Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-41/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayədəsi Vəkil2 və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Tarı qızına qarşı “qanunsuz açılmış pəncərənin bağlanması və hasarın sökülməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Xətai rayonu Pivzavod küçəsi, 24 saylı binanın (bundan sonra – Yaşayış binası) daşıyıcı divarında cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin onun tərəfindən öz vəsaiti hesabına hörülüb bağlanması, daşıyıcı divarın əvvəlki vəziyyətinə qaytarılması, zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfindən mişar daşı ilə hörülmüş hasarın onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən maneənin qadağan edilməsi, yaşayış binasının həyətində cavabdeh tərəfindən qanunsuz tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülərək təmizlənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Binanın daşıyıcı divarında cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin cavabdeh tərəfindən öz vəsaiti hesabına hörülüb bağlanması, daşıyıcı divarın əvvəlki vəziyyətinin bərpa edilməsi, zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfindən mişar daşı ilə hörülmüş hasarın cavabdehin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən maneənin qadağan edilməsi, Yaşayış binasının həyətində cavabdeh tərəfindən qanunsuz tikilmiş taxta hasarın cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Yaşayış binasının 8 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Həmçinin, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Yaşayış binasında yerləşən 6 saylı mənzil cavabdehin mülkiyyətindədir. Yaşayış binasının cavabdehin mülkiyyətində olan 6 saylı mənzilinin küçə tərəfdə yerləşən hissəsində onun tərəfindən pəncərə açılmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, 40 ildən artıq bir müddətdir o, ünvan 1 ünvanda yaşayır. Yaşadığı mənzil mülkiyyət hüquq ilə ona məxsusdur. Cavabdeh yol verdiyi qanunsuz hərəkətləri nəticəsində bina sakini kimi onun hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh binanın daşıyıcı (yüksaxlayan) divarında qanusuz pəncərə açmış, bununla da binanın qəzalı vəziyyətə düşməsinə şərait yaratmışdır. Cavabdeh həmçinin binanın həyətini zəbt edərək hasarlamış və burada bağça salmışdır. Cavabdehin bu özbaşınalığı və qanunsuz əməlləri nəticəsində binanın onsuz da kiçik olan həyəti daha da darısqal vəziyyətə düşmüş, həyətdə hərəkət etmək imkanı məhdudlaşmış, eyni zamanda həyətə giriş-çıxışa məhdudiyyət yaranmışdır. Yaşadıqları binanın zirzəmisi bina sakinlərinin ümumi istifadəsindədir. Belə ki, hər bir sakin binanın zirzəmisinin müəyyən hissini arakəsmə yolu ilə bağlayaraq oradan istifadə edir. Cavabdeh və o da həmin binanın zirməsindən qeyd edildiyi kimi istifadə edirlər. Lakin cavabdeh zirzəminin onun istifadəsində olan hissəsindəki giriş qapısını arxadan mişar daşı ilə bağlayaraq onun istifadəsini tam məhdudlaşdırmışdır. Hal-hazırda o, zirzəminin onun istifadəsində olan hissəsinə daxil ola bilmədiyi üçün orada olan ona məxsus əşyalardan da istifadə edə bilmir. Cavabdeh qanunun tələbini pozmaqla bina sakinlərinin ümumi paylı mülkiyyətində olan daşıyıcı divarı dağıdaraq pəncərə açmış, binanın həyətini isə zəbt edərək, burada özü üçün "istirahət guşəsi” yaratmaqla onun və digər sakinlərin hüquqlarını pozmuşdur. Cavabdehin özbaşına, qanunsuz tikdirdiyi hasar yaşayış binasının onun yaşadığı mənzilin olduğu dəhlizinin bilavasitə qarşısında yerləşdiyinə görə, onun mənzilinin giriş-çıxışına əsaslı şəkildə maneə yaradır, eyni zamanda bina sakinlərinin ümumi birgə istifadəsi üçün nəzərdə tutulmuş həyətdən istifadə etməkdən onu tamamilə məhrum edir. Cavabdeh öz qanunsuz, hərəkətləri nəticəsində onun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin müvafiq normaları və beynəlxalq hüququn normaları ilə təsbit olunmuş, mülkiyyət və mənzil hüququnu kobud şəkildə pozmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, cavabdehin evinin arxasında qonşu 3 mərtəbəli ev tikib və həmin ev cavabdehin evinə işığın düşməsinə maneə yaradır. Buna görə də, cavabdeh məcbur qalaraq mübahisəli pəncərəni açıb. O pəncərə iddiaçının heç bir hüquqlarını pozmur. Bunu sübut edən məhkəmə qərarları da mövcuddur. Həmin evdə yaşayan əlil və azyaşlıların vəziyyətini də nəzərə almaq lazımdır. Ümumi iddia müddəti 10 ildir, mübahisəli pəncərə isə 15 ildən çoxdur ki mövcuddur. Bu da bir daha həmin pəncərənin iddiaçının hüquqlarını pozmadığını göstərir. Sadəcə tərəflər arasında torpaqla bağlı mübahisə olduğundan iddia qaldırıblar. Binanın qəzalı vəziyyətdə olmasını MİS-dən də bildiriblər ki, bina sökülməlidir. Bu cavabdehin açdığı pəncərə ilə əlaqəli deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia üç tələbdən ibarətdir: birinci tələb - Yaşayış binasının daşıyıcı divarında cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin onun vəsaiti hesabına hörülüb bağlanması, daşıyıcı divarın əvvəlki vəziyyətinə qaytarılması; ikinci tələb - zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfindən mişar daşı ilə hörülmüş hasarın onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin qadağan edilməsi; üçüncü tələb - Yaşayış binasının həyətində cavabdeh tərəfindən qanunsuz tikilmiş taxta hasarın cavabdehin vəsaiti hesabına sökülərək təmizlənməsi. Məhkəmə hesab edir ki, iddiaçının birinci tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həm Konstitusiyanın, həm də Mülki Prosessual Məcəllənin qeyd edilən müddəası tələb edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/5549 saylı, 23.02.2022-ci il tarixli rəyində ekspert müəyyən etmişdir ki, cavabdehə məxsus 6 saylı mənzilin yaşayış evinin birinci mərtəbəsində (binanın sağ tərəfində) yerləşdiyini, iddiaçıya məxsus 8 saylı mənzilin isə binanın ikinci mərtəbəsində (binanın orta hissəsində) yerləşdiyi üçün cavabdehə məxsus 6 saylı mənzilinin daşıyıcı divarında açılmış pəncərənin həmin binada iddiaçıya məxsus 8 saylı mənzilin istismarına hər hansı maneə yaratmır. Həmçinin, məhkəmə tərəfindən binanın yerində müayinəsi zamanı da cavabdehin açdığı pəncərənin iddiaçının mənzilindən istifadəyə hər hansı maneə yaratması, yaxud onun hər hansı hüquq və mənafelərini pozması kimi hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Yaşayış binasının cavabdehə məxsus 6 saylı mənzilinin daşıyıcı divarında açılmış pəncərinin iddiaçının hər hansı hüquq və maneflərini pozması müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. İddiaçının ikinci, yəni zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfindən mişar daşı ilə hörülmüş hasarın onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneənin qadağan edilməsi tələbi də əsassızdır. Məhkəmə qeyd edir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil və MPM-nin 77.1-ci maddəsi də tələb edir ki, iddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İddiaçı göstərdiyi ikinci tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/5549 saylı, 23.02.2022-ci il tarixli rəyində ekspert qeyd etmişdir ki, binanın zirzəmi hissəsinin qapısı bağlı olduğundan və zirzəmiyə dair mülki iş materialında plan sxem və layihə sənədləri olmadığından zirzəmi tikilisinin daxilində hər hansı sonradan inşa olunmuş tikililərin mövcud olub-olmadığı üzrə tədqiqat aparılmamışdır. Həmçinin, Yaşayış binasına yerli baxış zamanı müəyyən edilmişdir ki, girişdən daxil olduqda binanın zirzəmisinə enmək üçün (bina sakinlərinin göstərdiyinə əsasən) qapı mövcuddur. Lakin həmin qapı bağlı olduğundan zirzəmiyə daxil olmaq mümkün olmamışdır. Qapının kim tərəfindən bağlanmasını da yerində müayinə zamanı müəyyən etmək mümkün olmamışdır. Eləcə də, Yaşayış binasının sol tərəfindəki daşıyıcı divarın aşağı – yerə yaxın hissəsində dəmir qapı ilə bağlanmış giriş aşkar olunmuşdur, lakin həmin dəmir qapının aşağı hissəssi beton örtüyün içərisində qaldığından istifadəsiz vəziyyətdə olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçı ikinci tələbinin təsdiqi üçün məhkəməyə heç bir sübut təqdim etmədiyindən, onun həmin tələbi də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının üçüncü tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Qeyd edilən müddəadalardan da göründüyü kimi, yaşayış binasının yerləşdiyi torpaq sahəsi həmin binada yaşayan bütün mülkiyyətçilərin ümumi paylı mülkiyyətindədir. Bu həm də o deməkdir ki, binanın yerləşdiyi torpaq sahəsindən bütün mülkiyyətçilər eyni qaydada istifadə edə bilər və həmin torpaq sahəsinə sahibliklərini həyata keçirə bilərlər. Lakin məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, Yaşayış binasının iddiaçı və cavabdehin də yaşadıqları mənzillərin girişinin qarşısında yerləşən torpaq sahəsi taxta hasara alınmış və giriş qapısı cavabdeh tərəfindən bağlanmışdır. Taxta hasarın içərisində hamam yerləşir. Yerində müayinə zamanı cavabdehin nümayəndəsi (Nümayəndə) bildirmişdir ki, hamam onlara məxsusdur və hamamın yerləşdiyi bağçanı əhatə edən taxta hasarın qapısının açarı da onlardadır. Göründüyü kimi, mülkiyyətçilərinin hər birinin istifadə və sahibliyinə haqqı çatan və ümumi istifadə üçün nəzərdə tutulmuş Yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi (iddiaçı və cavabdehin də mənzillərinin yerləşdiyi girişə aid hissə) yalnız cavabdeh tərəfindən istifadə edilir və onun sabibliyindədir. Məhkəmə hesab edir ki, Yaşayış binasının sözügedən torpaq sahəsinin hasara alınmaqla yalnız cavabdeh tərəfindən istifadə edilməsi iddiaçının həmin torpaq sahəsindən istifadə və sahibliklə bağlı hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 157.4-cü maddəsində qeyd edilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanun mülkiyyət hüququnu ən üstün hüquq kimi müəyyən edərək onun dövlət tərəfindən qorunmasına təminat verir. Bu təminat daxilində mülkiyyətçi, digər şəxslərin hüquqlarını pozmadan öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququna malikdir, eləcə də digər şəxslər tərəfindən hüquqlarının pozulmasından qanunla müəyyən edilmiş üsul və vasitələrlə müdafiə olunmaq hüququna malikdir. Taxta hasarın cavabdeh tərəfindən onun vəsaiti hesabına sökülməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 2 saylı MKİS-nin rəisi (R.Əliyev) tərifindən verilmiş arayışda Yaşayış binansının hər iki tərəfində yerləşən taxta hasarın 1980-cı illərdə inşa edildiyi və həmin hasarın kimlər tərəfindən inşa olunması barədə MKİS-də məlumatın olmadığı göstərilsə də, yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin taxta hasar və hasarın içərisində qalan torpaq sahəsi, eləcə də orada yerləşən hamam hazırda cavabdehin istifadəsi və sahibliyindədir, həmçinin hasarın giriş qapısının açarı da cavabdehdədir (bu halı yerində müayinə zamanı cavabdehin nümayəndəsi – qardaşı Ravil Tarıyev tərəfindən bildirilmişdir). Ona görə də, məhkəmə hesab edir ki, taxta hasar cavabdeh tərəfindən sökülərək təmizlənməlidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci iddianın təmin edilməsinə uyğun olaraq tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi küçəsi, 24 saylı binanın həyətində tikilmiş taxta hasar Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənərək əvvəlki vəziyyətə gətirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-41/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-41/2022
13.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver