Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4227/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 36 saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakı üzərində iddiaçının ½ payının müəyyən edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəi 36 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə mərhum atası X7 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin etibarsız sayılması və iddiaçının atasından qalan miras əmlak olan ünvan 1 ünvanında ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə əqəbul ediməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailədə iki uşaq olmuşlar- iddiaçı və Cavabdeh1. Atası X7 yataq xəstəsi olmuş, iddiaçı bir qız övladı olaraq həmişə onun qayğısında olmuş və xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Qardaşı Cavabdeh1 2011-ci ildən Ukrayna Respublikasına köçmüş o vaxtdan öz ailəsi ilə orada yaşamışdır. O, bir oğul övladı kimi bir gündə olsun valideynlərinin xəstə vaxtlarında qayğısını belə çəkməmişdir. Atası sağ olarkən ona və qardaşına 23 iyun 2016-ct il tarixli vəsiyyətnamə vermişdir ki, ölən gündən ona məxsus bütün əmlakları onlara vəsiyyət etmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, atası 26 noyabr 2016-cı il tarixli Bakı şəhər, Xətai rayonu ərazisində fəaliyyət göstərən 36 saylı notariat ofisində qardaşı, yəni digər Cavabdeh1 vəsiyyətnamə vermişdir. İddiaçı əminliklə bildirir ki, atası bir qız övladı kimi iddiaçını çox istəyirdi və o daim qeyd edirdi ki, oğul övladı olmasına baxmayaraq onun mülkiyyətində olan mənzili iddiaçıya verəcəyini bildirirdi. İddiaçı da şübhə yaranır ki, atası ilə qardaşı arasında vəsiyyət edilən 26 noyabr 2016-cı il tarixli vəsiyyətnamə atasının iştirakı və imzası olmadan keçirilmişdir. Aralarında yaranmış əmlak mübahisəsi ilə bağlı Bakı şəhər Xətai rayon Məhkəməsində iddiaçının atasından qalan mənzilə köçürülməyi ilə bağlı iddia tələbi təmin edilmiş və buna dair 8 avqust 2024-cü il tarixli 3082 saylı qətnamə belə mövcuddur. Qətnamə qanuni qüvvəsini almış və iddiaçı hal-hazırda azyaşlı uşaqlarında birlikdə həmin atasından qalan ünvan 2 ünvanında yaşayır. Həmin mənzildə iddiaçıya məxsus mənzil-məişət avadanlıqlarının və ona məxsus digər əmlakın cavabdeh tərəfindən oğurlandığı üçün məhkəmə çəkişməsi olmuşdur. Bu barədə mövcud qətnamə də var. Məhkəmənin diqqətinə qardaşı tərəfindən ona qarşı edilən bir qanunsuz hərəkəti də çatdırır ki, atası vəfat etdikdən sonra o, öz həyat yoldaşı olan Ukrayna Respublikası vətəndaşı yəni əcnəbi bir sakini də atasına məxsus olmuş hazırda mübahisəli mənzilə saxta yolla müvəqqəti qeydiyyata salmışdır. Onun bu və ya digər qanunsuz hərəkətləri iddiçaya rəvac verir ki, atası onun arasında bağlanan mübahisəli vəsiyyətnamə saxtadır. Bu səbəbdən də iddiaçı obyektivlik öz yerini tapması üçün mübahisə və zərurət geniş yarandığından pozulmuş hüquqlarımın bərqərar olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: AZ-İİ №385410 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023cü il tarixində ölmüşdür. BŞİK-108 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş mərhum atası X1 bütün dəfn və mərasim xərclərini həqiqətən qızı İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X7 ölən günədək ona məxsus olan bütün əmlakı onunla eyni ünvanda yaşayan Cavabdeh1 və Süleymanova (Dadaşbəyova) Nigar Tofiq qızına vəsiyyət edir. xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X4 ölən günədək ona məxsus olan ünvan 3 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh1 vəsiyyət etmişdir. ünvan 4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, notariat ofisində xx.xx.2021-ci il tarixində yanğın hadisəsi baş vermişdir. Notariat ofisində yanğınla əlaqədar olaraq çox sayda sənədlər o cümlədən xx.xx.2016-cı il tarixli, 2V-77 reyestr nömrəli vəsiyyətnamə və vəsiyyətnaməyə əlavə edilmiş sənədlər yanmışdır. Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 dəfn xərcini İddiaçı çəkmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3082/2024 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, İddiaçı azyaşlı övladları – xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsaən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Bu konstitusion normada təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Mülki Məcəllənin vərəsəlik anlayışını müəyyən edən 1133-cü maddəsinə görə,ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunverici qanun üzrə vərəsəliyin mümkünlüyünü vəsiyyətnamənin olmaması və ya etibarsız sayılmasından asılı etmişdir ki, bu həm də vəsiyyətnamənin qüvvədən düşməsi ilə bağlı nəticələri də ehtiva edir, çünki əks yanaşma, yəni qüvvədən düşmüş vəsiyyətnamənin hər hansı hüquqi nəticə yaratma qabiliyyəti olmadığı halda bu cür vəsiyyətnamənin mövcudluğunun qanun üzrə vərəsəliyi qabaqlaması vərəsəliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mahiyyətinə zidd olardı. Bununla bərabər, Mülki Məcəllənin vəsiyyətnamənin dəyişdirilməsi imkanları adlanan 1220-ci maddəsinin tələblərinə görə isə, vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə dəyişdirə və ya ləğv edə bilər. Belə ki, vəsiyyətnamənin ləğv edilməsi və dəyişdirilməsi vəsiyyət edən şəxsin hüququdur. Bu hüququ yalnız vəsiyyət edənin ozu həyata keçirə bilər. Vəsiyyətnamənin ləğv edilməsi onun vəsiyyət edən tərəlındən geri götürülməsi deməkdir. Bunun nəticəsində vəsiyyətnamənin hüquqi qüvvəsinə xitam verilir. Vəsiyyət edənin vəsiyyətnaməni ləğv etmə imkanı Azərbaycan Respublikasının vərəsəlik hüququnun vəsiyyətnamənin geri götürülməsi (geri çağırılması) prinsipi ilə bağlıdır. Bu prinsip isə vəsiyyət edənin iradə ifadəsinin bir qayda olaraq, birtərəfli xarakter daşımasma və geri götürülmək (geri çağırılmaq) xüsusiyyətinə malik olmasma əsaslanır. Həmin prinsipə görə, vəsiyyət edən hələlik sağdır, o, vəsiyyətnaməni istənilən vaxt geri götürə bilər. Vəsiyyətnamənin ləğv edilməsi dedikdə, vəsiyyət edən tərəfindən vəsiyyətnamənin geri götürülməsi və bunun nəticəsmdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Mülki qanunvericilikdə və sivilistika elmində (doktrinasında) vəsiyyətnamənin bir neçə üsulla (yolla) ləğv edilməsi göstərilir. Yeni vəsiyyətnamənin tərtib edilməsi bu üsullardan birincisidir (MM-in 1220-ci maddəsinin 1-ci bəndi). Bu üsul özü iki yolla həyata keçirilir: birbaşa yolla; dolayısı yolla. Birbaşa yolun mahiyyəti ondan ibarətdir ki, vəsiyyət edən yeni vəsiyyətnamə tərtib edir və orada özünün əvvəl tərtib etdiyi vəsiyyətnamənin ləğv edilməsinin düzünə göstərir və yeni vərəsə təyin edir. Başqa sözlə desək, vəsiyyət edən sonradan tərtib etdiyi vəsiyyətnamədə birbaşa göstərir ki, o, əvvəl tərtib edilən vəsiyyətnaməni (və ya vəsiyyətnamələri) ləğv edir və yeni vərəsə təyin edir. Bu halda yeni vəsiyyətnami əvvəlki vəsiyyətnamənin hüquqi qüvvəsinə xitam verilməsinə səbəb olur. Amma yeni (sonradan tərtib edilmiş) vəsiyyətnamə özündə təzə vəsiyyət sərəncamı ifadə etməlidir. Əgər vəsiyyət edən yalnız əvvəlki vəsiyyətnamənin ləğvini yazılı surətdə bəyan edərsə, bu bəyanata vəsiyyətnamə kimi baxmaq olmaz. Ona görə ki, həmin bəyanatda vəsiyyətnamənin labüd (məcburi) əlamətləri, hər şeydən əvvəl, vərəsə təyin etmək əlaməti yoxdur. Dolayısı yol belə bir qaydaya əsaslanır ki, bu qaydaya görə, vəsiyyət edən tərəfindən müxtəlif vaxtlarda tərtib olunan və eyni bir məsələyə toxunan iki və ya bir neçə vəsiyyətnamədən tərtib olunma tarixinə (müddətinə) görə sonrakı vəsiyyətnamə (sonradan tərtib edilmiş vəsiyyətnamə) hüquqi qüvvəyə və əhəmiyyətə malik olur. İş materiallarından mübahisəsiz qaydada görünür ki, mirasqoyan son iradəsini xx.xx.2016-cı il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, X4 ölən günədək ona məxsus olan ünvan 3 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Bununla da o, əvvəlki vəsiyyətnaməni dolayı yol ilə ləğv etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəi 36 saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakı üzərində iddiaçının ½ payının müəyyən edilməsi” barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4227/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4227/2025
17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver