Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3985/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq yazılmış cərimənin silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binə qəsəbə “Möhsin Səlim” məscidinə (kod: **********20000) əsassız olaraq hesablanmış 592.412,62 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qafqaz Müsəlmanları İdarəsinin 19 dekabr 2019-cu il tarixli, 464 saylı əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə imam müavini vəzifəsinə təyin edilmişdir və hazırda da həmin vəzifəni icra edir. Bundan bir neçə ay sonra, yəni 2020-ci ilin əvvəllərində Cavabdeh İB tərəfindən məscidə qaz verilməsi dayandırılmış, məscidin sayğacı bloka salınmışdır. Bununla bağlı qaz idarəsinə getdikdə iddiaçıya “Möhsin Səlim” məscidinin Cavabdeh İByə 2014-2015-ci illərdən qalma 592.412,62 manat məbləğində borcunun olması bildirilmişdir. İddiaçıya abonentin saldosu təqdim edilmiş, saldoda qeyd edilən borc məbləği göstərilsə də, həmin borcun hansı səbəbdən yaranması ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Rəşad Əliyev, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Qafqaz Müsəlmanları İdarəsinin 19 dekabr 2019-cu il tarixli, 464 saylı əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə imam müavini vəzifəsinə təyin edilmişdir və hazırda da həmin vəzifəni icra edir. İş materiallarında olan 24 iyun 2006-cı il tarixli məişət qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvili haqqında aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinin 2015-ci ilin avqust ayına 592.412,62 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər aşkar edilməmişdir. Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidində abonent saldosunda qeyd edilmiş PQ-4 tipli qaz plitəsi, dəmir soba və buxar sobası müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən məsciddə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 592.412,62 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, həmin borc məbləğinin yaranması əsasını təşkil edən hər hansı akt cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2007-ci ildən 2015-ci ilin avqust ayınadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə hər ay qaz sərfiyyatına görə borc hesablanmışdır. Mübahisəli ünvanın abunə koduna Cavabdeh İB tərəfindən yazılmış son borc 2015-ci ilin avqust ayında olmuşdur. Həmin tarixdən cavabdeh təşkilat tərəfindən mübahisəli ünvanın abunə koduna yazılmış borc məbləği tələb edilməmiş, vaxtaşırı ödənişlərlə bağlı borcun tələb edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş beş illik müddət ötürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə **********20000 saylı abunə koduna hesablanmış 592.412,62 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə **********20000 saylı saylı abunə koduna hesablanmış 592.412,62 (beş yüz doxsan iki min dörd yüz on iki manat altmış iki qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3985/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3985/2021
21.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver