Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-407/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız tərtib edimiş aktlar əsasında hesablanmış 15.295,18 manat məbləğin abonentin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmçinin ünvan 2 ünvanında fərdi yaşayış evi mövcuddur ki, həftədə biriki dəfə həmin evdə yaşayır. xx.xx.2013-cü il tarixdə Cavabdeh İB tərəfindən ünvan 2 ünvanına abonentin iştirakı ilə küçədə G-4 itron-smart tipli, 1402 AZ**********80 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvanal**********0001nömrəli kod verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2016-cı il tarixdə abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış sayğaca baxış keçirərkən GUYA sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, 2890 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Daşdəmir Qocayev, İlham Əliyev və Adil Həsənov tərəfindən ******* nömrəli akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İB sayğacdan kənar təbii qazdan qeyri - qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Cavabdeh "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylaycısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 30 dekabr 2016-cı il tarixli, "X1”na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 289.00 manat borc hesablanmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil etibarlı sübut kimi qəbul edilə bilməz, çünki sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyil, kənat xətt qonşuya aiddir. xx.xx.2016-cı il tarixdə, yəni 9 gündən sonra Cavabdeh İB-nin əməkdaşları abonentin iştirakı olmadan, yenidən ünvan 2 ünvanında, küçədəki qaz xəttinə baxış keçirmiş və özləri tərəfindən ləğv edilmiş kənar xətti aşkar etmiş, eyni mövqedən fotovideo çəkilmişdir. Sayğacdan kənar qaz xətti ləğv edimiş, 172 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Daşdəmir Qocayev və Adil Həsənov tərəfindən ******* nömrəli akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə yenə də qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə qədər qeyri-qanuni 27 akt tərtib edilmiş və bu AKTlar əsasında abonentin hesab koduna 5638.60 manat borc yazılmışdır. İsti yay aylarında, təbii qaza tələbatın olmadığı halda cavabdeh abonentin hesab koduna şişirdilmiş zərər hesablamışdır. xx.xx.2020-ci il tarixdə, abonentin iştirakı olmadan CavabdehİB-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 6, ev 71 ünvanında quraşdırlmış smart-kart tipli sayğac NATEK ENERJİ G-4 MEXANİKİ tipli, 40012717 nömrəli sayğacla əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş, abonent ilə "Azəriqaz" İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2021-ci il tarixdə, yəni 1 ildən sonra abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında, küçədəki qaz xəttinə baxış keçirilmiş və özləri tərəfindən 27 dəfə ləğv edilmiş kənar xətti yenidən aşkar etmiş, yenə də eyni mövqedən foto-video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edilmiş, 11880 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Əliyev İlham, Məmmədov Ceyhun və Muradov Murad tərəfindən ******* nömrəli akt tərtib edilmiş və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə qədər qeyri-qanuni 9 akt tərtib edilmiş və bu aktlar əsasında abonentin hesab koduna 9656.58 manat borc yazılmışdır. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə'} abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə” inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış, abonent və qonşular həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, Cavabdeh İB aktların abonentə təqdim olunmasını sübut edə bilmir. Cavabdeh İB xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2023cü il tarixə qədər, müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair - "Dəymiş ziyan həcminin hesablanması" barədə ümumilikdə 36 akt tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cü il tarixə qədər abonentin hesab koduna 15295,18 manat borc yazmışdır. Cavabdeh İB-nin çəkdiyi foto şəkillər təkrarlanmış şəkillərdir ki, cavabdeh bu vasitə ilə abonentdən dəymiş zərərin əvəzinin ödənilməsini istəyir. Cavabdeh İB-nin tərtib etdiyi aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına və qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 36 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Hazırkı halda iddiaçı cavabdehdən məhz iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda, cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə yaradır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi əsas gətirilərək ona 2013-2024-cü illər aralığında müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 15.295,18 manat cərimə yazılmışdır. İş materiallarında olan abonentin saldosunda ayın sonuna borc qrafasından görünür ki, İddiaçı 2024-cü ilin iyul ayının sonuna 15.295,18 manat borcu mövcuddur. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 09 dekabr 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına 2013-2024-cü illər aralığında müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 15.295,18 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1**********0001 saylı abunə koduna 2013-2024-cü illər aralığında müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla hesablanmış, ümumilikdə 15.295,18 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 135.88 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 1**********0001 saylı abunə koduna 2013-2024-cü illər aralığında müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla hesablanmış, ümumilikdə 15.295,18 (on beş min iki yüz doxsan beş manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 135.88 (bir yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-407/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-407/2025
31.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver