Məhkəmə qərarları › İş №2(011)-392/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-392/2023

18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-392/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-i tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 15020.64 borcun müəyyən edilərək silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində öz vəsaiti hesabına fərdi ev inşa edərək ailəsiylə birgə yaşayır. Həmin fərdi evi inşa etdikdən təqribən 5 il sonra fərdi evə digər kommunal xidmətlərlə yanaşı qaz xətti də çəkildi və sayğac quraşdırıldı. Qaz sayğacı quraşdırıldıqdan sonra təqribən 2 (iki) il ərzində heç bir problem olmadan qazı işlətmişlər və vaxtlı-vaxtında da ödənişləri etmişlər. Bundan bir müddət sonra evin sayğacını “Azəriqaz lB”-nin baş idarəsindən gəlmiş Rövşən adlı əməkdaşı ərazidə sayğacları yoxladığını bildirdi, iddiaçının evinin sayğacını açdı və idarəyə yoxlamağa aparacağını dedi. Həmin günün axşamı yoldaşının telefonuna zəng vuraraq bilddirdi ki, “ 100 manat ver, sayğacı gətirib yerinə quraşdırım". Yoldaşı da ona dedi ki, onların borcu yoxdur, sayğacı apar ver idarəyə biz onu idarədən götürəcəyik”, Təqribən 1 (bir) ay müddətinə sayğacı gətirməmişlər, iddiaçı baş idarəyə gedərək “Azəriqaz İB”-nin Binəqədi ərazisinə nəzarət edən əməkdaşı ilə görüşmüş, o iddiaçıya bildirmiş ki, “sayğac açmış Rövşən adlı əməkdaşı işdən çıxarmışlar, o sizdən başqa 10 nəfərdən artıq abonentin də sayğaclarını açıb, pul istəyib, ona pul verimədikdə sayğacları tullayıb,ona görə də onu qovmuşuq”. Həmin əməkdaş iddiaçıya ərizə yazmağı tövsiyə emişdir. İddiaçı də ərizə yazmış, lakin bundan sonra sayğacı quraşdıran olmamışdı. Bundan təqribən 6 (altı) ay sonra qaz sayğacı gətirib həyətdəki xəttə qoşdular, lakin evə gedən qaz xəttini qoşmadılar. İddiaçı bir müddət evi odunla, çör-çöplə qızdırmışdır, lakin bunun mümkünsüz olduğunu görüb sayğacsız xətti qoşmuşlar. İddiaçının xəbəri və iştirakı olmadan əraziyə nəzarət edən əməkdaş gəlib akt yazıb və iddiaçını cərimə edəcəyini deyib. İddiaçı dəfələrlə bununla bağlı həm “Azəriqazın Binəqədi rayon idarəsi"nə həm də baş idarəyə şəxsən gedərək müraciətlər etmişdir ki, sayğacı gətirib quraşdırsınlar. Lakin, heç bir xeyri olmayıb və sayğacı gətirib quraşdırmayıblar. 2022-ci ilin sentaybr ayında baş idarədə olarkən iddiaçıya bildirmişlər ki, qaz istehlakına görə borcu yaranıb və ona bir neçə ilin aktlarını təqdim etdilər. İddiaçı həmin aktları ilk dəfədir ki, görür aktlar ərazidə tərtib olunmayıb və həmin aktlar yazılarkən iddiaçının iştirakı təmin ounmayıb və iddiaçı onlara imza atmamışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan üzrə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, 309 saylı, xx.xx.2020-ci il tarixli 07/675 saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş həmin aktlarda qeyd edilmişdir ki, “sayğacdan qeyri-qanuni istifadə aşkar edildi”. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 15020.64 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir (xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surəti). İddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00000) yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 15020.64 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 15020.64 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 135.06 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********00000) hesablanmış 15020.64 (on beş min iyirmi manat, altmış dörd qəpik) manat məbləğində borc silinsin. 135.06 (bir yüz otuz beş manat, altı qəpik ) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar