Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3915/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən abonent kodu **********10000 olan 1102AQ**********8 saylı qaz sayğacına 9720 m3 həcmində itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 1944 manat məbləğində borcun və sayğacın dəyəri olaraq hesablanmış 235,88 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili K.Ə.İsgəndərli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 9720 m3 həcmində itirilmiş qazın dəyəri olaraq 1944 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında K.Ə.İsgəndərli iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması üçün Cavabdeh İB tərəfindən “İtron” tipli “G-4” markalı 1102AQ**********8 saylı qaz sayğacına baxış keçirilmişdir, həmin ünvanda quraşdırılmış qaz sayğacı iddiaçının mərhum atası X3 adına rəsmiləşdirilmişdir, iddiaçının atası 25.11.1996-cı il tarixdə vəfat etmişdir, qaz sayğacına baxış keçirilərkən iddiaçının bundan xəbəri olmamışdır və sayğaca baxış onun iştirakı ilə keçirilməmişdir, daha sonra iddiaçı smart qaz kartına pul yükləmək istədiyində yüklənmiş məbləğdən borcun tutulması məlum olmuşdur, iddiaçı məsələnin aydınlaşdırılması üçün Cavabdehnə müraciət etdikdə ona ******* saylı akta əsasən guya ona məxsus ünvanda quraşdırılmış sayğacın çıxış plastmas borcunun deşilməsi, qaz itkisi və sayğaca müdaxilə olunması əsası ilə 9720 m3 həcmində itirilmiş qaz sərfiyyatına görə 1944 manat borc hesablanmışdır və həmin məbləğ ondan tələb olunur, onun tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı müdaxilə edilməmişdir, uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qismində pulu ödənilmişdir. Sonda K.T.İsgəndərli iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş akta əsasən, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğaca müdaxilə edilməsi əsası ilə 1944 manat cərimə borcu hesablanmış və həmin məbləğ iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.09.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-01628/3-31 saylı rəyə əsasən 1102AQ**********8 nömrəli sayğaca baxış keçirilən zaman həmin sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan 18.03.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********10000 nömrəli abonent hesabına 2018-ci ilin dekabr ayı üzrə 1944 manat borc hesablanmışdır, cari borc 1944 manat təşkil edir. İş materiallarında olan ARDNŞ-nin Cavabdeh İB-nin QSN 29/1710-01628/3-31 saylı aktına əsasən 1102AQ**********8 nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsi nöqsanı barədə qeyd aparılmış, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 21.09.2018-ci il tarixli hesabatın surətindən görünür ki, **********10000 saylı abonent kodu üzrə qaz sayğacına müdaxilə olunmuş və nəticəsə qaz itkisinin yaranması barədə nöqsan aşkarlanmış, itirilmiş qazın bərpası üzrə 9720 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilmiş, onun abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 1944 manat cari borc hesablanmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3915/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3915/2021
07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver