Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4176/2023 27.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq yazılmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 25-də yerləşən çörək köşkü - abonent kodu 12/48-45 olan obyektə əsassız borc olaraq yazılmış 1.000,90 manatın "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 25-də yerləşən çörək köşkü iddiaçının istifadəsindədir. Həmin ünvanda abonent kodu 12/48-45 olmaqla, cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təchiz olunmaqda idi. İddiaçı tərəfindən həmişə vaxtaşırı ödənilməklə həmin ünvanda elektrik enerjisindən istifadə edilib. Həmin ünvanda yerləşən çörək köşkü iddiaçıdan qabaq “Xəyal Şirkəti”nə aid olmuşdur. 2010-cu ilin dekabr ayında şirkətin rəhbəri vəfat etdikdən sonra həmin çörək köşkü iddiaçıya verilmişdir. 2011-ci ildən həmin köşkdə çörək satmaqla iddiaçı ailəsini dolandırmağa başlamışdır. 06 iyul 2011-ci ildən həmin çörək köşkünə aid olan sayğacı dəyişdirərək təzə sayğac quraşdırmışlar. Bir müddət işlədikdən sonra iddiaçıya məlum olmuşdur ki, “Xəyal Şirkəti”nin "xxxx" ASC-yə 1.000,90 manat məbləğində qalıq borcu yaranmışdır. "xxxx" ASC-yə yaxınlaşaraq borcun ona aid olmadığını bildirdikdə, cavabdehin nümayəndəsi borcun silinəcəyini bildirmişdir. 18 iyul 2011-ci ildən 09 mart 2023-cü ilədək sərf edilən elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. 25 mart 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən çörək köşkünə aid olan sayğacın elektrik enerjisi dayandırılmışdır. 17 aprel 2023-cü il tarixdə "xxxx" ASC-yə məktubla müraciətinə baxmayaraq iddiaçıya bildirilmişdir ki, hesabatın tətbiq edildiyi son müddətdən 12 il keçdiyi üçün hesabata yenidən baxılması mümkün deyildir. Məktubda qeyd edilmişdir ki, obyektdə elektrik hesabat sayğacının olmadığı üçün sərf olunan elektrik enerjisinin hesabatı işlədicilərin gücünə görə metodik hesabatla aparılmışdır. İddiaçıdan qabaq da həmin obyektin hesabat sayğacı olmuşdur. Sayğacın olmasına baxmayaraq hesabat ayda 19.86 manat metodik hesabatla aparılmışdır. Həmin kiçik çörək köşkünün cəmi 1 lampası olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 25-də yerləşən çörək köşkü iddiaçının istifadəsindədir. 2011-ci ildən həmin ünvanda elektrik sayğacı quraşdırılmışdır. Həmin vaxta qədər qeyd olunan ünvanda itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə sərf olunan elektrik enerjisinin hesabatı işlədicilərin gücünə görə metodik hesabatla aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan sayğaca 1.000,90 manat borc hesablanmış və hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Elektrik enerjisindən istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu: 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, istehkaçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. 11-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddiaçının istifadəsində olan çörək köşkünə 2011-ci ilin iyul ayından elektrik sayğacı quraşdırılmışdır. Həmin vaxta qədər qeyd olunan ünvanda itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə sərf olunan elektrik enerjisinin hesabatı işlədicilərin gücünə görə metodik hesabatla aparılmışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıdan qeyd olunan borc məbləğinin tələb edilməsi əsassızdır. Belə ki, iddiaçıdan tələb edilən borcun nə vaxt, hansı əsaslarla hesablanmasını müəyyən etmək mümkün deyil. Həmçinin, tələb edilən borcun iddiaçıya aid olması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və bu hal sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, borcun iddiaçıya aid olması sübuta yetirilsə belə hazırda həmin məbləğ iddiaçıdan tələb edilə bilməzdi. Belə ki, vaxtaşırı ödənişlərlə bağlı borcun tələb edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş beş illik müddət ötürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı 12/48-45 saylı abunə koduna hesablanmış 1.000,90 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********50010 saylı abunə koduna hesablanmış 1.000,90 (bir min manat doxsan qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30.01 (otuz manat bir qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4176/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4176/2023
27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver