Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3943/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 532,80 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı bildirmişdir ki, o ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00090) mərhum atası X2 adına rəsmiləşdirilmişdir. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin ünvanda təbii qazdan istifadə ona məxsusdur. Cavabdeh nümayəndələri həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək müəyyən etmişlər ki, həmin ünvanda sayğacdan kənar xətt aşkar edilmişdir. Bu əsasla ona haqsız yerə 532,80 manat cərimə borcu yazılmışdır. Həmin ünvanda heç vaxt qazdan sayğacdan kənar istifadə halı olmamış, həmişə istifadə etdiyi qazın dəyərini ödəmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdırılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur. Ona yazılmış borc qanunsuz və əsassızdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən problemlərdən ötrü heç bir halda o cavabdehlik daşımamalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Xətai Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 532,80 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsini xahiş etmişdir. İddiaçının mübahisələdirdiyi ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh İB-nin Salyan RQİİ-nin AQİS bazasında Hafiz Səmədovun adına abonent qeydiyyatına alınmışdır. Salyan RQİİ-nin Saatlı XS-nin nümayəndələri tərəfindən xx.xx.2017-ci il tarixdə qeyd olunan abonentin yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilən zaman abonentin qaz sayğacını özbaşına qaz xəttindən açaraq sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə etməsi müəyyən edilmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və yaşayış evində istismarda olan qaz işlədicilərinin işləmə rejimi və saatlıq qaz sərfi nəzərə alınmaqla hesabat aparılmışıdr. Belə ki, dəymiş ziyanın hesabatı yaşayış evində istismarda olan PQ-4 qaz plitəsi maksimal saatlıq qaz sərfi 1,2 m3 saat, qış aylarında orta günlük iş rejimi 8 saat, hesabat müddətdi 90 gün, RP- maksimal saatlıq qaz sərfi 0,8 m3 saat, qış aylarında orta günlük iş rejimi 18 saat, hesabat müddətdi 90 gün, QSSQ (80LT) - maksimal saatlıq qaz sərfi 0,8 m3 saat, qış aylarında orta günlük iş rejimi 10 saat, hesabat müddətdi 90 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 2664 m3 (532,80 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Dəymiş ziyan 2022-ci ilin dekabr ayında tam olaraq ödənilmişdir. İddiaçı mübahisələndirdiyi pul məbləği Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmışdır. Qeyd olunan akt Hafiz Əliyevin adına tərtib edilmiş və akta imza edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, abonent Azəriqaz” İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akt və həmin akt əsasında hesablanmış dəymiş ziyanla bağlı məlumatlı olmuş, lakin mübahisələndirməmiş, dəymiş ziyanı tam olaraq ödəmişdir. Aktın tərtib edilməsindən 8 il müddət keçdikdən sonra İddiaçı tərəfindən mübahisələndirilmişdir. İddiaçı tərəfindən Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun mübahisələndirilməsinə dair subyektiv hüququnu təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 532,80 manat borcun **********00090 nömrəli abonent kodundan silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları X4 barəsində xx.xx.2017-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda abonentin sayğacdan kənar qazdan istifadə etdiyi qeyd edilmişdir. Abonent adına xx.xx.2017-ci il tarixli akta əsasən qalıq 532,80 manat məbləğində borc hesablanmışdır (abonentin saldosu **********00090). İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Onun atası X4, anası isə X1 olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi
Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına istinadən qeyd edir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Göründüyü kimi, İddiaçı mərhum abonent X2 qızıdır, sonuncunun qanun üzrə vərəsəsi hesab edilir və faktiki olaraq sözügedən fərdi yaşayış evində yaşayır, təbii qazdan istifadə edir və istifadə edilmiş qazın dəyərini ödəyir. Odur ki, iddiaçının həmin evə dair vərəsəlik qaydasında hüquqları yarandığından qeyd olunmuş borcun silinməsini də tələb etməyə subyektiv hüququ vardır. Mülki işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mərhum atasına məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 532,80 manat məbləğində borc abonentin hesabına əlavə edilmişdir. Lakin, akt üzrə hesablanmış borc istehlakçı tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda abonentin saldosundan da görünür ki, həmin məbləğ 2022-ci ilin dekabr ayınadək Cavabdeh İB tərəfindən tutulmalar aparılaraq tam ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış borc tamamilə ödənildikdən, artıq mövcud olmayan borcun silinməsi də mümkün deyildir. Odur ki, İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 532,80 manat məbləğində borcun silinməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Saatlı rayonu, 1 May küçəsi, ev 0, mənzil 9 ünvanı üzrə hesablanmış 532,80 manat məbləğində borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova