Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-408/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 26, 114 saylı mənzilə AR X3 Komitəsinin yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 17 avqust 2017-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır.
2. İddiaçının qızı Cavabdeh onu aldadaraq 17 avqust 2019-cu ildə Bakı şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə aparmış və azərbaycan dilini bilmədiyinə və rus dilində izah etmədiklərinə görə mahiyyətini başa düşmədiyi sənədlərə imza etmişdir. Sonradan ona məlim olmuşdur ki, o, “ASAN Xidmət” mərkəzində notariat ofisində ona məxsus mənzilin cavabdehə bağışlanması barədə müqaviləyə imza etmişdirlər.
3. Hal-hazırda cavabdeh mənzili satıb iddiaçını küçələrə atmaq istəyir. Buna görə də 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 26, 114 saylı mənzilə dair cavabdehlə aralarında bağlanmış 17 avqust 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddiaçının tələbi:
3. Cavabdeh ilə 2 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 26, 114 saylı mənzilə dair aralarında bağlanmış 17 avqust 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
4. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən müvafiq mübahisə ilə əlaqədar verilmiş iddia ərizəsi üzrə iddia müddətinin keçməsi ilə əlaqədar olduğundan iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildə ömrünün axırına kimi yaşamasına etiraz etmir, onun yaşadığı dövrdə qeyd olunan mənzili başqa şəxslərə özgəninkiləşdirməyəcəkdir. İddiaçı ona məxsus mənzildə yaşadığı dövrdə başqa şəxslərin onunla birlikdə yaşamasına etiraz edir. İşdə iştirak edən şəxslərin izahatları:
6. xx.xx.2023-cü il tarixində İddiaçı öz izahatında qızının onu aldatdığını, o ASAN xidmətə nə üçün getdiyini bilmədiyini, o günü dəqiq xatırlamadığını bildirmiş, qızının mütəmadi olaraq onu gəlib narahat etdiyini, təhqir etdiyini bildirmiş, bununla bağlı polisə müraciət etdiyini qeyd etmişdir. Qızının onunla nə üçün dalaşdığını bilmir. Onu evdən qovmaqla hədələyir, imkan vermir, evində rahat yaşasın. O yaşlı adamdır, tək yaşaya bilməz.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş ərizə ilə razı deyil, iddianı müdafiə edir. İddiaçı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində müqavilə imzalayarkən dili bilməmiş, niyyəti fərqli olmuşdur. “Notariat haqqında” AR Qanununa əsasən, notarius iddiaçıya öz ana dilində müqavilənin məzmununu izah etməli idi. Tərəflər arasında mübahisə 2023-cü ilin mart ayında yaranmışdır.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, anası ilə mübahisə yad bir kişinin anası ilə yaşamağa başlamasından sonra başlamışdır. Sözügedən şəxs anası ilə 2021-ci ildən yaşayır, əvvəl o adam demişdir ki, müəvəqqəti yaşayıb çıxıb gedəcək. Lakin o, anası ilə yaşamağa davam etmiş, anası ilə arasında mübahisə də həmin şəxsə görə iki ildir ki davam edir. Anası evi özü ona bağışlamışdır, onun belə bir tələbi olmamışdır. Evi bağışlama səbəbi anasının səhhətində olan problemlər olmuşdur. Anasına da ev babasından qalmışdır. O, anasının yeganə övladı və vərəsəsidir, sadəcə gələcəkdə sənədləşmə ilə bağlı problem olmasın deyə anası özü evi ona bağışlamışdır.
9. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, iddiaçının evdə qalmasına etiraz etmirlər, bununla bağlı ərizə ilə müraciət etmişdirlər, digər tərəfə barışıq üçün yazılı təklif də vermişdirlər, lakin iddiaçı təklifi qəbul etməmişdir. Tələbi qəbul etmirlər, iddiaçı bir neçə dəfə “Asan Xidmət” Mərkəzinə getmişdir və orada ona müqavilənin məzmunu ilə bağlı məlumat vermişdirlər. Müqavilə iddiaçının öz təşəbbüsü ilə, iradə ifadəsi ilə baş tutmuş, əvvəldən niyyəti bəlli olmuşdur. Həmçinin o, bildirmişdir ki, “Asan Xidmət” Mərkəzində notariat ciddi qaydada aparılır, belə hala yol verilməsi mümkünsüzdür. Eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti keçmişdir, bununla bağlı da məhkəməyə onlar tərəfindən ərizə ünvanlanmışdır. İddiaçı evi öz iradəsi əsasında bağışlamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, hədiyyə verən (İddiaçı) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,42 kv/m olan mənzilin tam mülkiyyət üzrə tam hissədə (33,42 kv/m) qızı olan hədiyyə alana (Cavabdeh) bağışlamışdır.
11. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
12. AZ-İ 850332 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X1 xx.xx.2017-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 48 № ilə qeyd edilmişdir.
13. АЗБ-160214 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh anası İddiaçı, atası X2r.
14. Daxili İşlər Nazirliyi Suraxanı RPİ 33-cü polis bölməsi tərəfindən verilmiş 3-13- 54-4/2-6548/2023 №-li, xx.xx.2023-cü il tarixli məlumata əsasən, ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh tərəfindən mütamadi olaraq onu narahat etməsi, hədə-qorxu gələrək qeyd olunan ünvandan çıxmasını tələb etməsi barədə şifahi olaraq müraciət etmişdir.
15. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 26, 114 saylı mənzil Cavabdeh mülkiyyətindədir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
18. 09.12.19 B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
19. T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
21. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarı.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
25. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. (§19)
26. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . (§19)
27. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
28. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1. vacib əhəmiyyətli yanılma, 2. aldatma, 3. təhdid edilmə (hədələnmə).
29. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, qızı Cavabdeh tərəfindən aldadılmış, iradəsinin ziddinə evini qızına bağışlamışdır.
30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). (§18)
32. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. (§18) İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahında aldadılmasının nədə ehtiva edildiyini izah etməmiş, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
33. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
34. Eyni zamanda iddiaçı dili bilmədiyini, notariusda ona izah edilmədyini qeyd etsə də, bağışlama müqaviləsinin sonunda iddiaçı özü imzası, mobil nömrəsi ilə yanaşı, rus dilində “согласна” (razıyam) sözünü də qeyd etmişdir. (§10)
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağışlama müqaviləsi xx.xx.2019-cu il tarixində bağlanmış (§10), tərəflər arasında münasibət normal olmuş, lakin son iki ildə iddiaçının yanında cavabdeh tərəfindən arzu olunmayan şəxs qalmağa başlamış, ana qız arasında mübahisə də məhz həmin şəxsin iddiaçı ilə yaşamasından qaynaqlanmışdır (§6, §8). Cavabdeh tərəf İddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildə ömrünün axırına kimi yaşamasına etiraz etmədiyini bildirmiş və onun yaşadığı dövrdə qeyd olunan mənzili başqa şəxslərə özgəninkiləşdirməyəcəyinə dair təklif versə də iddiaçı tərəf bu təkliflə razılaşmamışdır. (§5) Məhkəmə araşdırması zamanı MMnin 673-cü maddəsində qeyd edilən hallar da müəyyən edilməmişdir.
36. Cavabdeh tərəf iddia tələbinin əsassız olduğunu qeyd etmiş, eyni zamanda iddia müddətinn tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki işə iddia müddəti deyil kəsici müddət tətbiq edilməlidir.
37. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. (§22)
38. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
39. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.(§21)
40. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər son iki ildə pisləşmiş, cavabdeh evin ona məxsus olduğunu, yad adamın onun evində yaşamasını istəmədiyini bildirməsi ilə iddiaçı bu məsələdən məlumatlı olduğundan, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Azərbaycan Respublikası MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
41. Məhkəmə qedy edilənlərə, işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri:
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova