Məhkəmə qərarları › İş №2(011)-4012/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4012/2025

11.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4012/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. ünvan 1 (abonent kodu: 120200128X30011) yaşayış evində yerləşən sayğac İddiaçı adına rəsmiləşdirilmişdir.

2. Cavabdeh-nın nümayəndələri tərəfindən həmin yaşayış evinə yaxlama apararkən AKT tərtib edərək sayğaca yoxlanış keçirilmişdir. Sayğacın proqram təminatı pozulmuşdur və ona görə İddiaçı 1ızına haqsız yerə 1547,20 manat cərimə borcu yazılmışdır.

İddiaçının tələbi:

3. Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 28x3, mənzil 0011( abonent kodu: 120200128X30011) yerləşən fərdi yaşayış evinə cərimə kimi yazılmış olan 1547,20 manat borcun "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edəsiniz.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, cavabdeh tərəfindən onlara 1500 manat məbləğində borc hesablanmışdır. Daha sonra həmin borcdan 1000 manat silinmişdir. Bu barədə telefona sms gəlmişdir. Onlar sayğaca heç bir müdaxilə etməmişdirlər.

6. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 359956 №-li akta əsasən, abonentə məxsus elektirik sayğacın proqram təminatı pozulmuşdur, çarx oxunmur.

8. 120200128X30011 saylı İsmayılova Şüküfəyə məxsus abonent haqqında çıxarışdan görünür ki, abonentə xx.xx.2025-ci il tarixində abonentə EİQ pozulmasına görə 1540,63 manat məbləğində borc hesablanmışdır.

9. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-15-2-1/2-E-1276-5-647/2025 saylı məlumata əsasən, xx.xx.2025-ci il tarixdə dəyəri 1148,51 manat olmaqla 10441 kVts elektrik enerjisi sərfiyyatı abonent hesabından silinmişdir.

10. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı birliyi 66 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı həqiqətən R.Bağırov küçəsi 28\3 saylı mənzildə qeydiyyatsız yaşayır.

11. Qəbzlər və digər sənədlər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

14. “Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci i tarixli 18№-li qərarı 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacının proqram təminatının pozulduğu müəyyən olunmuş və hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 359956 №-li akta əsasən, abonentə məxsus elektirik sayğacın proqram təminatı pozulmuşdur. (§7) Lakin iş materiallarında elektrik qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən elektrik enerjisi hesabı tam ödənildikdən sonra elektrik paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyəri) silinməlidir.

20. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında çıxarışa əsasən, xx.xx.2025-ci il tarixində abonentə EİQ pozulmasına görə 1540,63 manat məbləğində borc hesablanmışdır. (§8) Lakin, Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-15-2-1/2-E-1276-5-647/2025 saylı məlumata əsasən, xx.xx.2025-ci il tarixdə dəyəri 1148,51 manat olmaqla 10441 kVts elektrik enerjisi sərfiyyatı abonent hesabından silinmişdir. (§9) Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus abunə haqqında çıxarışa hesablanmış 392,12 manat (1540,63 manat-1148,51 manat=392,12 manat) məbləğində borc silinməlidir.

21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abunə koduna hesablanmış borc məbləğinin silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir.

22. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus abunə haqqında çıxarışa hesablanmış 392,12 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

24. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı üzrə 120200128X30011 saylı abunə koduna hesablanmış 392,12 (üç yüz doxsan iki manat on iki qəpik) manat məbləğində borc silinsin.

3. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar