Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4123/2024 22.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-yə qarşı – cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan itifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında iddiaçıya hesablanmış 3.294,04 manat dəymiş ziyanın silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 14 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin evə Cavabdeh tərəfindən “G4” markalı 1402AZ**********67 nömrəli qaz sayğacı quraşdrılmışdır. xx.xx.2022-ci il tarixdə haqqında danışılan sayğacın yenisi ilə əvəz olunması üçün həmin tarixli, ******* nömrəli müvafiq akt tərtib olunmuşdur. Bundan sonra, köhnə sayğac cavabdehin məsul şəxsləri tərəfindən aparılmışdır. Ancaq həmin vaxt tərəflər arasında hansısa bir akt, tələbnamə və bu kimi digər hər hansı bir rəsmi məlumat iddiaçıya bildirilməmişdir. Daha sonra qaz pulunu ödəyərkən, post terminaldan verilmiş xəbərdarlığa görə, yekun borc məbləğinin olması barədə qəbzdə göstərilmişdir. Dəfələrlə bu barədə cavabdehə şifahi qaydada bildirilmiş olsa da, hər dəfə bir bəhanə gətirilmiş və müxtəlif fikir və ifadələr işlədilmişdir. Sonra müəyyən olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları ilk əvvəl xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edərək, güya iddiaçının yaşadığı evdə (Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, ev 14) quraşdırılmış qaz sayğacına hansısa qaz itkisi və müdaxilələr aşkar olunduğu aşkar edilmişdir. Birincisi, qeyd edilən aktdan heç vaxt onun (iddiaçının) xəbəri olmamışdır. Həmin ünvanda iddiaçı ilə onun övladı (qızı) yaşayır, əgər bu barədə bildirilmiş olsa idi, iddiaçı (və ya qızı) hər bir halda öz etiraz və iradlarını aktda göstərərdi. Ona görə ki, bu akt ümumilikdə iddiaçının xəbəri olmadan tərtib edilmiş və həqiqəti əks etdirməyən bir “sənəd” olmuşdur. Həmin akt və eləcə də onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə adlı sənəd rəsmi qaydada göndərilməmiş və iddiaçı bacısı ilə birlikdə xx.xx.2024-cü il tarixdə qeyd edilən sənədlərin kserosurətlərini qaz idarəsindən şəxsən götürmüşdür. Göstərilən sənədlərlə tanış olduqdan sonra, iddiaçıya bəlli olmuşdur ki, tərtib edilmiş akt əsassız və qanunsuzdur. Bu elə aktın özünün mətnindən də görünür. Birincisi, aktda iddiaçının adının deyil, tam başqa şəxsin, “Məmmədov Fərid” adlı şəxsin adı göstərilir. Göstərilən şəxslə iddaçı əvvəllər nikahda olmuş olsalar da, onların nikahlarına Səbail Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə xitam verilmiş və hətta sonradan, haqqında danışılan fərdi yaşayış evi xx.xx.20219-cu il tarixli 4794 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən alınmışdır. Eyni zamanda, mənzilə quraşdırılmış sayğacın yenisi ilə əvəz olunması 2022-ci ildə olmuş və həmin vaxt tərtib olunan ******* nömrəli aktda da İddiaçı adı qeyd edilmişdir Sonradan, yəni artıq 2023-cü il tarixdə Fərid Məmmədovun burada mübahisələndirilən aktda, həmçinin cavabdeh tərəfindən tərtib edilmiş tələbnamədə adının qeyd olunmasının hüquqi əsası olmamışdır. Bu isə onu bildirir ki, cavabdeh tərəfindən tərtib edilmiş bu sənədlər həm həqiqəti əks etdirməmiş, həm də ümumiyyətlə tərtib edilərkən qeyd edilən sənədlərdə göstərilən hallar baş verməmişdir. İkinci tərəfdən, aktda qeyd olunur ki, güya Fərid Məmmədov aktı imzalamaqdan imtina etmişdir. Fərid Məmmədov orada yaşamırsa, bu aktı imzalamaqdan necə imtina edə bilər? Bu hansı məntiqə və hansı düşüncəyə uyğun gəlir? Yəni, mübahisələndirilən akt harada və hansı saatda, eləcə də tarixdə tərtib edilibsə, hazırki iş üzrə iddaçı cavabdehin əməkdaşları ilə birgə olmamışdır. Üçüncü trəfdən, tərtib edilmiş aktla cavabdehin özünün irəli sürdüyü tələbnamə adlı sənəddə də uyğunsuzluq vardır. Belə ki, aktda baxış keçirilərkən aşkar olunmuş nöqsan kimi hansısa rəy əsasında qaz itkisi və müdaxilənin olması qeyd edilsə də, ancaq tələbnamədə sayğacın çıxış plastmas borunun deşilməsi bildirilir. Buradan da görünür ki, cavabdehin məsul şəxsləri ümumiyyətlə heç özləri bilməmişlər ki, nəyi axtarıb tapıblar və hansı əsaslar üzərindən də akt və ya tələbnamə tərtib ediblər. Bu artıq cavabdehin özünün tərtib etdiyi sənədlərin özününü əsassızlığı və qanunazidd olmasını özündə əks etdirir. Eyni zamanda, aktda iddiaçının keçmiş həyat yoldaşı Fərid Məmmədovun imtna etdiyi bildirilir və digər bilinməyən 3 nəfər şəxsin aktın doğruluğunu təsdiq etmələri göstərilir. Bu şəxslər kimdir, ümumiyyətlə belə şəxslər varmı, bunlar hansı səlahiyyətlə dövlətin adından tərtib edilmiş aktın doğruluğunu təsdiq etmələri barədə aktda bir dənə də olsun məlumat verilmir. Çünki akt tərtib edilərkən, gizlin qaydada, ümumiyyətlə gəlib baxış keçirmədən tərtib etmişlər. Bundan başqa, qeyd olunan köhnə sayğac iddiaçının yaşadığı fərdi yaşayış evinin çöl hissəsində olmuşdur. Əlavə olaraq, sayğac götürülüb aparıldıqdan sonra, cavabdehin əməkdaşları necə yoxlayıblar, hansı qaydada və texnologiya ilə müəyyənləşdirmişlər ki, sayğacda həmin problem vardır. Bütün bu xüsustaların dəqiqləşdirilməsi və aydınlaşdırılması üçün iddiaçı xx.xx.2024-cü il tarixli şikayətlə “Azəriqaz" İB-nə rəsmi qaydada müraciət olunmuş və müraciət cavabdeh tərəfindən xx.xx.2024-cü il tarxidə rəsmi qaydada alınmışdır (şikayətin kserosurəti və onun cavabdeh tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən poçt sənədləri əlavə olunur). Həmin müraciəti cavabdeh bu günə qədər cavablandırmamış, ümumiyyətlə əhəmiyyət belə verməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və iddiaçının izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında"xxxx" yaşayış massivinin 5 saylı küçəsində inşa edilən fərdi yaşayış evi MMC tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Fərid Məmmədova məxsus (abonent kodu: **********00140) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzildə qaz itkisi və müdaxilə aşkar olunmuşdur. İş materiallarında olan X2 məxsus **********00140 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3.110,40 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X4 barəsində tərtib olunmuş ******* saylı akta əsasən 25.920 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan X4 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış ərizənin surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında"xxxx" yaşayış massivinin 5 saylı küçəsində inşa edilən 14 nömrəli 4 otaqdan ibarət, 2 mərtəbəli mansardsız, 140.00 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evini İddiaçı adına keçirilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında"xxxx" yaşayış massivinin 5 saylı küçəsində inşa edilən 14 nömrəli fərdi yaşayış evində İddiaçı və övladı X3 yaşayırlar. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında"xxxx" yaşayış massivinin 5 saylı küçəsində inşa edilən 14 nömrəli fərdi yaşayış evi əvvəllər iddiaçının keçmiş həyat yoldaşı X2 məxsus olmuşdur. Həmin ünvanda quraşdırılmış qaz sayğacı və abonent kodu da sonuncunun adına rəsmiləşdirilib. İddiaçının nümayəndəsinin izahatından görünür ki, İddiaçı qaz sayğacının və abonent kodunun onun adına keçirilməsi barədə Cavabdeh İB-nə müraciət etmişdir lakin, əvvəlki abonentin borcunun olması səbəbindən müraciəti təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı hazırda yaşadığı mübahisəli mənzildə keçmiş abonentin adına yazılmış borcun silinməsini və aktın ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia iddiaçı tərəfindən subyektiv hüquq olmadan verildiyindən təmin edilməməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təbii inhisar subyekti olan qaz təchizatı idarəsinin müqavilə bağlamaqdan imtina etməsi kimi hallardan irəli gələn mübahisələr hüquqi təbiətinə görə inzibati mübahisə olduğundan - inzibati qaydada mübahisələndirməlidir. Belə ki, İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə görə elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli 189 nömrəli qərarına əsasən ARDNŞ Cavabdeh təbii inhisar subyektinə aid edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən Qərarın 13-cü bəndinə görə elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə görə tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-nə qarşı – cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan itifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında iddiaçıya hesablanmış 3.294,04 manat dəymiş ziyanın silinməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4123/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4123/2024
22.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver