Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4261/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh tərəfindən cərimə kimi yazılmış 4542,48 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, bir müddət öncə cavabdeh təşkilatın əməkdaşları, onun evində qeyri-qanuni, sayğaca müdaxilə edilməsini bəhanə edərək, evinə cərimə yazmışdırlar, halbuki evində sayğaca heç bir müdaxilə olmamışdır, bu müddət ərzində qazdan istifadəyə görə kifayət qədər vəsait ödəmişdir, evdə qazdan istifadəyə görə heç vaxt problem olmamışdır, lakin indi ondan borcun ödənilməsini tələb edirlər, amma bu borc əsassızdır, bu səbəbdən borcun silinməsini istəyir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən sayğaca müdaxilə olunduğu aşkar olunmuş bu səbəbdən aktlar tərtib olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının abonent koduna borc kimi hesablanmış və həmin məbləğ də hazırda ondan tələb edilir. Sonda R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 02 may 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı Zinner G-4 markalı **********211 saylı qaz sayğacı yeni G- 4 markalı **********956 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “qaz paylayıcı tərəfindən sayğacın yivli birləşmələrinə vurulmuş plomb aşkar edilməməsi” nöqsanı qeyd edilmiş, qaz sayğacına baxış keçirilərək plomb vurulması və dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 28 iyun 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən 72 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 sentyabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən 72 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 29 noyabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən 1422 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 31 yanvar 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən 1314 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 28 fevral 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən 864 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 aprel 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən 864 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 dekabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən 2952 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 yanvar 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* №-li akta əsasən 2952 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 05 mart 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* №-li akta əsasən 492 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 28 fevral 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* №-li akta əsasən 2952 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli “Abonent saldo”sundan görünür ki, “Qalıq və aktlar” bölməsinə İddiaçı **********00912 saylı abonent koduna 2018-ci il üçün 799,2; 2019-cu il üçün 907,2; 2020-ci il üçün 639,6; 2022-ci il üçün 15,84; 2020-ci il üçün əlavə olaraq 2876,2 manat borc yazılmışdır.04/2023-cü il tarixə 4542,48 manat təşkil edir. İş materiallarında olan 18 may 2023-cü il tarixli “Gasrep” sənədindən görünür ki, İddiaçı **********00912 saylı abonent koduna 05/2020-ci il tarixi üzrə 2886,2 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “qaz paylayıcı tərəfindən sayğacın yivli birləşmələrinə vurulmuş plomb aşkar edilməməsi” əsası ilə aktlar tərtib olunmuşdur, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 4542,48 manat borc hesablanmışdır, iddia tələbi həmin borcun silinməsi barədədir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 4542,48 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00912) yazılmış 4542,48 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumu məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (4542,48 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 65,43 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00912 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 4542 (dörd min beş yüz qırx iki) manat 48 (qırx səkkiz) qəpik borc silinsin. Cavabdehndən 65 (altmış beş) manat 43 (qırx üç) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4261/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4261/2023
20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver