Məhkəmə qərarları › İş №2(011)-4091/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4091/2021

21.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4091/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “4 X3” MMC-yə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “4 X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin noyabr, dekabr və yanvar ayının ilk on bir gününün əmək haqqı kimi 1.138,88 manat, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 411.18 manat ödənişləri üzrə ümumilikdə 1.550,06 manat məbləğində olan borcun “4 X3” MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında vəsaitin cavabdehdən alınaraq iddiaçının xeyrinə ümumilikdə 2.825 manat pul kompensasiyası kimi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 aprel 2020-ci il tarixdən “4 X3” MMC-də GİS mütəxəssisi vəzifəsində işə başlayaraq operator kimi müxtəlif layihələrdə GİS proqramları ilə işlər aparmış, 11 yanvar 2021-ci il tarixdə isə işdən öz təşəbbüsü ilə çıxmışdır. İddiaçı 2020-ci ilin sentyabr və oktyabr aylarında müvafiq iş günlərinin hamısını işə getsə də, noyabr ayının əvvəllərindən “4 X3” MMC-nin direktoru Abdullah Demirtaş “whatsapp” qrupunda maddi sıxıntılarla əlaqədar işə gəlməmələri barədə onlara məlumat vermişdir. Belə ki, müəssisənin yaşadığı maddi sıxıntılara görə işçilərə sentyabr və oktyabr aylarının əmək haqları ödənilməmiş, müəssisənin kommunal xidmətləri dayandırılmışdır. Əvvəl sabah gəlməyin deyilsə də, sonra bir həftə, daha sonra isə gələn həftə deyilərək bu müddət uzadılmışdır. Ancaq bununla bağlı heç bir rəsmi bildiriş olmamış və bu müddət ərzində iddiaçının əmək haqqı ödənilməmişdir. Sentyabr və oktyabr aylarının əmək haqqı iddiaçıya ancaq işdən çıxdıqdan sonra, müvafiq olaraq 16 yanvar 2021-ci il və 22 fevral 2021-ci il tarixlərdə ödənilmiş, noyabr, dekabr və yanvar ayının ilk on gününün əmək haqqı və son haqq-hesabın ödənilməyəcəyi bildirilmişdir. İddiaçının əmək haqqının ödənilməməsi ilə bağlı 12 mart 2021-ci il tarixdə Əmək Müfəttişliyinə şikayət etməsinə baxmayaraq, şikayətlə bağlı zəruri tədbir görülməmişdir. Əmək haqqının miqdarı əmək müqaviləsi bağlandığı vaxtdan sentyabr ayına qədər 350 manat, sentyabr ayının 4-dən etibarən isə 500 manat olmuşdur. Sentyabr və oktyabr aylarının əmək haqqı iddiaçıya müvafiq olaraq 107 və 113 gün gecikdirilərək ödənilmişdir. İddiaçının məhkəməyə müraciət etdiyi günə qədər noyabr, dekabr və yanvar ayının ilk on bir gününün əmək haqqı isə müvafiq olaraq 139, 108 və 98 gün gecikdirilmişdir. İddiaçıya noyabr, dekabr və yanvar ayının ilk on bir gününün əmək haqqı kimi 1.138,88 manat, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 411.18 manat ödənilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 1.550,06 manat təşkil edir. İddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh ödənişin hər gecikdirilmiş günü üçün iddiaçıya ümumilikdə 2.825 manat ödənc verməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı cavabdeh müəssisənin 01 aprel 2021-ci il tarixli 022/20K saylı əmri ilə 01 aprel 2020-ci il tarixdən “4 X3” MMC-də GİS mütəxəssisi vəzifəsində işə başlamış, o, operator kimi müxtəlif layihələrdə GİS proqramları ilə işlər aparmışdır. Onun aylıq əmək haqqı 350 manat təşkil etmiş, sentyabr ayından etibarən maaşı 500 manat olmuşdur. İddiaçı 11 yanvar 2021-ci il tarixdə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən çıxmışdır. İddiaçıya noyabr, dekabr və yanvar ayının ilk on gününün əmək haqqı və son haqq-hesab ödənilməmişdir. İddiaçı 12 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN yanında X2 Xidmətinin Bakı şəhər idarəsinə şikayət etmiş, Əmək Müfəttişliyi tərəfindən cavabdeh müəssisəyə iddiaçının 2020-ci ilin noyabr-dekabr ayları üçün nəzərdə tutulmuş əmək haqlarının və son haqq-hesabının bir ay ərzində ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmiş, daha sonra şirkətin direktoru Abdullah Demirtaş barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 01 aprel 2021-ci il tarixli protokol tərtib olunmuş, o, inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 aprel 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək cavabdeh təşkilatda əmək funksiyalarını yerinə yetirmişdir. Eyni zamanda, məhkəmə tərəfindən cavabdeh təşkilatın müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsi aşkar edilmişdir. Belə ki, müqaviləyə əsasən işçiyə icra etdiyi işin müqabilində müəyyən əmək haqqı ödənilməsi öhdəliyi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayının ilk on bir günü üçün əmək haqqı və istifadə olunmamış əmək məzuniyyətinə görə pulun əvəzi ödənilməmişdir. Məhkəmə iş üzrə müstəqil ekspert cəlb etmiş, ekspert tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqı borcu və kompensasiyanın məbləğinin yenidən hesablanması həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, “4 X3” MMC-nin İddiaçı ödənilməmiş əmək haqqının məbləği 1.139,86 manat, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği 118.32 manat, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən kompensasiyanın məbləği 2.834,11 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilməmiş əmək haqqı kimi 1.138,88 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayının il on bir günü üçün ödənilməmiş əmək haqqı 1.138,88 manat təşkil etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən əmək haqqına görə 1.138,88 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 411.18 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı tərəfindən istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi 411.18 manat təşkil etmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli qəbzə əsasən, cavabdeh müəssisə tərəfindən iddiaçıya istifadə olunmamış məzuniyyətə görə 292.98 manat pul vəsaiti ödənilmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, cavabdehdən istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi kimi 118.20 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında vəsaitin cavabdehdən alınaraq iddiaçının xeyrinə ümumilikdə 2.825 manat pul kompensasiyası kimi ödənilməsi hissəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin ”Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kompensasiya məbləğinin 2.825 manat miqdarında ödənilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar ayının ilk on bir gününün əmək haqqı kimi 1.138,88 manat, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 118.20 manat pul vəsaiti, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında 2.825 manat pul vəsaiti “4 X3” MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan "xxxx" MMC-nin mühasibatlıq araşdırmasının keçirilməsinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatının dəyəri 200 manatdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş üzrə mühasibatlıq araşdırmasının dəyəri olaraq 200 manat cavabdeh “4 X3” MMC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “4 X3” MMC-dən 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayının ilk on bir gününün əmək haqqı kimi 1.138,88 (min yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 118.20 (yüz on səkkiz manat iyirmi qəpik) manat pul vəsaiti, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında 2.825 (iki min səkkiz yüz iyirmi beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh “4 X3” MMC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat cavabdeh “4 X3” MMC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar