Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4007/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 90 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu olmaqla 569 manat, 06.10.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 392 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu olmaqla 509 manat, 14.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 378 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla 490 manat, 27.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1125 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu olmaqla 1417 manat, ümumilikdə 2534 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 30.09.2019-cu il, 06.10.2019-cu il, 14.10.2019-cu il və27.10.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd MYKRONOZ ZETRACK markalı saat, İMEİ Kodu **********62073 olan Xiaomi Mi A3 markalı telefon, İMEİ Kodu **********26211 olan X4 8 markalı telefon, Sony Playstation-4 almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə cəmi 2534 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 660 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış:
1. 30.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 162 manat olan (9 ay x 18 manat + 0 manat ilkin ödəniş) 2 ədəd MYKRONOZ ZETRACK markalı saatı;
2. 06.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 588 manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********62073 olan Xiaomi Mi A3 markalı telefonu;
3. 14.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 519 manat (12 ay x 42 manat + 15 manat ilkin ödəniş), İMEİ Kodu **********26211 olan X4 8 markalı telefonu;
4. 27.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1376 manat olan (18 ay x 75 manat + 26 manat ilkin ödəniş) Sony Playstation-4-ü cavabdehə satmışdır. 26.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu 30.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 90 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu olmaqla 569 manat, 06.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 392 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu olmaqla 509 manat, 14.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 378 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla 490 manat, 27.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1125 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu olmaqla 1417 manat, ümumilikdə 2534 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC 30.09.2019-cu il, 06.10.2019-cu il, 14.10.2019-cu il və 27.10.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, 30.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 12 manat, 06.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 37 manat, 14.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 37 manat və 27.10.2019cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 125 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 86 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 25,80 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 30.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 90 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu olmaqla 102 manat, 06.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 392 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu olmaqla 429 manat, 14.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 378 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu olmaqla 415 manat, 27.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1125 manat ödənilməmiş hissə, 125 manat dəbbə pulu olmaqla 1250 manat, ümumilikdə 2196 (iki min bir yüz doxsan altı) manat borc və ödənilmiş dövlət rüsumunun 25,80 (iyirmi beş manat 80 qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev