Məhkəmə qərarları › İş №2(011)-4081/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4081/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4081/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə İddiaçı və onun nümayəndəsi və vəkili X6, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində “Razılaşma” əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən "xxxx" Mənzil- Tikinti Kooperativinin tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132 (bir yüz otuz iki) min manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə və Zərgərpalan küçəsinin kəsişməsində yerləşən "Abidə” Mənzil - tikinti Kooperativinin təssisçisidir və sədri olmuşdur. 16 fevral 2016-cı ildə kooperativin tikintisi və təmir işlərinin yarımçıq vəziyyətdə olan binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin yerinə yetirilməsi məqsədi ilə fiziki şəxs olan inşaatçı briqadasının rəhbəri Cavabdeh ilə aralarında “Razılaşma” tərtib edilmişdir. Cavabdeh rəhbərlik etdiyi inşaat briqadası yalnız işçi qüvvəsi funksiyalarını yerinə yetirirdi, inşaat işlərinin aparılması üçün zəruri olan hər növ tikinti materiallarının alınması və çatdırılmasını isə MTK təmin edirdi. Təxminən 5-6 ay ərzində inşaat briqadası nəzərdə tutulan işləri əsasən yerinə yetirdi və həmin müddətdə Cavabdeh iddiaçıdan 61.750 (altmış bir min yeddi yüz əlli) min manat pulu əmək haqqı adı ilə nağd olaraq imzalı qeydiyyatla hissə-hissə qəbul etmiş, briqadanın əlavə xərclərinə sərf olunan 6 (altı min) manat pul isə maddi çətinliklərə görə ödənilməmiş qaldı. Briqadanın icra etdiyi inşaat tikinti işlərində istifadə və sərf olunan müxtəlif sahibkarlardan və satıcılardan götürdüyü armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət materialların bir hissəsinin pulunu nağd hesablaşmalarla, müəyyən hissəsinin pulunu isə şəxsi nüfuzundan istifadə edərək sonra ödəmə şərti ilə alıb onları vaxtında inşaat briqadasına çatdırmışdır. İşlər başa çatdırıldıqdan sonra təmir-tikinti işlərinə istifadə edilmiş tikinti materiallarının alınmasına sərf olunan cəmi 132 (bir yüz otuz iki) min manat pul "xxxx" Mənzil-tikinti Kooperativindən ödənilməli idi. Lakin, həmin vaxt kooperativdə sədrlik səlahiyyəti iddiaçıdan alınıb protokolla başqa şəxsə həvalə edildiyindən tikintiyə çəkilən həmin məbləği kooperativ hesablarında pul olmadığını bəhanə gətirərək ödəməkdən boyun qaçırdı. Cavabdeh və briqadanın üzvlərindən heç kim kooperativin üzvü olmadığından onunla razılaşmışlar ki, pulun bankdan götürülməsi məhkəmə yolu ilə həll edilsin. Ona tam etibar etdiyindən iddia tələbini də Cavabdeh adına hazırlamışlar. Cavabdeh tərəddüd etmədən əmin etdi ki, icra etdikləri inşaat işlərinə görə əmək haqları əsasən ödənilib, kooperativdən alacağı əlavə 6.000 min manatdan başqa heç bir təmənnası ola bilməz. Ona görə də hər ikisinin razılığı ilə 132 min manat pulun kooperativdən alınması məqsədi ilə Cavabdeh tərəfindən Bakı şəhəri 1 saylı inzibati məhkəməsinə iddia verildi və məhkəmənin 2-2(103)-369/2017 №-li, 13 iyun 2017-ci il tarixli qərarı onun adına çıxarıldı. Məhkəməyə həmçinin, tikintinin aparılması üçün iddiaçı tərəfindən alınan armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların məbləği barədə sənədlər, Cavabdehla birgə tərtib etdikləri Aktlar da təqdim edilmişdir. Cavabdeh vədinə inanaraq əmin olmuşdur ki, o, razılaşmaya əməl edib tikinti materiallarına görə xərclədiyi və bir hissəsini də borclu qaldığı 132 (bir yüz otuz iki) min manat pulu ona ödəyəcək. 3 il ərzində onunla tez-tez görüşürmüş və bildirirmişdir ki, hələ bankdan pulu ala bilmir. Bu arada borclu qaldığı mal sahibləri də haqlı olaraq onu narahat etməyə başladılar. Onlara vəziyyəti bildirmiş və borclarını ödəmək üçün tanışlarından borc pullar almağa məcbur olsa da, indiyə qədər tam ödəyə bilməmişdir. 2019-cu ilin sonlarında öyrənmişdir ki, Cavabdeh həmin ilin fevral-dekabr ayları ərzində pulu kooperativin rəhbərliyinin razılığı ilə “Aqrarkredit” SKT Bakı filialından hissə-hissə götürüb və bunu ondan gizlədir. Ondan pulu tələb etmiş və tikinti materiallarını götürdüyü şəxslərə borclu qaldığını bildirmişdir, o heç bir əsaslı səbəb göstərmədən pulu ona vermədi, əksinə bundan sonra onunla görüşmədi və telefon zənginə də cavab vermədi. Bundan sonra, Cavabdeh hərəkətləri barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş. Müstəntiqin 01 mart 2021-ci il tarixli qərarında şikayəti mülki xarakter daşıdığından aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. İddiaya əlavə etdiyi iki vərəqədə olan qeydlərdən aydındır ki, Cavabdeh rəhbərik etdiyi inşaat briqadası "xxxx" MTK-da işlədiyi müddətdə 23 (iyirimi üç) dəfə imza edərək əmək haqqı adı ilə ondan cəmi 61.750 (altmış bir min yeddi yüz əlli) manat pul götürmüşdür. Bu faktın gerçəkliyi aşağıdakı qaçılmaz suallara cavab tələb edir: Əgər (Cavabdeh düşüncəsinə görə) onun məhkəmə qərarı ilə kooperativdən aldığı 132 min manat işçi qüvvəsinin əmək haqqı və “götürdüyü” materialların puludursa, onda o hansı əsasla ikiqat əmək haqqı almışdır? Cavabdeh tikinti işlərinə istifadə olunan materialları kimlərdən götürmüşdür? Həmin şəxslər ona materialları verdiyini, ümumiyyətlə orıu bu işdə səlahiyyətli şəxs kimi tanıdıqlarını təsdiqləyirmi? Nəhayət, Cavabdeh ona qarşı hərəkətlərinə haqq qazandıra biləcək qanuni əsasları nədən ibarətdir? Beləliklə, Cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində rəhbərlik etdiyi briqada tərəfindən inşaat işlərinin icra edilməsi üçün işlərin aparıldığı müddətdə iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132 (bir yüz otuz iki) min manat pulu ona ödəməkdən qanunsuz olaraq boyun qaçırır. Bununla o, aralarında olan razılaşmanın şərtləri üzrə üzərinə götürdüyü öhdəliyi qəsdən icra etməyərək qanunla nəzərdə tutulan hüquqlarını pozur. Ona görə də hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edir. İddiaçı və onun nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etdi. Cavabdeh ərizə ilə müraciət edərək, iddiaçının subyektiv hüququnun olmaması, habelə iddia müddətinin keçməsi əsasında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı ilə Cavabdeh arasında imzalanmış 20.02.2016-cı il tarixli Razılaşmaya əsasən, Kooperativin hazırda tikintisi və təmiri yarımçıq vəziyyətdə olan mövcud binasında hörgü, betontökmə, üzlük çəkmə və digər inşaat işlərinin aparılması məqsədi ilə əldə edilən bu razılaşmaya görə "xxxx" Mənziltikinti Kooperativi öhtəsinə götürür: Cavabdeh inşaat briqadası ilə birlikdə kooperativin binasında icra etdikləri hər növ işlərə ümumi nəzarəti həyata keçirmək; görülən işlər tam başa çatdıqdan sonra, inşaatçıların yerinə yetirdikləri ümumi işlərə görə əmək haqqının, həmçinin həmin işlərə onlar tərəfindən sərf olunmuş bütün materialların dəyərini razılaşmanın əldə edildiyi zaman Azərbaycan manatının qüvvədə olan məzənnəsi ilə hesablaşmaq şərti ilə, uyğun həcmli mənzil sahəsi ilə təmin etməklə ödənməsini həyata keçirmək; görülmüş işlərin həcminin hesablanmasını, mütəmadi olaraq hər iki tərəfin imzaları ilə təsdiq edilən Forma-2 və digər müvafiq sənədlər əsasında həyata keçirmək; Razılaşmada nəzərdə tutulan inşaat işlərinin aparılması məqsədi ilə Cavabdeh aşağıdakıları vəzifə olaraq öhtəsinə götürür: rəhbərlik etdiyi inşaatçı briqadanın görəcəyi işləri dəqiqləşdirməklə, icrasını dayandırmalara yol vermədən keyfiyyətli vəziyyətdə yerinə yetirmək; inşaat işlərinin yüksək mərtəbəli binada aparıldığını nəzərə almaqla, normal iş şəraiti yaratmaq, texniki təhlükəsizlik tədbirlərini təşkil etmək; materiallardan, elektrik, qaynaq və digər avadanlıqlardan istifadə, həmçinin işgörmə zamanı yarana biləcək digər təhlükəsizlik riskləri inşaatçıların və onun rəhbərinin üzərinə düşür, MTK bunlara görə cavabdehlik daşımır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-369/2017 nömrəli 13.06.2017-ci il tarixli qətnaməsinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.11.2016-cı il tarixli, 2-2(81)-1856/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan Cavabdeh xeyrinə 132.000 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 qərarına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" Mənzil Tikinti Koorperativi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin koorperativin binasında təmir-tikinti işlərinin aparılması həvalə edilmiş Cavabdeh təmirtikinti işləri ilə əlaqədar məhkəmə qərarına əsasən əldə etdiyi 45.000 manat pulu mənimsməsi və alacağı 87.000 manat pulu da mənimsəmək fikrində olması barədə etdiyi müraciəti üzrə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın Cavabdeh ünvanladığı 22.09.2016-cı il tarixli məktubdan görünür ki, Cavabdeh razılaşma əsasında gördüyü işin ümumi məbləğin 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75000 manat "xxxx" Səhmdar Cəmiyyəti vasitəsi ilə MTK tərəfindən ödənilmişdir. Qalan 132.000 manat MTK-nın hesabına pul olduğu halda, cəmiyyət həmin məbləği ödəməkdən imtina edir. İş materiallarında olan İddiaçı notarial təsdiq edilmiş ərizəsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1856/2016 saylı 23.1 1.2016-cı il tarixli qətnaməsi "xxxx" MTK-nm nümayəndəsi X10 24.11.2016-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş, 24.11.2016-cı il tarixdə qətnamə Ş.Hüseynov tərəfindən "xxxx" MTK-nın sədri kimi İddiaçı təqdim edilmiş və tərəfindən iş qovluğuna əlavə edilmişdir. 28.11.2016-cı il tarixdə "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X8 təyin edilmiş, 29.11.2016-cı il tarixdə həmin qətnamə qovluqla birlikdə yeni sədr X3 təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Kazımov A. tərəfindən imzalanan akta əsasən, hörgü və suvağa 5000 manat, aqlaya əməkhaqqı üçün 5000 manat, 3 nəfər gözətçinin 12 aylıq məvacibi 10800 manat, işıq 12 aylıq 3800 manat, su və qrunt suyu 4400 manat, 3 nəfər ofis işçilərinə 13000 manat, kranın 2 aylıq icarə haqqı 5000 manat, krançının 3 aylıq əmək haqqı 2100 manat, texniki nəzarətçi 3 ay üçün 2400 manat, sahə rəisi 12 ay üzrə 400 manat, avtomobilə, binaya dəyən zərər 150+250=400 manat, ümumi 52300 manat "xxxx" MTK-nın sədri İddiaçı xərcləmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Kazımov A. tərəfindən imzalanan 25.07.2016-cı il tarixli akta əsasən Zərgərpalan və Tolstoy küçələrinin birləşməsində tikilən obyektin görülmüş işlərin həcmi (materiallar kərpic) cəmi 11113 manat təyin edilir. İş materiallarında olan 15.07.2016-cı il tarixli qəbzdən görünür ki, Azərbaycan Nyu Kompani MMC-nin direktoru X4 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini almışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçını dostu vasitəsilə 2005-2006-cı illərdə tanımış, sonradan onunla iş birliyi olub, cavabdehi isə tanımır. 2016-cı ildə iddiaçı ona müraciət edərək, Zərgərpalan küçəsində tikintisini həyata keçirdiyi obyekt üçün beton lazım olduğunu bildirmiş, o isə öz beton zavodundan beton vermişdir. İddiaçı verilmiş betonun gətirilməsi xərclərini vermiş, betonun dəyərini isə sonradan ona qaytarmışdır. Betonun dəyəri təqribən 11-12 min manat məbləğində olmuş, iddiaçı isə ona daşıma xərcləri ilə birgə 2000 və 3000 olmaqla, hissəhissə 5000 manat pul vermişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçını 2016-cı ildən kərpic zavodundan tanıyır, cavabdehi bir neçə dəfə görüb, sonradan tanımışdır ki, İddiaçı yanında tikinti işi ilə məşğuldur. İddiaçıya 23000 manatlıq kərpic vermiş, sonradan verdiyi kərpicin pulunu tam ala bilməmiş, 22000 manat borcu qalmışdır. Malın sifarişini, gətirilməsini və digər məsələləri İddiaçıla danışmış, bu barədə Cavabdehla heç bir danışığı olmamışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı atasıdır, Cavabdeh 2016-cı ildən tanıyır. Onun atası ilə tikintidə iş görüb, lakin atası materialları şəxsən özü alıb. Cavabdeh tikintidə 2016-cı ilin qış aylarından 2016-cı ilin may ayına qədər işləyib. Tikinti "xxxx" MTK-nın olub, Cavabdeh qoşulub işləmişdir. Kreditlə bağlı tikinti dayanmış, sonra davam etməmişdir. Tikinti üçün “Dərnəgül” bazarından armatur, taxta almışlar və materiallar bazara məxsus maşınlarda gəlib. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iş getmişdir. 14300 manat taxtaya, 31000 manat armatura pul xərclənmişdir. Hazırkı mübahisəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində “Razılaşma” əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin, iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və vəkil xidməti üçün ödənilmiş məbləğ Cavabdeh aid edilməli və buna görə də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Kontitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Cavabdeh iddia müddətinin keçməsi əsasında iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bu müraciətin dəlillərini araşdıraraq hesab edir ki, iddia müddətinin tətbiqi barədə müraciət əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı sonuncu dəfə tikintiyə xərclənmiş pul vəsaitlərinin geri ödənilməsi ilə bağlı cavabdehə 2019-cu ilin noyabr-dekabr aylarında müraciət etmiş və sonuncu pulu aldığını bildirərək, iddiaçıya çəkdiyi xərclərinin əvəzini ödəməkdən imtina etmişdir. Odur ki, hazırki iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Beləliklə, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciəti nəzərə alınmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 132.000 (yüz otuz iki min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar