Məhkəmə qərarları › İş №2(011)-4125/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4125/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4125/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 (qeyd olunan ünvan Cavabdeh İB tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi kimi qeydə alınmış və **********00027 saylı abonent kodu verilmişdir) ünvanında yerləşən yarımtikilini 2021-ci ilin aprel ayında almışdır. Həmin vaxt tikilinin nə qaz, nə də işıq sayğacı olmuş, ümumiyyətlə tikili yaşayış üçün yararlı olmamışdır. Bundan bir müddət sonra evdə təmir-tikinti işlərinə başlamaq qərarına gəlmiş və təxminən 2022-ci ilin iyun ayının ortalarında o həm "xxxx" ASC-yə, həm də Cavabdeh İB-yə (podratçı təşkilatlar vasitəsilə) müraciət edərək fərdi yaşayış evinə müvafiq sayğacların quraşdırılmasını xahiş etmişdir. Çünki evin təmiri zamanı daim elektrk enerjisinə, bəzən isə təbii qaza ehtiyac yaranır. Müraciətindən sonra xx.xx.2022-ci il tarixində ona məxsus fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən ZENNER G4T SMART tipli, **********842 saylı qaz sayğacı quraşdırılmış, sayğac küçə qaz xəttinə birləşdirilmiş və sayğaca plomb vurulmuş, lakin sayğacın çıxış borusu Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaynaq vasitəsilə qapadılmışdır (hazırda da bu vəziyyətdədir). Bundan əlavə sayğacın smart kartı da ona verilmiş, lakin iddiaçıya bildirmişlər ki, ev yaşayış üçün yararlı olmadığı və müvafiq qaz işlədiciləri quraşdırılmadığı üçün sayğacın çıxış borusu qaynaq vasitəsilə qapadılmışdır, həmçinin də bu səbəbdən sayğacın smart kartı da hazırda blokdadır (pul yükləmək mümkün deyil). Odur ki, sayğac quraşdırılsa da smart kartdan, dolayısı ilə də təbii qazdan istifadə etmək mümkün deyildir. Fərdi yaşayış evi yaşayış üçün tam hazır olduqdan və müvafiq qaz işlədiciləri quraşdırıldıqdan sonra o, smart kartın aktivləşdirilməsi və sayğacın çıxış borusunun evə gedən qaz xəttinə birləşdirilməsi üçün aidiyyəti üzrə müraciət etməlidir. Ona məxsus fərdi yaşayış evinə işıq sayğacı isə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində quraşdırılmışdır (İşıq hesabından çıxarış iddia ərizəsinə əlavə edilir). Bu səbəbdən də, o, evdə təmir-tikinti işlərinə 2022-ci ilin oktyabr ayından başlamışdır. Fərdi yaşayış evində təmir işləri 2023-cü ilin mart ayının sonlarında tam başa çatdırılmış və iddiaçı 2023-cü ilin aprel ayının ortalarından həmin ünvana köçmüşdür. İddiaçı hazırda həmin ünvanda yaşayır. Evə köçəndən sonra o, Cavabdeh İB-yə müraciət edərək quraşdırılmış sayğacın smart kartının aktivləşdirilməsini və sayğacın çıxış borusunun evə çəkilmiş qaz xəttinə birləşdirilməsini xahiş etmişdir. Lakin orda iddiaçıya bildirmişlər ki, 2022-ci ilin mart və iyun, 2023-cü ilin fevral, mart və aprel aylarında guya ona məxsus fərdi yaşayış evində təbii qazdan qeyriqanuni istifadə olunduğu üçün barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş və həmin aktlara əsasən iddiaçıya cəmi 6670,08 manat məbləğində cərimə hesablanmışdır. Hazırda həmin məbləğ onun tərəfindən ödəniləndikdən sonra smart kart aktiv edilə bilər. İddiaçının tələbindən sonra 2022-ci ilin mart və iyun, 2023-cü ilin fevral ayında yazılmış cərimə aktlarının və digər sənədlərin surətləri Cavabdeh İB-də ona təqdim edilmiş, 2023-cü ilin mart və aprel ayınlarına görə abonent hesabıma daxil edilmiş cərimə məbləğləri ilə bağlı aktlar isə hələ hazır olmadığı üçün ona təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh İB-də iddiaçıya bildirilənlər və ona təqdim edilən aktlarda qeyd olunanlar tamamilə əsassızdır. Hətta 2023cü ilin mart və aprel aylarına görə abonent hesabına daxil edilmiş cərimə məbləğləri ilə bağlı aktların hələ hazır olmaması elə həmin aktların saxta olmasının əsas sübutudur. Birliyin əməkdaşlarının dediyindən belə məlum olur ki, onlar əvvəlcə abonent hesabına cərimə məbləğini daxil edirlər, daha sonra isə elə idarədə həmin məbləğə uyğun saxta cərimə aktları tərtib olunur. Qeyd olunan fərdi yaşayış evində 2023-cü ilin aprel ayının ortalarına qədər ümumiyyətlə yaşayış olmamış, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayının sonlarına qədər evdə təmir işləri aparıldığı üçün yalnız gün ərzində ustalar işləmişdir. Ümumiyyətlə evə qaz sayğacı xx.xx.2022-ci il tarixində quraşdırılaraq iddiaçı abonent kimi qeydiyyata alınmış, lakin həmin vaxtdan bu günə qədər sayğacın smart kartı aktiv edilməmişdir (blokda olmuşdur). Belə olan halda 2022-ci ilin mart və iyun aylarında həmin evdə təbii qazdan qeyri-qanuni istifadə edilməsi mümkün deyildir. Çünki həmin vaxt ev yaşayış üçün yararlı olmamış (bu halı həm Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara əlavə edilmiş fotoşəkillər, həm də evdə işıq sayğacının olmaması da təsdiq edir), həmçinin həmin dövrdə ümumiyyətlə evdə heç ustalar da işləməmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara əlavə edilmiş fotoşəkillərdə görünən boru isə iddiaçı evi alanda artıq orda mövcud idi. Lakin həmin boru xətti evə qədər çəkilməmiş, sadəcə yarıya qədər tikilmiş hasarın üzərindən aşırdılmış və yarımçıq saxlanılmışdır. Əgər həqiqətən də həmin boru xətti evin daxilinə qədər çəkilmiş və ya hasarın digər tərəfində hər hansı bir qaz işlədicisinə qoşulmuş olsa idi Cavabdeh İBnin əməkdaşları tərəfindən hasarın içəri tərəfindən də şəkillər çəkilib akta əlavə edilərdi. Çünki akta əlavə edilmiş şəkillərdən də məlum olduğu kimi bunun üçün onların qarşısını kəsən hər hansı bir maneə olmamış, həyətin qapısı açıq olmuş (ümumiyyətlə həmin vaxt qapı quraşdırılmamışdır), hasar isə yarıya qədər tikilmişdir. Ən əsası isə şəkillərdə görsənən boru ümumiyyətlə küçə qaz xəttinə birləşdirilməmişdir və həmin borunun küçə qaz xəttinə iddiaçı tərəfindən birləşdirilməsi ümumiyyətlə mümkün deyildir. Çünki sayğac quraşdırılan zaman ona məlum olmuşdur ki, həmin küçə qaz xətti polietilen borudan olmaqla kifayət qədər dərindən çəkilmişdir və həmin xəttə yalnız Cavabdeh İB-nin istifadəsində olan xüsusi texnika vasitəsilə qoşulmaq mümkündür. Bundan əlavə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində tərtib edilmiş aktların saxta olmasını sübut edən digər bir məsələ isə qeyd olunan fərdi yaşayış evinə işıq sayğacının xx.xx.2022-ci il tarixində quraşdırılmasıdır. Belə ki, hamıya məlum olduğu kimi hazırkı dövrdə elektrik enerjisi olmayan evdə yaşamaq mümkün deyildir. 2023-cü ilin fevral ayında akt tərtib olunanda isə artıq Cavabdeh İB tərəfindən bir müddət əvvəl evə sayğac quraşdırılmış, lakin sayğacın çıxış xətti qaynaq vasitəsilə qapadılmış, sayğacın smart kartı aktiv edilməmişdir (blokda olmuşdur). Digər tərəfdən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda “sayğacdan kənar xətt aşkar olunduğu” qeyd edilsə də, akta əlavə edilmiş fotoşəkillərdən sayğacdan kənar xəttin harda olduğunu ümumiyyətlə müəyyən etmək mümkün deyildir. Hətta həmin fotoşəkillərdən görsənir ki, sayğacın çıxış xətti qaynaq vasitəsilə qapadıldığı üçün və sayğacın smart kartı blokda olduğundan (sayğaca pul yükləmək mümkün olmadığı üçün) həmin vaxt evdə işləyən ustalar tərəfindən evdə qaz balonu vasitəsilə propan qazından istifadə olunmuşdur. Bundan əlavə tərtib edilmiş aktlarda qeyd olunmuşdur ki, guya iddiaçı aktları imza etməkdən imtina etmişdir. Halbuki iddiaçının o aktların heç birindən məlumatı olmamışdır. Həmçinin bu müddət ərzində Cavabdeh İB tərəfindən ona hər hansı bir xəbərdarlıq edilməmiş, hər hansı cərimənin yazılması barədə məlumat da verilməmişdir. 2023-cü ilin mart və aprel aylarında tərtib edilmiş aktlar isə ona təqdim edilmədiyi üçün ümumiyyətlə həmin aktları hansı əsasla tərtib etdikləri, cəriməni necə hesabladıqları iddiaçıya məlum deyil. Lakin Cavabdeh İB-də həmin aktların hələ hazır olmaması ilə bağlı ona məlumat verilməsi, buna baxmayaraq artıq abonent hesabına həmin aylara görə də cərimə məbləğinin daxil edilməsi həmin aktların da saxta olduğunu sübut edir. Birliyin əməkdaşlarının dediyindən də məlum olur ki, onlar əvvəlcə abonent hesabına cərimə məbləğini daxil edirlər, daha sonra isə elə idarədə həmin məbləğə uyğun saxta cərimə aktları tərtib olunur. Digər tərəfdən fərdi yaşayış evinə 2 ay ücün 933 manat (abonent saldosunun qalıq və aktlar bölməsində göstərilənlərə əsasən) məbləğində cərimə hesablanması da həmin aktların tamamilə saxta olduğunu sübut edən digər haldır. Göstərilənlərdən əlavə “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair” aktlara, həmin aktlara əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə və aktlara əlavə edilmiş fotoşəkillərə diqqətlə nəzər yetirildiyi zaman həmin aktların saxta olması aydın şəkildə nəzərə çarpır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulmasına dair” aktlarda və həmin aktlara əsasən tərtib olunmuş Dəymiş ziyanın bərpasına dair tələbnamələrdə aşağıdakı digər çoxsaylı qanunsuzluqlar vardır. xx.xx.2022-ci il tarixli ******* saylı aktda qeyd olunmuşdur ki, guya “Əraziyə baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edildi”. Aktda qaz işlədiciləri kimi PQ-4, QSQ və dəmir soba göstərilmişdir Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dar tələbnamə”də isə göstərilmişdir ki, orta günlük is rejimi 24 saat, hesabat dövrü 120 gün olmaqla 17568 m3 həcmində (2108,16 manat dəyərində hesabat aparılsın. Ümumiyyətlə sayğac quraşdırılan tarixə qədər Cavabdeh İB-nin əməkdaşları bir dəfə də olsun iddiaçıya məxsus fərdi yaşayış evinə gəlməmiş, evin daxilinə baxış keçirməmişlər. Çünki 2022-ci ilin oktyabr ayına qədər evdə ümumiyyətlə heç kəs olmamışdır. Akt yalnız ‘Azəriqaz” İB-nin əməkdaşları tərəfindən imzalanmışdır və həmin aktın tərtib olunması ilə bağlı da Cavabdeh İB tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Akta əlavə edilmiş şəkildən isə məlum olur ki, həmin şəkil aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə küçə tərəfdən çəkilmişdir. Şəkildə isə yalnız yarıya qədər tikilmiş hasarın üzərində aşırdılmış boru görsənir, lakin həmin boru vasitəsilə təbii qazdan istifadə olunub-olunmadığını, ümumiyyətlə həmin borunun yeraltı qaz xəttinə qoşulduğunu müəyyən etmək mümkün deyildir. Halbuki həmin xətt o dövrdə ümumiyyətlə yeraltı küçə qaz xəttinə birləşdirilməmişdir. Digər tərəfdən də şəkildən təbii qazdan hansı formada istifadə edilməsi məlum deyil. Əgər həqiqətən də Cavabdeh İB-nin əməkdaşları tərəfindən evin qaz təchizatına baxış keçirilmiş olsa idi, o zaman evin daxilində təbii qazdan istifadə ilə bağlı (ən azı istifadə edilən qaz işlədicilərinin) da şəkillər çəkilib akta əlavə olunardı. Bu da təsdiq edir ki, Cavabdeh İB-nin əməkdaşları evə daxil olmamışlar və aktda qeyd olunan qaz işlədiciləri barədə olan məlumatlar da həqiqəti əks etdirmir. Həmin vaxt ev yaşayış üçün yararlı olmamış və ümumiyyətlə həmin dövrdə evdə qaz işlədiciləri də olmamışdır. Tələbnamədə göstərilmimiş orta günlük iş rejiminin 24 saat, hesabat dövrünün 120 gün olmaqla hesabatın aparılması isə Cavabdeh İB-nin əməkdaşlarının digər qanunsuzluqlarından biridir. Belə ki, həmin müddətin hansı hüquqi akta və sübuta əsasən müəyyən edilməsi məlum deyildir. İddiaçının israrla tələb etməsinə baxmayaraq hansı əsasla orta günlük iş rejiminin 24 saat, hesabatın 120 gün müddətində aparılması ilə bağlı da ona hər hansı bir sübut təqdim edə bilməmişlər. xx.xx.2022-ci il tarixli ******* saylı aktda qeyd olunmuşdur ki, guya “Sayğacsız qazdan istifadə edir”. Aktda qaz işlədiciləri kimi PQ- 4 və kombi 24 kv göstərilmişdir. Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamədə” isə göstərilmişdir ki, orta günlük iş rejimi 24 saat, hesabat dövrü 90 gün olmaqla 8208 m3 həcmində (984, 96 manat dəyərində) hesabat aparılsın. Yuxarıda da qeyd etdiyi kimi həmin tarixdə Azəriqaz” İB-nin əməkdaşları ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırmaq məqsədilə gəlmiş, sayğac quraşdırılaraq küçə xəttinə birləşdirilmiş, lakin ev yaşayış üçün yararlı olmadığı və evdə qaz işlədiciliəri quraşdırılmadığı üçün sayğacın çıxış borusu qaynaq vasitəsilə qapadılmış, sayğacın smart kartı aktiv edilməmişdir. Lakin daha sonra onlar həmin tarixə də qazdan qanunsuz istifadə edilməsi ilə bağlı saxta akt tərtib etmiş, aktda yuxarıda göstərilən qaz işlədiciləri qeyd olunmuş və cərimə hesablanmışdır. O zaman belə bir sual yaranır ki, əgər həmin tarixdə evdə qaz islədiciləri olmuşdursa onda niyə quraşdırılmış sayğacın çıxış borusu ‘Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaynaq vasitəsilə qapadılmış və sayğacın smart kartı pul ödənişləri ücün aktiv edilməmişdir?! Həmin akt da yalnız Azəriqaz” İB-nin əməkdaşları tərəfindən imzalanmışdır və həmin aktın tərtib olunması ilə bağlı da Azəriqaz” İB tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Akta əlavə edilmiş şəkillərdən isə məlum olur ki, həmin şəkil aktın tərtib edildiyi tarixdə deyil xx.xx.2022-ci il tarixdə küçə tərəfdən çəkilmişdir. Şəkildə isə yenə də yalnız yarıya qədər tikilmiş hasarın üzərində aşırdılmış boru görsənir, lakin həmin boru vasitəsilə təbii qazdan istifadə olunubolunmadığını, ümumiyyətlə həmin borunun yeraltı qaz xəttinə qoşulduğunu müəyyən etmək mümkün deyildir. Halbuki həmin xətt o dövrdə ümumiyyətlə yeraltı küçə qaz xəttinə birləşdirilməmişdir. Digər tərəfdən də şəkildən təbii qazdan hansı formada istifadə edilməsi məlum deyil. Əgər həqiqətən də Cavabdeh İB-nin əməkdaşları tərəfindən evdə qaz işlədiciləri aşkar edilmiş olsa idi o zaman evin daxilində təbii qazdan istifadə ilə bağlı (ən azı istifadə edilən qaz işlədicilərinin) da şəkillər çəkilib akta əlavə olunardı. Bu da təsdiq edir ki, aktda qeyd olunan qaz işlədiciləri barədə məlumatlar da həqiqəti əks etdirmir. Bir daha bildirir ki, həmin vaxt ev yaşayış üçün yararlı olmamış və ümumiyyətlə həmin dövrdə evdə qaz işlədiciləri də olmamışdır. Bundan əlavə yay ayında evdə kombi işlədilməsi ümumiyyətlə ağlabatan deyil. Digər tərəfdən aktda qaz işlədiciləri kimi PQ-4 və kombi 24 kv göstərilsə də tələbnamədə hesabat aparılarkən PQ-3 və 30 kv-luq kombi qeyd olunmaqla hesabat aparılmışdır. Bu hal da sübut edir ki, Azəriqaz” İB tərəfindən tərtib olunmuş sənədlər tamamilə saxtadır. Orta günlük iş rejiminin 24 saat, hesabat dövrünün 90 gün olmaqla hesabatın aparılması ilə bağlı da hər hansı bir normativ sənəd və hər hansı bir sübut yoxdur. xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd olunmuşdur ki, guya “Sayğacdan kənar xətt aşkarlandı”. Aktda qaz işlədiciləri kimi PQ-3, QSQ və radiator göstərilmişdir. Həmin akta əsasən tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də isə göstərilmişdir ki, orta günlük iş rejimi 24 saat, hesabat dövrü 180 gün olmaqla 22032 m3 həcmində (2643,84 manat dəyərində) hesabat aparılsın. Həmin tarixdə də Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus fərdi yaşayış evinə gəlməmiş, evin daxilinə baxış keçirməmişlər. Akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmışdır və həmin aktın tərtib olunması ilə bağlı da Cavabdeh İB tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Akta əlavə edilmiş şəkillərdən isə məlum olur ki, həmin şəkillər akt tərtib edilən tarixdən (akt xx.xx.2023-cü ildə tərtib edilib) bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə çəkilmişdir. Lakin həmin akta əlavə edilmiş fotoşəkillərdən sayğacdan kənar xəttin harda olduğunu müəyyən etmək mümkün deyildir (ümumiyyətlə belə bir qoşulma olmamışdır). Hətta həmin fotoşəkillərdən də görsənir ki, sayğacın çıxış xətti qaynaq vasitəsilə qapadılmışdır və həmin vaxt evdə işləyən ustalar tərəfindən evdə qaz balonu vasitəsilə propan qazından istifadə olunmuşdur. Digər tərəfdən əgər həqiqətən də ‘Cavabdeh İB-nin əməkdaşları tərəfindən evin qaz təchizatına baxış keçirilmiş olsa idi, o zaman evin daxilində təbii qazdan istifadə ilə bağlı (ən azı istifadə edilən qaz işlədicilərinin) da şəkillər çəkilib akta əlavə olunardı. Bu da təsdiq edir ki, Cavabdeh İB-nin əməkdaşları evə daxil olmamışlar və aktda qeyd olunan qaz işlədiciləri barədə məlumatlar da həqiqəti əks etdirmir. Orta günlük iş rejiminin 24 saat, hesabat dövrünün 180 gün olmaqla hesabatın aparılması ilə bağlı da hər hansı bir normativ sənəd və hər hansı bir sübut yoxdur. Ümumiyyətlə isə qeyd edilən cihazların eyni vaxtda 24 saat, ərzində dayanmadan fasiləsiz işlədilməsi də ağılasığmazdır və həm müddətlərin hansı formada müəyyən edilməsi də iddiaçıya məlum deyildir. 2023-cü ilin mart və aprel aylarında tərtib edilmiş aktlar ona təqdim edilmədiyi üçün həmin aktların nəyə əsasən tərtib edildiyindən o, məlumatsızdır ancaq əmindir ki, həmin aktlarda da ən azı yuxarıda qeyd olunan pozuntulara yol verilmişdir. Bundan başqa qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, aktların istehlakçı bölməsində iddiaçının adı göstərilmiş və guya onun akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bütün bunlara əsasən demək olar ki, Cavabdeh İB-nin əməkdaşları heç də ona məxsus evə gələrək qüsuru müəvvən etməmiş, elə hər ay standart saxta aktları gəlmədən tərtib etməklə iddiaçının adının qarşısına “imtina” yazmışlar. Göründüyü kimi ona məxsus fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır və yalnız onların iradə ifadəsini özündə əks etdirir. İddiaçı “Azəriqaz" İB-yə gedərək əgər həqiqətən də ona məxsus evə daxil olmuşlarsa bununla bağlı fotoşəkilləri və digər sübutları tələb etməsinə baxmayaraq onlar təbii qazdan qeyri-qanuni istifadə halını necə aşkar etdikləri, hansı qanuna və ya normativ hüquqi akta əsasla cərimə yazdıqları, hansı tarixlərdə onun evində olduqları, istifadə etdiyi qaz işlədicilərini hansı formada müəyyən etdikləri hesabat müddətinin necə müəyyən olunması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişlər. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 (Cavabdeh İB tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi kimi qeydə alınmış) ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00027) Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 6670,08 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2023-cü il üçün 6670,08 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında qaz sayğacına baxış keçirilmiş və “sayğacsız qazdan istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1232 saylı, 11 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iş aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətində “sayğacsız qazdan istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 6670,08 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1232 saylı, 11 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iş aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 6670,08 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 86,71 manat məbləğində dövlət rüsumu və 110 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında (abonent kodu: **********00027) dair əsassız hesablanmış 6670,08 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 86,71 (səksən altı manat yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar