, iddia tələbinin 908,16 manat hissəsinə münasibətdə qeyd edir ki, həmin borc məbləğinin müəyyən olunması məqsədilə NDM 010365 saylı akta müvafiq olaraq 23.08.2017-ci il tarixli qərar əsasında (6kvt x 8 saat x 172 gün= 8256 kvts) saygacdan kənar elektrik işlədicisi olan yuyucu aparatının gücünə uyğun olaraq (6 kvts) gündə 8 saat, ildə 172 gün götürülməsi ilə müəyyən olunmuş 8256 kvt.s elektrik enerjisi miqdarı, həmin ünvan üzrə elektrik enerjisinə görə itirilmiş sərfiyyata uyğundur və həmin miqdarda (8256 kvt.s) elektrik enerjisinin dəyəri tarif qiymətinə müvafiq olaraq (8256 kvts x 0,11= 908,16 manat) 908,16 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin 4715,04 manat hissəsinə münasibətdə qeyd edir ki, NDM 018921 saylı akta müvafiq olaraq 11.06.2020-ci il tarixli qərar əsasında itirilmiş elektrik enerjisi sərfiyyatının miqdarının hesablanmasında elektrik işlədicilərindən gün ərzində istifadə edilməsi barədə götürülmüş 24 saat zaman həddi, ağlabatan olmamaqla, həmin qərar üzrə elektrik enerjisinin itirilmiş sərfiyyatına mütənasib deyildir. Belə olan halda məhkəmə hesab edir ki, həmin qərar əsasında aparılmış hesablaşma, iddia tələbinin faktiki əsası kimi nəzərə alına bilməz. Bununla belə məhkəmə qeyd edir ki, tərtib edilmiş NDM 018921 saylı akt və buna müvafiq çıxarılmış qərar, elektrik enerjisindən sayğacdan kənar istifadəyə dair faktı özündə ehtiva etdiyindən sübut kimi qəbul edilməli və itirilmiş elektrik enerjisinin sərfiyatı, cavabdehin iş rejimi və sayğacdan kənar elektrik işlədicisinin gücü nəzərə alınmaqla, NDM 010365 saylı akta müvafiq olaraq 23.08.2017-ci il tarixli qərarda aparılmış hesablaşmaya uyğun müəyyən edilməlidir (9,1 kvt x 8 saat x 172 gün) ki, bu da 12521,6 kvts təşkil edir. Məhkəmə, itirilmiş elektrik enerjisi sərfiyyatının dəyərinə münasibətdə isə hesab edir ki, həmin məbləğ limit həddi, abonentin iddiaçı tərəfindən əhali qrupuna aid edilməsi nəzərə alınmaqla, məhkəmə tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi müəyyən edilmiş 12521,6 kvts-nın tarif qiymətinə uyğun hesablanmalıdır ki, bu da (12521,16 kvts – 3000 kvts = 9521,6 kvts; 3000 kvts x 0,7 = 210 manat, 9521,6 x 0,11= 1047 manat, 210 manat + 1047 manat = 1257 manat) 1257 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacı zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), onun qoşulma sxemi pozulduqda dövlət elektroenergetika müəssisəsi bu elektrik qurğusunun faktiki maksimal yükünə və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində, enerjitəchizatı müəssisəsinə yenidən hesablaşma aparılmalıdır. Hesablaşma elektrik sayğacının normal işinin bərpa olunması enerjitəchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28.11.2016-cı il tarixli 17 nömrəli qərarına əsasən əhali qrupu üçün elektrik enerjisi tarifi aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 7,0 qəpik /kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 11,0 qəpik /kVts müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.08.2017-ci il tarixli qərara əsasən 908,16 manat və 11.06.2020-ci il tarixli qərara əsasən 1257 manat olmaqla, ümumilikdə 2165,16 manat borc məbləği və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh elektirk enerjisi sərfiyyatına görə ümumilikdə 2165,16 (iki min yüz altmış beş) manat, 16 (on altı) qəpik borc məbləği və dövlət rüsumu qismində ödənilmiş 30(otuz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3906/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3906/2021
05.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver