Məhkəmə qərarları › İş №2(011)-399/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-399/2022

21.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-399/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona istilik enerjisindən istifadəyə görə borcun hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 07.01.2022-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona istilik enerjisindən istifadəyə görə borcun hesablanmasının qanunsuz hesab edilməsi və 286,37 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak onun tam mülkiyyətindədır, mülkiyyətə dair çıxarış iddia ərizəsinə əlavə olunmuşdur, 28.04 2021-ci il tarixində müraciəti əsasında "Azəristiliktəchizat” ASC 7 saylı İSİS-nin nümayəndələri sözügedən mənzilə baxış keçirmiş və mənzildə mərkəzi istilikdən istifadə olunmamasına dair, yalnız düz xəttin keçməsi ilə bağlı akt tərtib etmişlər, lakin 09.07 2021 -cı il tarixində ona həmin tarixə kimi "guya istifadə edilmiş" istilik enerjesinə görə ödənilməmiş 286.37 manat borcun olmasına görə “AzərişıqAzəristiliktəchizaf ASC-nin 7 saylı istilik Sistemləri istismar Sahəsindən xəbərdarlıq məktubu gəlmişdir, cavabdehlə aralarında istilik enerjisindən istifadə edilməsinə dair heç bir müqavilə yoxdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Ə.T.Abdullasoy izahat verərək bildirdi ki, iddiaçı cavabdehə bu məsələ ilə bağlı müraciət etdiyi tarixdən ona borc hesablanması dayandırılıb, borc əvvəlki sahib Rövşənə hesablanmışdır, mənzil sahibi Fərhaddır deyə borc ondan tələb olunur, abonent adı dəyişilməyib, sistemdə hələ də Rövşən olaraq göstərir, evin çıxarışı da cavabdehə təqdim olunmayıb, vətəndaş istilik almırsa cavabdehə müraciət etmədi idi, iddiaçı ilk müraciət edib ki, borc var və bu səbəbdən ona borc hesablanması dayanıb, lakin indi ikinci müraciətdir və onun da mahiyyəti istiliyin alınmasıdır, bu anda isə borc ödənilməlidir, istilik xətti evin içindən keçir və iddiaçı ora müdaxilə edə bilməz, evdən istilik xəttinin keçməsi ona istilik verilməsi demək deyil, o xətt kəsilsə istilik ümumi qaydada verilə bilməz, bunun səbəbi sistemin köhnə olmasıdır, əgər iddiaçı borcla bağlı cavabdehə müraciət edəndən sonra borc yazılsa idi silinməli idi, lakin indi elə hal yoxdur. Sonda Ə.T.Abdullasoy qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə 08.09.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 28.04.2021-ci il tarixli 7 saylı İSİS-in rəsimi Qalib Hüseynli, AMX üzrə iqtisadçı Şahzadə İsmayılova, İ sahə q/x və i/ş rəisi Sərhəddin Vəliyev və vətəndaş İddiaçı tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, aktda Sülh 14/2 mənzil 29 ünvanda yaşayan Fərhad Allayarovun müraciətinə əsasən mənzilə baxış keçirildiyi, mənzildən düz xətt keçdiyi, mərkəzi istilikdən istifadə olunmadığı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh ASC 7 saylı İstilik sistemləri İstismar sahəsi tərəfindən göndərilmiş 09.07.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, **********29 saylı abonent kodu üzrə istilik enerjisindən istifadəyə görə yaranmış 286,37 manat borcun 3 gün müddətində ödəməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur, iddiaçının yaşadığı evə baxış keçirilmiş, mənzildən düz xətt keçdiyi, mərkəzi istilikdən istifadə olunmadığı qeyd edilmişdir, tərəflər arasında istilik enerjisinə qoşulma barədə müqavilə yoxdur. Bununla bərabər, iddiaçının istilik enerjisindən qanunsuz istifadəsinə, həmçinin həmin abonent kodu üzrə itirilmiş istilik enerjisindən istifadəyə görə borc məbləği həddində hesablanmasına və tələb edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus ünvanda cavabdehin istilik sisteminə qoşulmadığından, ümumiyyətlə isə cavabdehin istilik sisteminə qoşulması barədə onlar arasında hər hansı razılaşma və ya müqavilə mövcud olmadığından, iddiaçı borcun silinməsi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, silinməli olan borcun məbləğinə münasibətdə isə hesab edir ki, qanunvericiliyə əsasən, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirdiyindən, iddiaçı tərəfindən borca görə ödənilmiş 10 manat nəzərə alınaraq, cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış evinə 2017-ci il (7.01x4+2.8+1.4=32.24 manat), 2018-ci il (7.01x4+3.5+3.5=35.04 manat), 2019-cu il (7.01x4+3.5+3.5=35.04 manat), 2020 (7.01x4+5.84+2.8=36.68 manat), 2021-ci il (7.01x3+3.5=24.53 manat) üçün hesablanmış ümumilikdə 132.84 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Prezidentinin 14.09.2005-ci il tarixli, 1001 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.3-cü bəndinə əsasən Bakı şəhərində istilik təchizatı problemlərinin aradan qaldırılması üçün tədbirlərin görülməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ASC tərəfindən istilik enerjisindən istifadəyə görə hesablanmış 132,84 məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanı üzrə (abonent kodu **********29) Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istilik enerjisindən istifadəyə görə hesablanmış 132 (yüz otuz iki) manat 84 (səksən dörd) qəpik məbləğində borc silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar