Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4271/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Əliyev Zaur Rəhman oğlunun iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlə 30.11.2019-cu il tarixli müqaviləsinə əsasən “Apple” markalı 2 ədəd qol saatı üçün 2356 ödənilməmiş hissə, 621 manat cərimə borcu olmaqla, ümumilikdə 2977 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3007 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.R. Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 30.11.2019-cu il tarixli müqaviləyə əsasən Apple markalı 2 ədəd qol saatı almış, lakin müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2864 manat (yəni 18 ay x 148 manat + 200 manat ilkin ödəniş) Apple markalı 2 ədəd qol saatı üçün ondan 2356 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 621 manat cərimə borcu olmaqla, ümumilikdə 2977 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 508 manat təşkil edir. Hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda Z.R. Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeharasında 30.11.2019-cu il tarixdə 01088599 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 2 ədəd Apple watch 5 (44 mm) cavabdehə satılmışdır. İş materiallarında olan 30.11.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, 2 ədəd Apple watch 5 (44 mm) Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, 30.11.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd Apple Watch 5 üçün borcu, ödənilməmiş məbləğ 2356 manat, dəbbə pulu 621 manat, təşkil edir. Hal-hazırda Cavabdeh cəmi ödənilməmiş əsas borcu 2356 manat, dəbbə pulu 621 manat ümumilikdə 2977 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 16.09.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan 12.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.12.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyalara dair alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı həmin əşyaları almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, 2 ədəd Apple Watch 5 saatı üçün 235 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30.11.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Apple Watch 5 saatı üçün əsas borc kimi 2356 manat, 235 manat dəbbə pulu, ümumilikdə 2591 manat borc alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30.11.2019-cu il tarixli müqaviləyə əsasən 2 ədəd Apple Watch 5 saatları üçün əsas borc məbləği kimi 2356 manat, dəbbə pulu kimi 235 manat, ümumilikdə 2591 (iki min beş yüz doxsan bir) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4271/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4271/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver