Məhkəmə qərarları › İş №2(011)-4110/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4110/2023

04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4110/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı – ona məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00200) əsassız olaraq hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evində qazdan istifadəyə görə Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın növbəti dövlət yoxlamasının zamanı gəldiyi əsası ilə sayğac ünvandan açılmışdır. Daha sonra isə onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və abonent koduna 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində əsassız borc yazılmışdır. Cavabdeh İB lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmişdir və İddiaçı tələbinə dair etirazın və digər sübutların olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmişdir. İş materiallarına əlavə olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 mart 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsi kənar təsir nəticəsində əzilmiş, bunun nəticəsində hesablama mexanizminin iş prinsipinə maneə törədilmiş və sayğac istismara yararsız hala düşmüşdür. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 iyun 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğac növbədənkənar dövlət yoxlanışına göndərilmək məqsədilə çıxarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən cəmi 12960 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. **********00200 saylı kod üzrə İddiaçı məxsus abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayında cədvəlin “qalıq və aktlar” qrafasında 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borcu olmuşdur. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı çıxarılaraq, dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacı düzgün işləmədiyi halda, iddiaçı tərəfindən ödəniləcək məbləğin 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğaca müdaxilə ilə bağlı iddiaçının məsuliyyət daşıdığı hallarla bağlı cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən və borcun sayğacın düzgün işləmədiyi dövrə görə tələb olunduğundan görə iddia təmin edilərək borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Sayğacın işləməməsinə görə iddiaçı məsuliyyət daşımadığından borcun tələb olunması əsassızdır. Buna görə də qaz sərfinə görə iddiaçıya hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 35 manat 50 qəpik məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35 manat 50 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə (kod:**********00200) 2023-cü ilin mart ayı üçün hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat cərimə borcu silinsin. 35 (otuz beş) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar