Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4178/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küç. ünvanda yerləşən evə (kod:**********00036) əsassız olaraq hesablanmış 1373,76 manat cərimə borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanda yaşadığı müddət ərzində təbii qazdan qanuna uyğun formada istifadə etdiyini, istehlak etdiyi təbii qazın dəyərini ödədiyini bildirmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının xəbəri olmadan Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evinə gəlmiş və guya iddiaçının təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bu səbəbdən, iddiaçıya qarşı akt tərtib olunmuş, itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1373,76 manat məbləğində əsassız borc yazılmışdır. İddiaçı sözügedən aktın onun iştirakı olmadan tərtib olunduğunu və yalnız Birliyin əməkdaşları tərəfindən imzalandığını bildirmişdir. Həmin dövrdə qış ayları olduğundan və onların müraciətlərinə baxmayaraq Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacı quraşdırılmadığına görə, məcbur olub sayğac olmadan qazdan istifadə etmişlər, bu hal təxminən bir ay yarım iki ay müddətində davam etmiş, bundan sonra yuxarıda qeyd edilən akt tərtib edilmiş və qısa müddət sonra qaz sayğacı quraşdırılmış, qazdan istifadəni sayğac əsasında həyata keçirmişlər. Sayğac quraşdırıldıqdan sonra hər ay təxminən 60-70 manat dəyərində təbii qazdan istifadə etmişlər. Bununla belə, cavabdeh tərəfindən tərtib edilmiş Akt əsasında yazılmış borc məbləği həddindən artıq şişirdilmiş, reallığı əks etdirməyən rəqəmlərdir. Belə ki, Birliyin əməkdaşları iddiaçıya məxsus ünvanda istifadə olunan məişət qaz cihazların adı, onların saatlı sərfiyyatı və orta günlük iş rejimi göstərilməklə hesabat aparmışdırlar. Həmin hesabat sənədlərində iddiaçıya məxsus ünvanda guya PQ-3 tipli qaz peçinin, QSQ-nin və İran sobasının olması qeyd edilmişdir. Cihazlarıb saatlıq qaz sərfiyyatı müvafiq olaraq 0,8 kub/metr, 1,5 kub/metr, 1,5 kub/metr, cihazların orta günlük iş rejimi 12 saat, hesabat 180 günlük dövr üçün aparılmışdır. İddiaçı hər hansı bir qaz cihazının 180 gün ərzində 12 saat fasiləsiz işləməsini mümkün hesab etmir və belə bir halın olması istehsalçılar üçün qadağan olunmuşdur. Digər tərəfdən isə sözügedən ünvanda 180 gün ərzində eyni həcmdə qaz sərfiyyatının olması heç bir halda ağlabatan deyildir. Bundan əlavə Birliyin əməkdaşları heç bir əsas olmadan əsassız yazılmış borcu daha 3420 kub metr şişirtmişlər. İddiaçı Birliyin əməkdaşları tərəfindən reallığı əks etdirməyən məlumatların tərtib olunmuş akta daxil etmələri barədə məlumat vermişdir. Belə ki, iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvanda aktlarda qeyd olunan məişət qaz cihazlarından yeganə 1 ədəd PQ-4 tipli qaz peçi mövcuddur. Sonda İddiaçı onun hesabına əsassız olaraq yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “Mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacsız istifadə edildiyi aşkar olundu” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00036) itirilmiş qazın bərpası üzrə 11448 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı **********00036 saylı abonent koduna 12/2023-cü il üçün 1373,76 manat borc yazılmış, 03/2024-cü il üçün ayın sonuna borc 1238,26 manat hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küç. ünvanında yerləşən evə quraşdırılmış **********00036 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan istifadə edir, xx.xx.2023-cü il tarixdə onun yaşadığı evə (təbii qazdan istifadəyə) cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman “Mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacsız istifadə edildiyi aşkar olundu” əsası ilə cavabdeh tərəfindən iddiaçının abonent hesabına itirilmiş qazın bərpası məqsədilə 1373,76 manat borc hesablanmışdır, iddiaçı həmin borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, sayğaca qanunsuz qoşulma hallarında, qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Bununla belə, cavabdeh tərəfindən hesablama bu şərtlərə əməl edilmədən aparılmış, qaz qurğularının orta günlük iş rejimi 24 saat kimi qəbul edilmiş, ilin mövsümü və əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının abonent koduna hesablanmış əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçıdan silinməli olan borc məbləğinə münasibətə qeyd edir ki, bu zaman sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyəri, qanunvericiliyə uyğun olaraq, sayğacın olmadığı iki aylıq dövrdə istifadə edilmiş qazın dəyəri orta aylıq sərfiyyata uyğun olaraq, 2024-cü ilin yanvar, fevral və mart aylarının 140 manat həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, əsassız olaraq hesablanmış 1373,76 manat borcdan 1233,76 (1373,76-140=1233,76) manat borc silinməlidir. Məhkəmə bundan əlavə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə etməsi faktı öz təsdiqini tapmamışdır, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 1233,76 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********00036 saylı abonent koduna hesablanmış 1233,76 manat məbləğində borc pul silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi (1233,76) nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 32,34 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00036 saylı abonent koduna hesablanmış 1233 (min iki yüz otuz üç) manat 76 (yetmiş altı) qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 32 (otuz iki) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4178/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4178/2024
12.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver