Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4081/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı Cavabdeh - iddiaçıya dəymiş zərərin əvəzi qismində 230 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat pulun tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə kiçik mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İMEİ: **********71825 kodlu “Samsung Galaxy J7 2016 DS (SM J 710)” markalı mobil cihazı təmir üçün “xxxxxxxxxxx” MMC-nin (bundan sonra “Şirkət”) əməkdaşlıq etdiyi “Servis Link” texniki xidmət mərkəzinə 163825 №-li qəbzə əsasən təqdim etmişdir. Servisə təmir üçün təqdim olunmuş həmin telefonun əvəzində isə təmir müddəti ərzində istifadə olunması məqsədilə xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada “xxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan İMEİ: **********09312 kodlu “HOFFMANN X Play” markalı mobil cihaz cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Sözügedən razılaşmaya əsasən müvəqqəti istifadəyə verilmiş mobil telefonun dəyəri 230 manat təşkil edir. Qeyd etmək istəyirik ki, çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh texniki servisə təmir üçün təqdim etdiyi cihazı bugünə kimi təhvil almamış, həmçinin də təmirdə olan telefonun əvəzində müvəqqəti istifadə üçün ona verilmiş “xxxxxxxxxxx” MMCnin xüsusi mülkiyyətində olan İMEİ: **********09312 kodlu ‘HOFFMANN X Play” markalı mobil cihazı geri qaytarmamışdır. Həmçinin, Cavabdeh cihazın geri qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və sözügedən məktub xx.xx.2019-cu il tarixdə poçt şöbəsinin əməkdaşı cavabdehə şəxsən təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim edilməsi barədə Razılaşma”-ya əsasən “xxxxxxxxxxx” MMC Cavabdeh, servisə təmir üçün təhvil verilmiş “Samsung J7” mobil telefonunun təmir müddəti ərzində müvəqqəti istifadə üçün MMC-nin mülkiyyətində olan 230 manat dəyərində olan “Hoffmann X Play” mobil telefonu təqdim edir. Təmir başa çatdıqdan sonra telefon “xxxxxxxxxxx” MMC-yə dərhal geri qaytarılmalıdır. Müştəri telefonu hər hansı səbəbdən geri qaytara bilmədikdə və ya telefon işlək vəziyyətdə olmadıqda və ya korlandıqda bu razılaşmanın 1-ci bəndində göstərilən məbləği tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı cavabdehə telefonu geri qaytarmasına dair xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış razılaşma əsasında iddiaçıdan müvəqqəti istifadə üçün mobil telefon götürərək, onu geri qaytarmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən razılaşma əsasında mal müvəqqəti istifadəyə qəbul etmiş, lakin həmin malı geri qaytarmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən razılaşmanın şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 230 (iki yüz otuz) manat, ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat, cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4081/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4081/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver