Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4201/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanda quraşdırılmış sayğacı ilə bağlı Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesablanmış 447 manat 30 qəpik məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 27.05.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ona məxsus ünvan 1 ünvana hesablanmış 1944 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır, həmin ünvana məxsus qaz sayğacının kartına pul yüklədiyi zaman onun yarı hissəsi Azəriqaz İB tərəfindən borca görə tutulduğunu görmüşdür, Azəriqaz İB-nin yerli şöbəsinə müraciət etdikdən sonra isə ona məlum olmuşdur ki, heç bir əsas olmadan hesabına 1944 manat borc yazılmışdır və bu səbəbdən karta yüklənilən pulun 50 faizi borca tutulur, Birliyin əməkdaşları bu borcu silməkdən boyun qaçırdıqlarına görə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-in əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş aktda sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyənləşdirilmiş, 1944 manat cərimə borcu hesablanmış və həmin məbləğ də iddiaçıdan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03.07.2018-ci il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvanda “İTRON G-4” markalı 1202AQ**********5 nömrəli qaz sayğacı çıxarılaraq, yeni “İTRON G-4” markalı 1802AZ**********43 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.07.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda Cavabdeh İB-nin 29/1710-00894-32 saylı rəyinə əsasən 1202AQ**********5 nömrəli sayğacın çıxış plastmas borusunun deşik olması barədə nöqsan qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 27.07.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 9720 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmışdır. İş materiallarında olan İddiaçı Gasrep sənədindən görünür ki, onun abonent koduna 10/2018-ci il üçün 1944 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı Abonent saldosundan görünür ki, onun abonent koduna 10/2018-ci il üçün 1944 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmişdir, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1944 manat tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********20000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1944 manat məbləğində borc silinməlidir. Dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməlidir. İddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Re spublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********20000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4201/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4201/2021
27.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver