Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4022/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun və sayğac dəyərinin silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 5.229,60 manat borc məbləğinin və sayğacın dəyərinə görə tələb olunan 235.88 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında yerləşən 35 A saylı fərdi yaşayış evində yaşayır. Həmin evə dair Cavabdeh İB ilə iddiaçının arasında qazın alğı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə nəticəsində mənzilə smart tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçı evində quraşdırılan qaz sayğacının kartı vasitəsilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunu görmüş, müraciət etdikdə ona sayğacın işlək vəziyyətdə olmadığı, nəticədə abonent hesabına 5.229,60 manat borc yazıldığı bildirilmişdir. İddiaçı tərəfindən evində quraşdırılan qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi öz izahatında bildirdi ki, fotoşəkillər və cərimələr üzrə şəkillərin tarixi ilə aktlar üst-üstə düşmür. Şəkillərin hər biri fərqli ünvana aiddir. Qaz sayğacı çıxarılsa, həmin an yenisi ilə əvəz olunmalıdır. Əgər quraşdırılmayıbsa, bu, Cavabdeh İB-nin səhvidir. Sayğaca müdaxilə etməyə vətəndaşın ixtiyarı yoxdur. Hesablama aparılarkən düzgün edilməmişdir. 1 ay üzrə bu qədər borcun yazılması düzgün deyildir. Kənar xətt aşkar edildikdə akt tərtib olunmalı idi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 35 A saylı fərdi yaşayış evində quraşdırılan ünvan iddiaçının atası Qədir Qədirovun adına olmuş, o, 16 dekabr 1999-cu ildə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı məxsus evə baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, o, ailəsi ilə birgə sözügedən ünvanda yaşayır. İddiaçıya məxsus qaz sayğacı cavabdeh tərəfindən çıxarılmış, yeni sayğac iki gündən sonra qoyulmuşdur. İddiaçı sayğacın olmadığı qısa bir müddət ərzində müvəqqəti olaraq qeyriqanuni xəttdən istifadə etmişdir. Belə ki, qanunsuz qoşulma da təxminən bir neçə gün ərzində baş vermişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən, həmin mənzildəki sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur, abonentin saldosuna əsasən həmin ünvana itirilmiş təbii qazın dəyəri olaraq 2021-ci ilə 5.229,60 manat borc yazılmışdır. İddiaçı həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı onlara aid ünvanda qısa müddət ərzində qazdan qeyri-qanuni istifadə edildiyini bildirmişdir. İddiaçı bilmədiyindən bu hal baş vermiş və sərf etdiyi qazın dəyərini ödəməyə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5.229,60 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, ötən ayların hesabatlarına nəzər yetirərək vətəndaşın bir ay müddət ərzində qaz xəttinə qanunsuz qoşulması nəticəsində 140 manat məbləğində cərimələnməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddiaçıya hesablanan 5.229,60 manat cərimə borcundan 140 manat saxlanılmaqla qalan 5089,60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin “sayğacın dəyərinə görə tələb olunan 235.88 manat pulun silinməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının silinməsi tələb etdiyi 235,88 manat sayğacın dəyərinə görə tələb olunan borc hər hansı bir sənədlə təsdiq olunmur. İddiaçı həmin borcun hansı qaydada və ya hansı sənədə əsasən ondan tələb olunması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təsdiq olunmadığından, rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 5.229,60 manat məbləğində cərimə borcundan 140 manat saxlanılmaqla qalan 5089,40 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 70.89 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 5.229,60 (beş min iki yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində cərimə borcundan 140 (bir yüz qırx) manat saxlanılmaqla qalan 5089,40 (beş min səksən doqquz manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 70.89 (yetmiş manat səksən doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4022/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4022/2022
28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver