Məhkəmə qərarları › İş №2(011)-4273/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4273/2022

08.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4273/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cavabdeh ASC-yə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən "xxxx" Ticarət Mərkəzi ASC-yə əsassız hesablanmış 5847,84 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasındakı mübahisə "xxxx" Ticarət Mərkəzi ASC-nin fəliyyətinin yerinə yetirilməsi ilə bağlı yaranmış kommunal ödənişlərlə bağlıdır. "xxxx" Ticarət Mərkəzi ASC adından da göründüyü kimi, kommersiya hüquqi şəxsidir və yerinə yetirdiyi fəaliyyət isə sahibkarlıq fəaliyyətidir. Həmçinin, cavabdeh də sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir. Göründüyü kimi, iddianın tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyetklər, iddianın predmeti isə tərəflərin sahibkarlıq (kommersiya) fəaliyyətlərinin yerinə yetirilməsində yaranan mübahisə ilə bağlıdır. Bu halda, onlar arasında yaranmış mübahisəyə ümumi məhkəmələrdə baxılması qanunla müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli, 10 nömrəli Qərarında da qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd). Həmçinin, həmin Qərarda kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılması qeyd edilmişdir. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən, onun iddiasına həmin məhkəmədə baxıla bilməz. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar