Məhkəmə qərarları › İş №2(011)-3990/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3990/2023

22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3990/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Abşeron rayonu, ünvan 1 ünvanında yerləşən 600 saylı mənzilə dair əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən 600 saylı mənzilə (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 726, M2, m2) quraşdırılmış qaz sayğacı tərəfindən dəyişdirildikdən sonra sayğacda problem olması səbəbindən iddiaçıya 2.073,60 manat cərimə ödəməli olduğu bildirilmişdir. Belə ki, 2023-cü ilin ferval ayında qaz sayğacının yerinin dəyişdirilməsi zərurəti yaranmış və bu səbəbdən usta vasitəsilə qaz sayğacının yeri dəyişdirilmişdir. Lakin sayğacın əvvəlki quraşdırıldığı yerdən qaz sızdığından ora boru vasitəsilə qapadılmışdır. Lakin həmin vaxtdan bu günə qədər qazdan istifadə olunmamışdır. Həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borclar iddiaçı abaay gecikdirmədən ödəmişdir, lakin Cavabdeh İB-nin müvafiq aktı ilə iddiaçıya qaz sərfiyyatına görə 2.073,60 manat borcun yazılması qeyd olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 13 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Cavabdeh İB-nin 13 aprel 2023cü il tarixli qərarına əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 17280 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 13 aprel 2023-cü il tarixli ******* saylı akt olmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4.147,20 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında iki ay müddətində qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək təyin edilmiş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı qaz sayğacını açıb götürmüş və qazdan qeyri-qanuni şlanq vasitəsilə istifadə etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı yaşadığı ünvanda qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı özünə məxsus ünvanda müəyyən müddət sayğacdan kənar, qeyri-qanuni qazdan istifadə etmişdir. Bu isə ona dəlalət edir ki, o, istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cərimənin məbləğinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən cərimənin hansı hesablama qaydaları ilə aparılmasına dair heç bir hesablama düsturuna rast gəlinməmiş, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Nə qədər ki, iddiaçının kənar xətti hansı müddət ərzində istifadə etməsini dəqiq müəyyən etmək mümkün deyil, Cavabdeh İB-nin əməkdaşlarının da hər ay yoxlanış həyata keçirmək, bu mümkün olmadıqda isə hər 3 aydan bir yoxlanış etmək vəzifəsidir, məhkəmə iddiaçıya məxsus ünvanda kənar xətdən istifadənin vaxtını 3 ay həddində müəyyən edərək və həmin ünvandakı qazdan istifadə cihazlarını nəzərə alaraq cərimənin 518.40 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə iş materiallarında olan tələbnaməyə əsasən dəymiş ziyanın hesablanması üçün qeyd olunmuş 24 saatlıq vaxt müddətini ağlabatan hesab etmir. Bu səbəbdən məhkəmə həmin müddəti 12 saat olaraq nəzərə almaqla (4x12x90=4320, 4.320x0.12=518.40) iddiaçının cavabdehə 518.40 manat borcunun olmasını müəyyən edir və qalan 3.628,80 manat məbləğində borcun silinməli olması qənaətinə gəlir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 518.40 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 3.628,80 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən iddiaçıya aid **********06000 saylı abunə kodundan silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 56.29 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdehnə 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 3.628,80 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən iddiaçıya aid **********06000 saylı abunə kodundan silinsin. Cavabdehndən 56.29 (əlli altı manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar