Məhkəmə qərarları › İş №2(011)-4124/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4124/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4124/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı uzun müddətdir Abşeron rayonu, Xırdalan şəhəri AAAF Park (həyət evləri) küçə 5, 12 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin evə Cavabdeh tərəfindən G-4 markalı 1402AZ**********63 nömrəli qaz sayğacı quraşdırılmışdır. 02 dekabr 2022-ci il tarixdə haqqında danışılan sayğacın yenisi ilə əvəz olunması üçün həmin tarixli ******* nömrəli müvafiq akt tərtib olunmuşdur. Bundan sonra köhnə sayğac cavabdehin məsul şəxsləri tərəfindən aparılmışdır. Ancaq həmin vaxt tərəflər arasında hansısa bir akt, tələbnamə və bu kimi digər hər hansı bir rəsmi məlumat iddiaçıya bildirilməmişdir.

2. Daha sonra qaz pulu ödəyərkən post terminaldan verilmiş xəbərdalığa əsasən yekun borc məbləğinin olması barədə qəbz göstərilmişdir. Dəfələrlə bu barədə cavabdehə şifahhi qaydada bildirilsə də hər dəfə bir bəhanə gətirilmiş və müxtəlif fikir və ifadələr işlədilmişdir. Sonra müəyyən olmuşdur ki, Azəriqaz İB-nin əməkdaşları ilk əvvəl xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edərək guya iddiaçının yaşadığı evdə (ünvan 1 ) quraşdırılmış qaz sayğacında kart qəbul olunmur, hansısa kənar rəy aşkar olundu və sayğac nisbi işləməklə istismara yararsız olması aşkar edilmişdir. Birinci qeyd edilən aktdan iddiaçının xəbəri olmamışdır. Həmin ünvanda iddiaçı özü yaşayır, əgər bu barədə bildirilmiş olsa idi, iddiaçı hər bir halda öz etiraz və iradlarını aktda göstərərdi. Ona görə ki bu akt ümumiyyətlə iddiaçının xəbəri olmadan tərtib edilmiş və həqiqəti əks etdirməyən bir “sənəd” olmuşdur. Qeyd olunan həmin akt və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə rəsmi qaydada göndərilməmiş və iddiaçı bacısı ilə birlikdə 23 fevral 2024-cü il tarixdə qeyd edilən sənədlərin kserosurətlərini qaz idarəsindən şəxsən əldə etmişdir.

3. Aktda iddiaçının deyil, tam başqa şəxsin- X2 adı göstərilir. Göstərilən şəxs iddiaçının bacısının keçmiş həyat yoldaşı olmuşdur. Ancaq haqqında danışılan fərdi yaşayış evi iddiaçı ilə AAAF Park arasında 12 mart 2016-cı il tarixdə bağlanmış A/0005 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləyə əsasən iddiaçıya məxsus olmuşdur. Sonradan 2023-cü il tarixdə Fərid Məmmədovun burada mübahisələndirilən aktda və tələbnamədə adının qeyd olunmasının hüquqi əsası olmamışdır. Aktda qeyd olunmuşdur ki, Fərid Məmmədov aktı imzalamaqdan imtina etmişdir. Fərid Məmmədov həmin ünvanda yaşamırsa, bu aktı imzalamaqdan necə imtina edə bilər? Tərtib edilmiş akt və tələbnamə arasında da uyğunsuzluq mövcuddur. Aktda nöqsan kimi sayğacda kartın qəbul olunmaması, kənar əşyanın aşkar olunması və sayğacın nisbi işləməklə istismara yararsız olması göstərildiyi halda tələbnamədə sayğacın çıxış borusunun deşilməsi bildirilir.

4. Köhnə sayğac iddiaçının yaşadığı fərdi yaşayış evinin çöl hissəsində olmuşdur. Sayğac götürülüb aparıldıqdan sonra cavabdehin əməkdaşları tərəfindən sayğac necə yoxlanılıb, hansı texnologiya ilə müəyyənləşdirilib ki sayğacda nə problem var bu bəlli deyil. xx.xx.2024-cü il tarixli şikayətlə Azəriqaz İB-yə rəsmi müraciət olunmuş və müraciət cavabdeh tərəfindən rəsmi qaydada qeydiyyata alınmışdır. Həmin müraciət bugünədək də cavabdeh tərəfindən cavablandırılmamışdır.

İddiaçının tələbi:

5. Cavabdeh X3 tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu:**********00120) hesablanmış 1864,13 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

6. Cavabdeh X3 tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır..

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, iddiaçı və onun bacısının evi hazırda yan-yana yerləşir və onların ev nömrələri 12 və 14 nömrəlidir. İddia ərizəsində də qeyd edilmişdir ki, rəsmi sənədlərdə adı qeyd edilən Məmmədov Fərid iddiaçının bacısının həyat yoldaşı olmuşdur. Evlər tikilən zaman qaz sayğacları Fərid Məmmədovun adına rəsmiləşdirilmişdir. 2019-cu il tarixdə bacısı ilə Fərid Məmmədov arasında nikah rəsmi qaydada pozulmuşdur. 2022-ci il tarixdə cavabdeh X3 tərəfindən həm iddiaçının, həm də onun bacısının qaz sayğacları yenidən Fərid Məmmədovun adına rəsmiləşdirilir. Qaz sayğacı quraşdırılsa da İddiaçı ilə cavabdeh Azəriqaz müqavilə bağlamaqdan imtina edir ki, qalıq borcları ödəyin daha sonra rəsmiləşdirmə edilsin. İddiaçının bacısının da nikahı pozulduğundan və onların münasibətləri yaxşı olmadığından Fərid Məmmədovla heç cür razılığa gəlmək mümkün olmamışdır. İddiaçı Azəriqaza yaxınlaşmış, hətta Azəriqaza təklif edilmişdir ki, borcla birlikdə qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmə edilsin, lakin bu təkliflə də razılaşmamışlar. İddiaçı Kəmalə xanım adıçəkilən evdə tək yaşamaqdadır.

8. Cavabdeh X3nin nümayəndəsi X5 öz izahatında qeyd etmişdir ki, razılıq protokolu imzalanmalıdır və borc iddiaçının adına keçirilir, daha sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. 26 fevral 2024-cü il tarixli X1 ünvanlanmış şikayət ərizəsi.

10. Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında A/0005 nömrəli 12 mart 2016-cı il tarixli müqaviləyə əsasən AAAF Park yaşayış massivindəki 5 saylı küçədə 12 №li ev İddiaçı satılmışdır.

11. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli Akta əsasən qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

12. Abonentin saldosuna əsasən, abonent X4 qalıq və aktlar üzrə 2023-cü ilin mart ayı üzrə 1555,20 manat məbləğində borc hesablanmışdır.

13. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən sayğac kartı qəbul etmir, element yuvası açılmış, kənar əşya aşkar olunmuşdur, sayğac çıxış plastmas borusu deşilmişdir. Nisbi xətayla işləyir, sayğac istismara yararsızdır.

14. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən istehlakçı X2 ünvan 2 ünvanına xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi 12960 m3 hesablanmışdır.

15. AAAF İnşaat MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli HŞ/257 nömrəli arayışa əsasən İddiaçı AAAF İnşaat MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli A/0005 nömrəli alqısatqı müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167, AAAF Park yaşayış massivi 5 saylı küçəsində 2 sot torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 155 kv.m olan 4 otaqlı 12 saylı fərdi yaşayış evində faktiki xx.xx.2016-cı il tarixdən etibarən tək nəfər olaraq yaşayır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyası:

26. İİ Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.”

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

21. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqı müqaviləsi bağlanmamış, abonent saldosu və digər bütün sənədlər başqa şəxsin adına rəsmiləşdirilmişdir. Belə olan halda iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir.

22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (§16)

23. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. (§18)

24. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.

25. İşin əvvəldə göstərilən mübahisəsiz hallarından da müəyyən edilir ki, fərdi yaşayış evi iddiaçının sahibliyində olsa da (§15) iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqı müqaviləsi bağlanmadığından, iddiaçı həmin müqavilənin tərəfi kimi çıxış etmədiyindən, iş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçının deyil, başqa şəxsin (iddiaçının dediyinə görə bacısının keçmiş ərinin) adı, soyadı qeyd edildiyindən, borc məhz həmin şəxsin adı ilə bağlı olduğunda, yəni iddiaçının hüquqları pozulmadığından iddiaçı subyektiv hüquqa malik deyildir.

26. Buna görə də iddiaçı başqa şəxsin adına yazılmış borcun silinməsini tələb etmək hüququna, yəni bu mübahisəni irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi ilə yalnız qazın alqı-satqı müqaviləsi üzrə tərəf olan istehlakçı məhkəməyə müraciət edə bilər.

27. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə xərcləri: 28.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. 29.Hazırki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia tələbi rədd edildiyindən məhkəmə dövlət rüsumuna münasibət bildirmir. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar