Məhkəmə qərarları › İş №2(011)-4059/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4059/2022

25.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4059/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı “yarımçıq tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov 28/03 küçəsində Cavabdeh tərəfindən aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Socar-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X6 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, 23 mart 2022ci il tarixdə NEZ-ə məxsus Dş 500 mm-lik yerüstü mazut xəttinin Xətai rayonu, Rəşid Bağırov 28/03 küçəsindən keçən hissəsində, kəmərdən təqribən 20 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən köhnədən tikilmiş yaşayış olan evin həyətyanı sahəsində 14 mişar daşı hündürlüyündə 7 metr enində və 10 metr uzunluğunda yeni natamam ev tikintisi aşkar edilmişdir. Bu fakt aşkar olunduqdan sonra əməkdaşlar tərəfindən akt tərtib edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olması barədə vətəndaş Cavabdeh rəsmi qaydada xəbərdarlıq edilmişdir. Cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz olaraq tikintini davam etdirmiş və tam başa çatdırmışdır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, NEZ-ə məxsus Dş 500 mm-lik yerüstü mazut xəttinin Xətai rayonu, Rəşid Bağırov 28/03 küçəsindən keçən hissəsində, kəmərdən 28,3 metr aralı məsafədə cavabdeh tərəfindən köhnədən tikilmiş yaşayış olan evin həyətyanı sahəsində tikilmiş 14 mişar daşı hündürlüyündə 7 metr enində və 10 metr uzunluğunda yarımçıq tikilinin sökülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X6 məxsus Dş-500 mm-lik yerüstü mazut xəttinin Xətai rayonu, Rəşid Bağırov 28/03 küçəsindən keçən hissəsində kəmərdən 28,3 metr aralı məsafədə cavabdeh tərəfindən köhnədən tikilmiş yaşayış olan evin həyətyanı sahəsində tikilmiş 14 mişar daşı hündürlüyündə 7 metr enində və 10 metr uzunluğunda natamam tikili inşa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli 10/4444 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov 28/03 küçəsində Cavabdeh tərəfindən həyətyanı sahədə inşa edilmiş tikili ilə Heydər Əliyev adına X6 məxsus (Dş-500 mm.yerüstü mazut xətti) boru kəməri arasında olan məsafə ölçüldükdə 28.3 m, həyətdə yerləşən fərdi yaşayış evi ilə həmin neft kəməri arasında olan məsafə isə 25 m təşkil edir. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov 28/03 küçəsində yerləşən Cavabdeh tərəfindən həyətyanı sahədə inşa edilmiş tikili ilə Heydər Əliyev adına X6 məxsus (Dş-500 mm.yerüstü mazut xətti) boru kəməri arasında olan məsafə ölçüldükdə 28.3 m, həyətyanı sahədə yerləşən fərdi yaşayış evi ilə həmin neft kəməri arasında olan məsafənin isə 25 m olduğunu nəzərə aldıqda, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın 6.3 bəndinə əsasən qeyd olunan həyətyanı sahədə inşa edilmiş tikili ilə fərdi yaşayış evi bütövlükdə həmin neft kəmərinin mühafizə zonasında yerləşir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinin “a” bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılığı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparmaq qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən “Dövlət Neft Şirkətinin yerli orqanları” tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunun pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən 25 noyabr 2022-ci il tarixdə sözügedən ünvana yerli baxış keçirilmiş, nəticədə Cavabdeh tərəfindən köhnədən tikilmiş yaşayış olan evin həyətyanı sahəsində tikilmiş 14 mişar daşı hündürlüyündə 7 metr enində və 10 metr uzunluğunda olan yarımçıq tikilinin su anbarı kimi istifadə edilməsi məqsədilə tikildiyi müəyyən edilmişdir. “İnsan Hüquqları və X2” haqqında Konvensiyanın 8-ci maddəsinə və Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olubolmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu biləbilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli tikilinin Cavabdeh tərəfindən köhnədən tikilmiş yaşayış olan evin həyətyanı sahəsində yerləşməsi, sözügedən boru kəməri ilə mübahisəli tikinti arasında cavabdehin və digər şəxslərin istifadəsində olan yaşayış evlərinin yerləşməsi halı da nəzərə alınmalıdır. Belə ki, cavabdeh izahatında uzun illərdir orda yaşadığını, ondan başqa digər şəxslərin də ev tikərək orda yaşamasını, evlərin qanunsuz tikili olmasına baxmayaraq həmin evlərin tikintisi zamanı iddiaçı tərəfin onlara hər-hansı pretenziyasının olmamasını və hər kəsin bir vətəndaş olaraq istifadələrində olan evlərə dair bütün kommunal ödənişlərini vaxtlı-vaxtında həyata keçirdiklərini qeyd etmişdir. Mübahisəli tikintinin isə yaşayış təyinatlı olmamasını, sadəcə olaraq yaşadıqları ərazidə müəyyən müddətlərdə su qıtlığından əziyyət çəkdikləri üçün ehtiyat su hövzəsi inşa etdirdiyini bildirmişdir. Məhkəmə yuxarıda istinad edilənlərə əsasən hesab edir ki, məhkəmə hazırkı mübahisə üzrə qeyd olunan tikintinin icazəsiz tikinti olmasına diqqət yetirməməli, Konvensiyanın 8-ci maddəsində qeyd olunan digər halları da nəzərə almalıdır. Belə ki, iddiaçının şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evin həyətyanı sahəsində tikilmiş yarımçıq tikilinin sökülməsi qərarı çıxarılıb icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən halı tam əsaslandıra bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin istifadəsində olan sahədə həm yaşayış evi, həm də mübahisələndirilən yarımçıq tikili inşa edilmişdir. İddiaçı tərəf hansı səbəblərdən məhz yarımçıq tikilinin sökülməsini tələb etdiyini və hansı səbəblərdən yaşayış evinin sökülməsini tələb etmədiyini əsaslandıra bilməmiş, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyətinin nədən ibarət olması müəyyən edilməmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı - NEZ-ə məxsus Dş 500 mm-lik yerüstü mazut xəttinin Xətai rayonu, Rəşid Bağırov 28/03 küçəsindən keçən hissəsində, kəmərdən 28,3 metr aralı məsafədə cavabdeh tərəfindən köhnədən tikilmiş yaşayış olan evin həyətyanı sahəsində tikilmiş 14 mişar daşı hündürlüyündə 7 metr enində və 10 metr uzunluğunda yarımçıq tikilinin sökülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar