Məhkəmə qərarları › İş №2(011)-3942/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3942/2025

24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3942/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı bildirmişdir ki, o ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı (abonent kodu: **********01830) mərhum əri X2 adına rəsmiləşdirilmişdir. Əri xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda təbii qazdan istifadə ona məxsusdur. Cavabdeh nümayəndələri həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək müəyyən etmişlər ki, həmin ünvanda sayğacdan kənar xətt aşkar edilmişdir. Bu əsasla ona haqsız yerə 3110,40 manat cərimə borcu yazılmışdır. Həmin ünvanda heç vaxt qazdan sayğacdan kənar istifadə halı olmamış, həmişə istifadə etdiyi qazın dəyərini ödəmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur. İddiaçı hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. Qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən problemlərdən ötrü heç bir halda o cavabdehlik daşımamalıdır. Cavabdehin etirazının dəlilləri: Cavabdehin nümayəndəsi məhkəməyə yazılı etiraz ilə müraciət edərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iddiaçının mübahisələdirdiyi ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh İB-nin Salyan RQİİ-nin AQİS bazasında Yusif Şükürovun adına abonent qeydiyyatına alınmışdır. Salyan RQİİ-nin Sabirabad XS-nin nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd olunan abonentin yaşayış evində qaz təsərrüfatına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə etməsi müəyyən edilmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və yaşayış evində istismarda olan qaz sayğacının nominal saatlıq işləmə rejimi nəzərə alınmaqla hesabat aparılmışıdr. Belə ki, qaz sayğacının nominal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 25920 m3 (3110,40 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı mübahisələndirdiyi pul məbləği Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmışdır. Qeyd olunan akt abonent X4 Şükürov tərəfindən imzalanmışdır. Bundan əlavə sayğacdan kənar qazdan qanunsuz istifadə faktını təsdiq edən kifayət qədər sübutlar (foto və videoçəkiliş) mövcuddur. Qeyd olunan sübutların məhkəmə tərəfindən araşdırılması zərurəti vardır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları X1 barəsində xx.xx.2024-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın klapanının işlək olmaması qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 3110,40 manat məbləğində borc hesablanmışdır. 149804 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X5 ilə İddiaçı xx.xx.1973-cü il tarixində nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1973-cü il tarixində 191 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının xx.xx.2025-ci il tarixli, 3-15-2-6/2-436/2025 saylı məktubuna əsasən, İddiaçı inzibati məsuliyyətə cəlb olunması ilə bağlı Filiala müraciət daxil olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun (01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı mərhum abonent X2 həyat yoldaşı olmuşdur. O, faktiki olaraq sözügedən fərdi yaşayış evində yaşayır, təbii qazdan istifadə edir və istifadə edilmiş qazın dəyərini ödəyir. Odur ki, iddiaçının sözü gedən borcun silinməsini də tələb etməyə subyektiv hüququ vardır. Belə olan halda, məhkəmə qeyd edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən, qanunsuz olaraq, istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən abonent X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 3110,40 məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməsi, Cavabdeh İB tərəfindən hesablanmış 3110,40 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 51,10 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Şirvan MQKS, Sabirabad rayonu, Suqovuşan kəndi, ev 0, mənzil 183 ünvanı üzrə (abonent kodu: **********01830) xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 51,10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar