Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4121/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 47 ünvanı üzrə **********00470 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü ilin aprel ayı üzrə 1555,20 manat məbləğində borcunun olması qeyd olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdeh tərəfindən yaşayış evinə dair əsassız hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yuxarıda qeyd edilən ünvanda yaşayır. Cavabdehin nümayəndələri tərəfindən əvvəlki sayğac dəyişdirilərək mexaniki sayğac quraşdırılmışdır. 2 ay əvvəl sayğacın işləmədiyini görüb “104” çağrı mərkəzinə müraciət etmiş, sayğaca baxış keçirilərək dəyişiləcəyini bildirmişlər. bir neçə gün sonra ona sayğacın dəyişdirilməsi barədə akt verilmiş, xx.xx.20203-cü il tarixdə isə cərimə olunması barədə məlimat vermişlər. o, 1994-cü il tarixdən Bakı şəhəri X1 inzibati binasında məcburi köçkün kimi 6 ailə üzvü ilə məskunlaşıb. Sayğacın borcunu hər ay kecikdirmədən ödəyir və buna görə heç vaxt mübahisə yaranmayıb.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə:
8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
9. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
11. Maddə 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
12. Maddə 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
13. Maddə 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
İşə baxan məhkəmənin mövqeyi:
14. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
15. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir.
16. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni cavabdehin üzərinə düşür.
17. Bundan başqa, abonent saldosunda “qalıq və aktlar” bölməsində qeyd olunan borc məbləğinin hansı əsasla hesablanmasını təsdiq edəcək heç bir aktı cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.
18. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan tələb edilən borcun hansı əsasla hesablanmasını sübut edə bilmədiyindən həmin borcun iddiaçıdan tələb edilməsi də əsassızdır.
19. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 1585,20 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində borc kimi yalnız 2023-cü ilin aprel ayı üzrə 1555,20 manat göstərilmişdir. İddiaçı isə qalan borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 1555,20 manat borcun silinməsi hissəsində təmin edilməlidir.
20. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
21. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 47 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00470) İddiaçı hesablanmış 1555,20 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 35,55 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı