Məhkəmə qərarları › İş №2(011)-4076/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4076/2023

10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4076/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi və dəymiş zərər kimi müəyyən olunan 518,40 manat borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsində ev tikdirmişdir, evin tikintisi tamamlanıb, damı bağlanıb, lakin qapı-pəncərəsi salınmayıb, təmir işləri tam görülməyib, evdə yaşayış olmayıb, evə qaz sayğacı quraşdırılıb və abonent kodu verilib, bir müddət əvvəl öyrənmişdir ki, qaz sayğacına abonent kodu üzrə 518,40 manat borc yazılmışdır, bu barədə cavabdehə mrüaciət etmiş, onlar bildirmişlər ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən ünvanında olan sayğac yenisi ilə əvəz edilmişdir, sayğacın dəyişdirilmə səbəbi kimi alt plombunun deşilməsi qeyd edilib, sayğac yoxlamadan keçmiş, onda qüsur aşkarlanmışdır, göründüyü kimi ona heç bir məlumat verilmədən qaz sayğacı yenisi ilə əvəz edilmiş, qüsuar görə onun təqsiri sübut olunmadan ona borc yazılmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvandakı Zenner tipli G-4 markalı qaz sayğacı yeni Zenner tipli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “sayğacın plastmas plombunun əzilməsi, sayğacdan qaz keçir, qazın həcmini qeyd etmir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 4320 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonent saldosundan görünür ki, iddiaçının **********05059 saylı abonent koduna 01/2022 tarixi üçün “Qalıq və aktlar” qrafasında 518,40 manat borc yazılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş, əvəz edilmiş sayğaca cavabdeh tərəfindən baxış keçirilmişdir, baxış zamanı “sayğacın plastmas plombunun əzilməsi, sayğacdan qaz keçir, qazın həcmini qeyd etmir” barədə nöqsan qeyd olunmuş və bu əsasla cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilməklə itirilmiş qazın bərpası üzrə 518,40 manat borc iddiaçının **********05059 saylı abonent hesabına yazılmışdır, hazırda həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir formada müdaxilə olunmasına, habelə onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına itirilmiş qazın bərpası məqsədilə hesablanmış 518,40 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia tələbi 1000 manatdan az olduğundan və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pul Cavabdeh İB-dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********05059 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar