Məhkəmə qərarları › İş №2(011)-4154/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4154/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4154/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması və avtomobilin qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – xx.xx.2018-ci il tarixli 1801/0471 saylı daxili lizinq müqaviləsi və həmin müqaviləyə əsasən bağlanmış xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 1801/0471 saylı daxili lizinq müqaviləsinə əlavə-sazişə xitam verilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan “İnfiniti” markalı “FX-35” modelli ** PS *** qeydiyyat nömrəli avtomaşının cavabdehlərin qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMCyə qaytarılması, İddiaçı MMC-nin xeyrinə cavabdehlərdən 9086 manat əsas lizinq borcu, 5610 manat vaxtı keçmiş faiz borcu, 18505 manat hesablanmış penya, tərtib edilmiş protokollar üzrə 280 manat cərimə və cərimə meydançasında saxlanıldığı müddətdə hesablanmış 240 manat dayanacaq haqqı olmaqla, cəmi 33721 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 192 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 1801/0471 saylı daxili lizinq müqaviləsinə əlavə-sazişə əsasən xx.xx.2018-ci il tarixli 1801/0471 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklər X5 Cavabdeh2 ötürülmüşdür. Həmin daxili lizinq müqaviləsinə əsasən ümumi dəyəri 17500 manat olan 1 ədəd “İnfiniti” markalı “FX-35” modelli ** PS *** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, X7 müvəqqəti sahiblik və istifadəyə vermişdir. X9 isə öz növbəsində 12250 manat məbləğində borcu illik 32% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin daxili lizinq müqaviləsi üzrə öhdəliklər xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 1801/0471 saylı daxili lizinq müqaviləsinə əlavə-sazişə əsasən Cavabdeh2 ötürülmüşdür. Cavabdeh2 daxili lizinq müqaviləsinə 36 ay müddətinə illik 32% faiz olmaqla mütəmadi olaraq hər ay 534 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədar cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh, o, lizinq obyektini geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda cavabdeh lizinq borcunu da ödəmir. Həmçinin “İnfiniti” markalı "FX-35” modelli ** PS *** qeydiyyat nömrəli avtomobil cavabdehlər tərəfindən idarə edilərkən yol hərəkəti haqqında qanunun tələblərini pozaraq inzibati qaydada cərimə edilmişdir. Tərtib edilmiş protokollar üzrə cərimə 280 manat təşkil edir. Həmçinin avtomobil xx.xx.2020-ci il tarixdə cərimə meydançasına yerləşdirilmiş və xx.xx.2020-ci il tarixə qədər cərimə meydançasında qalmışdır. Cərimə meydançasında saxlanıldığı müddətdə 240 manat dayanacaq haqqı hesablanmışdır. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 9086 manat əsas lizinq borcu, 5610 manat vaxtı keçmiş faiz borcu, 18505 manat hesablanmış penya, tərtib edilmiş protokollar üzrə 280 manat cərimə və cərimə meydançasında saxlanıldığı müddətdə hesablanmış 240 manat dayanacaq haqqı, cəmi 33721 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli 1801 /0471/ZM-01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh2 xx.xx.2018-ci il tarixli 1801/0471 saylı daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin zaminlik müqaviləsinə əsasən Zamin və Lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda Lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin xx.xx.2019-cu il tarixli 1801/0471/ZM-02 saylı zaminlik müqaviləsinə əsasən Bədiyev X1 İlkin Murad oğlunun xx.xx.2018-ci il tarixli 1801/0471 saylı daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və Lizinq alanın Lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 1801/0471 saylı X3 7.9-cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Lizinq alan Cavabdeh2 müraciəti əsasında zamin Cavabdeh3 Alver qızına lizinq obyektini idarə etməsi üçün etibarnamə verilmiş və avtomobili Cavabdeh3 idarə etmişdir. İddiaçının nümayəndəsi X8 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatda əlavə sazişin ləğv edilməsinə etiraz etmədiyini, mübahisəli avtomobilin iddiaçının istifadəsində olduğunu bildirirərək, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli № 1801/0471 saylı X3 surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan X9 arasında bağlanmış müqaviləyə əsasən lizinq verən müqavilənin predmeti olan və 1 saylı Əlavədə göstərilən “İnfiniti” markalı "FX-35” modelli ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə bağlanmış, lizinq ödənişlərinin ümumi məbləği isə 17500 manat illik 32 faizlə müəyyən edilmişdir. Lizinq alan lizinq obyektini lizinq verənin tələbi ilə geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 1801/0471 saylı daxili Lizinq müqaviləsinə əlavə sazişin surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan X9 və üçüncü tərəf Cavabdeh2 arasında bağlanmış sazişə əsasən lizinq alan X9 daxili lizinq müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirə bilmədiyinə görə 1801/0471 saylı daxili lizinq müqaviləsində göstərilən hüquqlar və vəzifələr lizinq verən İddiaçı MMC-nin yazılı razılığı ilə Cavabdeh2 ötürülmüşdür. İş materiallarında olan lizinq verən İddiaçı MMC, lizinq alan Cavabdeh2 ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh2 lizinq müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan lizinq verən İddiaçı MMC, lizinq alan Cavabdeh2 ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 lizinq müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ƏİR seriyalı, 838655 nömrəli birdəfəlik dayanacaq haqqı qəbzin surətindən görünür ki, 240 manat cərimə ödənilərək avtomobil dayanacaqdan çıxarılmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 9086 manat əsas, 5610 manat faiz, 18505 manat cərimə borcu olmaqla, cəmi 33201 manat borcu vardır. İş materillarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş xx.xx.2022-ci il tarixli 9/4875 saylı rəydən görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə olan borcu xx.xx.2020-ci il tarixinə 8924,39 manat əsas, 475,97 manat faiz borclu olmaqla, ümumilikdə 9400,36 manat, xx.xx.2022-ci il tarixinə 8924,39 manat əsas, 4767,61 manat faiz borcu olmaqla ümumilikdə 13692 manat müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Qeyd edilən Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında daxili lizinq müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklər X5 Cavabdeh2 ötürülmüşdür. Lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh2 istifadəsinə və sahibliyinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas, faiz və cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). Məhkəmə iddia tələbinin “İddiaçı MMC-nin xeyrinə cavabdehlərdən 9086 manat əsas lizinq borcu, 5610 manat vaxtı keçmiş faiz borcu, 18505 manat hesablanmış penyanın tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddiaçı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə cavabdehlərdən əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4875 saylı rəyi ilə Cavabdeh2 İddiaçı MMC-yə 8924,39 manat əsas, 475,97 manat faiz borclu olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4875 saylı ekspert rəyini qiymətləndirir və onu sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, cərimə borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, lizinq müqaviləsi üzrə iddia ərizəsində göstərilən cərimənin 18505 manat məbləğində deyil, 800 manat məbləğində müəyyən edilməsi ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə həmçinin iddianın “lizinq obyekti olan avtomobilin lizinq verənə geri qaytarılması” barədə hissəsini araşdıraraq hesab edir ki, iş materialları və iddiaçının nümayəndəsinin 30 noyabr 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatla avtomobilin lizinq verənə geri qaytarılması müəyyən edildiyindən, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “tərtib edilmiş protokollar üzrə 280 manat cərimə və cərimə meydançasında saxlanıldığı müddətdə hesablanmış 240 manat dayanacaq haqqının iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, yol hərəkəti qaydalarının pozulmasına görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 280 manat məbləğində cərimə borcu yaranmışdır. Lakin həmin cərimənin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edirki iddia tələbinin həmin hissəsi əsassız olduğundan təmin edilə bilməz. Həmçinin, avtomobilin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər cərimə meydançasında olması və həmin dövrdə hesablanan 240 manat dayanacaq haqqının iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğin cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “xx.xx.2018-ci il tarixli 1801/0471 saylı daxili lizinq müqaviləsi və həmin müqaviləyə əsasən bağlanmış xx.xx.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında 1801/0471 saylı daxili lizinq müqaviləsinə əlavəsazişə xitam verilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi müqavilə 36 ay müddətinə bağlanmış və xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, müqavilənin hazırkı dövrdə hüquqi qüvvəsini itirmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə eyni zamanda iddianın 192 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 192 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci olan 50 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, ekspertiza tədqiqatından göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat məbləğindədir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza xərcinə daxil olan 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 8924,39 (səkkiz min doqquz yüz iyirmi dörd manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 475,97 (dörd yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 800 (səkkiz yüz) manat dəbbə pulu, avtomobilin cərimə meydançasında saxlanıldığı müddətdə hesablanmış 240 (iki yüz qırx) manat dayanacaq haqqı olmaqla, cəmi 10440,36 (on min dörd yüz qırx manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti, 192 (yüz doxsan iki) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı MMC-yə ödənilsin. 50 (əlli) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar