Məhkəmə qərarları › İş №2(011)-4041/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4041/2023

26.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4041/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sərdarov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu X2 adına qeydiyyata alınmışdır. X4 xx.xx.1989-cu il tarixdə ölmüşdür.

2. İddiaçının yaşadığı yaşayış evinə cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacdan təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 16200 m3 olması qeyd edilmişdir.

3. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2021-cü il üzrə 1728 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1728 manat məbləğində əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, öz ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yerləşən evdə yaşayır. Həmin ünvanda quraşdırılmış qaz sayğacı onun mərhum atasının adma rəsmiləşdirilmişdir. Atası X4 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan hal-hazırda yaşadığı ünvana gəlmiş, guya onun təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də ona itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 1728 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Cavabdehin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə göstərilən qaz sərfiyyatının, bu sərfiyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. Komissiya tərəfindən verilmiş rəydə PQ-4 tipli qaz cihazının saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat hesablanmaqla hesabat müddəti yuxarıda qeyd etdiyi kimi götürülmüşdür. İstənilən yaşayış sahəsində hər hansı bir qaz cihazının, o cümlədən PQ-4 tipli qaz cihazının 90 gün müddətində 24 saat fasiləsiz işləməsi qeyri-mümkündür. 90 günlük müddət üçün isə ona yalnız PQ-4 tipli qaz cihazına görə 2592 kub metr sərfiyyatın, bu sərfıyyata görə ona 260 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 3 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfiyyatının 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Cavabdehin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

11. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

12. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

14. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

15. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli akt istehlakçı Ağarza adına tərtib edilmiş və onun aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Lakin işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1989-cu il tarixdə ölmüşdür. Bu halda onun aktın tərtib edilməsində iştirakı və aktı imzalamaqdaqdan imtina etməsi mümkünsüzdür.

16. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

17. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.

19. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/3-16-16/2- 3/1592 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş qaz sayğacının və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir.

21. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 1728 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.

23. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır.

24. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 37,28 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sərdarov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair İddiaçı hesablanmış 1728 manat məbləğində borc silinsin. 37,28 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar