Məhkəmə qərarları › İş №2(011)-4088/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4088/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4088/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1rşı “kirayə haqqının tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X1rşı – cavabdeh X2 7150 manat məbləğində kirayə haqqı, 615 manat isə təmizlik xərci və kommunal borcun, cəmi 7765 manat və ödənilmiş 97,65 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh İraq vətəndaşı X5 arasında bağlanılan xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın icarəyə verilməsi barədə” müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 95A saylı mənzili aylıq 650 manata cavabdehə kirayəyə vermişdir. Müqavilə tərəflər arasında imzalandıqdan sonra iddiaçı mənzili giriş qapısının açarı ilə birlikdə cavabdehə təhvil vermişdir. Cavabdeh ilk vaxtlar mənzilə görə kirayə haqqını vaxtında ödəmişdir. Lakin sonradan, 2020-ci ilin oktyabr ayından başlayaraq cavabdeh kirayə haqqını ödəməmişdir. İddiaçı dəfələrlə ona xəbərdarlıq edib kirayə haqqını tələb etsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və hər dəfə bəhanə gətirmişdir. 2021-ci ilin fevral ayında cavabdeh iddiaçıya bildirmişdir ki, öz vətənində - İraqda müəyyən işləri var, bir neçə günlüyə gedib qayıtdıqdan sonra kirayə haqlarını ödəyəcəkdir. Lakin bir neçə günlüyə getdiyini deyən cavabdehdən aylarla xəbər gəlməmişdir. Cavabdeh mənzilin qapısını bağlayıb getdiyindən iddiaçı onun daxilində su, qaz, işıq xətlərinin təhlükə törədəcəyindən, antisanitariya şəraiti yaranacağından ehtiyat edib 2021-ci ilin yayında mənzilin qapısını açmışdır. Məlum olmuşdur ki, mənzildə baxımsızlıq nəticəsində antisanitariya şəraiti yaranmışdır. Yemək qalıqları, ərzaq tam xarab olmuş, mənzili üfunət basmış və həşəratlar yayılmışdır. İddiaçı mənzildə bir həftə müddətində təmizlik işləri aparmış və bunun üçün müəyyən qədər vəsait xərcləmişdir. İddiaçı cavabdehə məxsus əşyaları mənzildən çıxararaq başqa bir yerdə saxlamışdır. Nəhayət 2021-ci ilin payızında cavabdeh Bakıya gəlmişdir. İddiaçı ondan kirayə haqlarını tələb etmişdir. Cavabdeh isə iddiaçıdan əşyalarını tələb edərək məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hazırda cavabdeh iddiaçıya qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı ona qarşı kirayə haqqının tələb edilməsi barədə qarşılıqlı iddia qaldırmaq üçün prosessual imkandan istifadə edə bilmədiyindən ayrıca iddia qaldırmaq qərarına gəlmişdir. Hazırda cavabdehin iddiaçıya 11 aylıq kirayə haqqı borcu yaranmışdır. Bu isə 7150 manat edir. Cavabdeh həmin məbləği iddiaçıya ödəməkdən imtina edir. Bundan əlavə, mənzil cavabdeh tərəfindən baxımsız saxlanılmış və iddiaçı mənzilin təmizlənməsi üçün 500 manat təmizlik xərci çəkmişdir. Cavabdehin mənzildən istifadə etdiyi dövr üçün 37 manat elektrik enerjisi borcu, 78 manat isə sudan istifadəyə dair borc yaranmışdır, iddiaçı hesab edir ki, həmin kommunal borc da cavabdehdən tutulmalıdır. Cavabdeh X2 7150 manat kirayə haqqı, 615 manat isə təmizlik xərci və kommunal borc tutularaq İddiaçı ödənilməlidir. Tərəflər arasında bağlanılan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinə əsasən cavabdeh hər ay mənzilə görə iddiaçıya 650 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ev sahibi İddiaçı ilə kirayəçi X5 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, ev sahibi ünvan 1 ünvanında yerləşən 95A saylı mənzili aylıq kirayə haqqı 650 manat olmaqla, kirayəçiyə kirayə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 05/771 saylı məktubundan görünür ki, İraq Respublikasının vətəndaşı, xx.xx.1992-ci il təvəllüdlü X5 Al ledaniye sonuncu etibarlılıq müddəti xx.xx.2022-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1343/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Al ledani X3 cavabdeh İddiaçı qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mənzilin kirayə verilməsi barədə razılaşmaya əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı kirayə haqqının ödənilməsini cavabdehdən tələb etməyə haqlıdır. İddiaçı cavabdehin onun mənzilində yaşamasına görə kirayə haqqını 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayına qədər ödəməməsinə görə 7150 manat (650 x 11 ay) məbləğində pul vəsaiti tələb edir. Məhkəmə hesab edir ki, ödənilməmiş aylara görə kirayə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, 2021-ci ilin fevral-sentyabr ayları ərzində cavabdeh kirayə qaldığı mənzili bağlayıb İraq Respublikasına getmişdir. Bununla da və məhkəməyə təgdim olunan müqavilənin surətinə əsasən tərəflər arasında kirayə münasibətləri öz təsdiqini tapmışdır. Məhkəmə araşdırılması zamanı həmçinin göstərilən iddia tələbini təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilərək, kirayə haqqına görə 7150 manat ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın “615 manat isə təmizlik xərci və kommunal borcun” cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissələrini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçının 615 manat məbləğində təmizlik xərcləri çəkməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Digər tərəfdən, kommunal xərclərin ödənilməsi isə tərəflər arasında bağlanmış müqavilədə iddiaçının öhdəliyi olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə həmçinin iddianın 97,65 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, kirayə haqqı cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. X2 7150 (yeddi min yüz əlli) manat məbləğində kirayə haqqı və 97,65 (doxsan yeddi manat altmış beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar