Məhkəmə qərarları › İş №2(011)-429/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-429/2020

31.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-429/2020 31.01.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi x4 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili x5 iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş pul məbləğinin qaytarılması” barədə ilkin iddiasına dair İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin yerləşdiyi torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mənzilin bərpa edilməsi, vurulmuş mənəvi zərərə görə pul tələbi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə Cavabdeh qarşı İddiaçı MMC ilə Cavabdeh arasında 02QYS saylı, xx.xx.2017-ci il tarixli müqaviləni etibarsız hesab edilməsi, Cavabdeh əsassız yerə ödənilmiş 66 800 (altmış altı min səkkiz yüz) manat məbləğində pulun İddiaçı MMC-yə qaytarılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx xxxxxx 2016-cı il tarixli "yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə “xxxxxxxxxxxxxx” MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara movcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişlik 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh arasında 02QYS saylı, xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1.1-ci bəndinə görə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 31,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verir, müqavilənin 1.1.2-ci bəndinə görə, onun əvəzində isə İddiaçı MMC-dən 38 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini qəbul edir. Müqavilənin 1.1.3-cü bəndinə görə, Cavabdeh ona verilməsi nəzərdə tutulmuş 38.0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin təmirindən imtina etdiyini nəzərə alınaraq, təmir xərclərin əvəzi olaraq 4 600 manat məbləğində kompensasiya hesablanaraq, ona ödənilmişdir. Müqavilənin 1.2-cİ bəndinə əsasən aylıq icarə haqqı olaraq 600 manat nəzərdə tutulmuş, müqavilənin 1.2.1-ci bəndində isə cavabdehin xahişi nəzərə alınaraq 24 ay üzrə 14400 manat məbləğində icarə haqqı birdəfəlik olaraq müqavilə imzalandığı gün ona ödənilmişdir. Həmçinin, Müqavilənin 1.3-cü bəndinə görə, cavabdehin təklifi ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 2-ci blok, 1-ci mərtəbəsində, eni 4.2 m, dərinliyi 7.05 olmaqla, ümumi sahəsi 29,61 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuş və müqavilənin 1.3.1-ci bəndinə görə tikinti şirkəti 38.0-29.61=8.39 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq, müqavilə imzalanan gün 55000 manat pul Cavabdeh ödənilmişdir. Sonradan, bəlli oldu kı, Cavabdeh mülkiyyətində olan ünvan 1-də bir yataq otağından ibarət (ümumi sahəsi 27.3 kv.m) yaşayış sahəsi vardır. Yəni, müqavilədə yazıldığı kimi, müqavilə predmeti olan sahə qeyri-yaşayış sahəsi yox, yaşayış sahəsi olmuşdur. Bundan sonra, cavabdehə bildiriş göndərərək 02QYS saylı, xx.xx.2017-ci il tarixli müqavilədə açıq-aşkar yanlışlığa, qeyri-dəqiqliyə yol verildiyinə görə, müqaviləyə dəyişikliklər edilməsinin zəruri olduğunu və aralarında yeni müqavilənin imzalanmasını təklif etmişdirlər. Cavabdeh isə yeni müqavilə bağlanmasından imtina edərək, həmin yaşayış sahəsini obyekt kimi uzun müddət çalışdırdığına görə, məhz bu səbəbdən müqavilədə mənzilin qeyri-yaşayış sahəsi kimi göstərildiyini bildirmişdir. Belə ki, ərazidə geniş, kütləvi və sürətli söküntü işləri həyata keçirildiyinə görə, bu fürsətdən Cavabdeh öz xeyrinə istifadə etmişdir. İddiaçı MMC tərəfindən cavabdehə 27.3 kv.m ümumi sahəsi olan mənzilə görə (nədənsə müqavilədə səhvən 31.0 kv.m. göstərilmişdir) 29,61 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, təmir xərclərin əvəzi olaraq 4600 manat məbləğində kompensasiya, aylıq icarə haqqı olaraq 600 manatdan hesablanmaqla (halbuki bir otaqlı mənzilə 300 manat aylıq icarə haqqı nəzərdə tutulmuş) 24 ay üzrə 14400 manat məbləğində icarə haqqı və 38.0-29.61=8.39 kv,m qeyri-yaşayış sahəsinin əvəzi olaraq 55000 manat pul verilmişdir. Cavabdeh ümumiyyətlə belə bir fikir formalaşdırmışdır ki, o, qeyri-yaşayış sahənin mülkiyyətçisidir. Halbuki, yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsi arasında ciddi fərqlər vardır. Belə ki, yaşayış sahəsinin bir kv.m-nin həmin dövrə olan qiyməti 1000-1200 manat civarında, lakin qeyri-yaşayış sahəsinin qiyməti isə 6500-7000 manat civarında olmuşdur. Beləliklə, vacib yanılmanın təsiri altında İddiaçı MMC tərəfindən Cavabdeh yaşayış sahəsi əvəzinə qeyri-yaşayış sahəsi verilməklə, İddiaçı MMC külli miqdarda maddi ziyana düşmüşdür. Ona görə də hesab edirlər ki, müqavilə etibarsız hesab edilməli, ödənilmiş aylıq icarə haqqının (14400 manatın) yarısı-7200 manat, təmir xərclərin əvəzi olaraq ödənilmiş 4 600 manat məbləğində kompensasiya və 8.39 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq verilmiş 55 000 manat pul geri qaytarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tiklimiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilməsi və ona verilməsi, ona vurduğu mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 50000 manat məbləğində pulun alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 02QYS saylı müqavilə guya yanılmanın təsiri altında bağlanmışdır. Lakin, hazırda mülkiyyətində olan qeyd edilən mənzil xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə x2 məxsus olmuşdur. Mənzil 1995-ci ildə özəlləşdirildikdən sonra Gülüzar Zeynalovaya həmin mənzildə alqı-satqı ilə məşğul olmaq üçün Respublika Dövlət Vergi Müfəttişliyi tərəfindən AP seriyalı 199401 nömrəli lisenziya verilmişdir. Gülüzar Zeynalovanın ərizəsinə əsasən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edərək alqı-satqı fəaliyyətinin həyata keçirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.1996-cı il tarixli Rəyi ilə mənzildən Səməd Vurğun küçəsinə qapı açılmasına icazə verilmişdir. Dövlət yanğın nəzarəti orqanı tərəfindən binanın (otağının) ayrılması üçün müayinə-razılaşdırma haqqında xx.xx.1996-cı il tarixli 713 saylı AKT tərib edilmişdir. Həmin vaxtdan mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. x2 məxsus olan qeyd edilən otağı ondan xx.xx.1999-cu il tarixli 073351 saylı alqı-satqı müqaviləsi ilə almışdır. Həmin vaxtdan otaqdan ticarət obyekti (qeyriyaşayış sahəsi) kimi istifadə edilir. Otaq vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi qeydiyyata alınmışdır. Cavabdehə təhvil verilənədək həmin obyekt yararlı və işlək vəziyyətdə olmuşdur. İddiaçı işin yuxarıda göstərilən faktiki halları ilə bağlı məlumatlı olub. Belə ki, həmin ərazidə hazırkı çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar iddiaçının rəhbərliyi mülkiyyətində olan birotaqlı mənzilin qeyri-yaşayış sahəsi kimi qanuni əsaslarla istifadə edilməsinə dair təqdiqedici sənədlərdlə tanış olub. Həmin sənədlərin surətləri ondan alınıb. Həmin sənədlər əsasında iddiaçı ona məxsus olan otağın əvəzinə yeni tikilən binada müvafiq ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi barədə razılaşıb və bu barədə müqavilə təqdim edib. İddiaçı hazırkı iddia ərizəsində guya yanılma nəticəsində ona məxsus olan otağın əvəzində qeyri-yaşayış sahəsi və müvafiq pul məbləği verilməsinə razılaşıb. Keçən ilin ortalarında aydınlaşdırdığına görə iddiaçı ona məxsus olan otağın alınması barədə onunla razılaşma əldə edərkən onu aldadıb. Müqaviləni notarial qaydada təsdiq etdirməyib, müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, əmlak mülkiyyət hüququna dair qeyd daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmayıb. Hazırda dövlət reyestrində həmin mənzilin mülkiyyətçisi olmağı barədə qeyd qüvvədədir. Mülkiyyət hüququna xitam verilməyib. İlkin müzakirələr zamanı o, otağın qeyri-yaşayış sahəsi kimi istifadə edildiyini, bu barədə zəruri təsdiqedici sənədlər olduğunu nəzərə alaraq mənzil kimi alınaraq sökülməsinə etiraz etmişdir. İddiaçı onu aldadaraq, səlahiyyət həddini aşaraq Bakı şəhərinin mərkəzində yerləşən mənzilini iddiaçı tərəfindən hüquqi əsas olmadan, mənzili mülkiyyət hüququna xitam verilmədən özbaşına söküb, ona mühüm zərər vurub. İddiaçı öz qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurub. Ona görə də, həmin mənəvi zərərin əvəzini pul kompensasiyası ilə ödəməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 208 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamına əsasən İddiaçınə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. İddiaçı MMC ilə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi (Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 187242 nömrəli Qeydiyyat Vəsiqəsinin surəti) Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 02QYS nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi həmin qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verir, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul edir, “əmlak mülkiyyətçisi” ona verilməsi nəzərdə tutulan 38.0 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin təmirindən imtina etdiyini nəzərə alan “tikinti şirkəti” ona təmir xərclərinin əvəzi olaraq 4600 manat həcmində kompensasiya ödəyəcək; “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “əmlak mülkiyyətçisi”-ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək “əmlak mülkiyyətçisi”-ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək “əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 600 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir, 24 ay üzrə 14400 manat icarə haqqını birdəfəlik olaraq bu müqavilə imzalandığı gün ona ödəyir; müqavilə üzrə əmlak mülkiyyətçisinə Səməd Vurğun küçəsi, 2-ci blok, 1-ci mərtəbəsində, eni 4,2 m, dərinliyi 7,05 olmaqla, ümumi sahəsi 29,61 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini verir; “tikinti şirkəti” 38,0-29,61=8,39 kv.metr qeyri-yaşayış sahəsinin əvəzi olaraq ona bu müqavilə imzalanan gün 55000 manat pul ödəyir. İddiaçı MMC-yə məxsus x7 əsasən xx.xx.2017-ci il tarixdə 74000 manat Cavabdeh verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə x2 məxsus olmuşdur. Mənzil 1995-ci ildə özəlləşdirildikdən sonra Gülüzar Zeynalovaya həmin mənzildə alqı-satqı ilə məşğul olmaq üçün Respublika Dövlət Vergi Müfəttişliyi tərəfindən AP seriyalı 199401 nömrəli lisenziya verilmişdir. Gülüzar Zeynalovanın ərizəsinə əsasən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edərək alqı-satqı fəaliyyətinin həyata keçirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.1996-cı il tarixli Rəyi ilə mənzildən Səməd Vurğun küçəsinə qapı açılmasına icazə verilmişdir. Dövlət yanğın nəzarəti orqanı tərəfindən binanın (otağının) ayrılması üçün müayinə-razılaşdırma haqqında xx.xx.1996-cı il tarixli 713 saylı AKT tərib edilmişdir. Həmin vaxtdan mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunmüşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayışa əsasən Bakı şəhəri Vergilər Departamenti 2 saylı filial tərəfindən verilmiş bu arayış Cavabdeh ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin adı “Kafe”-dir, xx.xx.2006-cı il tarixdə uçota alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. İlkin iddia üzrə iddiaçı tərəflər arasında imzalanmış mübahisələndirilən müqavilənin vacib əhəmiyyətli yanılma, yəni müqavilə predmeti olan yaşayış sahəsini qeyri-yaşayış sahəsi olaraq qəbul edilməsi nəticəsində imzalandığına istinad etsə də, məhkəmə ilkin iddia üzrə iddiaçının bu dəlilini əsaslı hesab etmir. Belə ki, ilkin iddia ərizəsinin mətnindən, “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasında verilmiş izahatında və mülki iş materiallarından aydın olur ki, müqavilə predmeti olan sahə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi, təsərrüfat subyekti (obyekt) kimi istifadə edilmiş, bu halı təsdiq edəcək sənədlər, həmçinin sahənin qeydiyyat vəsiqəsi tərəflər arasında müqavilə imzalandığı zaman qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən sahənin əslində yaşayış sahəsi kimi qeydiyyata alındığına dair məlumatsız olduğu ilə bağlı dəlili inandırıcı deyil və mübahisələndirilən müqavilənin yanılma nəticəsində imzalandığına dair iddiası əsassızdır. Digər tərəfdən məhkəmə qarşılıqlı iddia üzə cavabdehin xx.xx.2017-ci il tarixli 02QYS saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh əsassız yerə ödənilmiş 66 800 (altmış altı min səkkiz yüz) manat məbləğində pulun İddiaçı MMC-yə qaytarılması haqqında iddiasına bir illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər Mülki iş materiallarından görünür ki, ilkin iddia üzrə İddiaçı MMC tərəfindən ilkin iddia üzrə Cavabdeh xx.xx.2017-ci il tarixli 02QYS saylı müqavilədə açıq-aşkar yanlışlığa, qeyridəqiqliyinə yol verildiyinə görə, müqavilədə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixində pretenziya məktubu göndərilmişdir. Məktubda Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahənin yaşayış sahəsi olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı “İddiaçı MMC-yə artıq xx.xx.2019-cu il tarixinə müzakirə edilən fakt artıq məlum olmuşdur. Yuxarıda göstərilənə əsasən məhkəmə belə qənatə gəlir ki, ilkin iddia üzrə iddiaçı tərəflər arasında imzalanmış müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddianı, qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülməklə verilmişdir. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə Cavabdeh qarşı İddiaçı MMC ilə Cavabdeh arasında 02QYS saylı, xx.xx.2017-ci il tarixli müqaviləni etibarsız hesab edilməsi, Cavabdeh əsassız yerə ödənilmiş 66 800 (altmış altı min səkkiz yüz) manat məbləğində pulun İddiaçı MMC-yə qaytarılması haqqında iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tiklimiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilməsi və ona verilməsi hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən alınması barədə müqavilənin imzalandığı zaman aldadıldığını, müqavilənin notarial qaydada təsdiq edilmədiyini, müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını, mülkiyyət hüququna dair qeydin dövlət reyestrindən çıxarılmadığını bildirsə də, onun bu dəlilləri tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə uyğun olmayaraq həqiqəti əks etmir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin predmeti ünvan 1 ünvanında yerləşən sahənin alqı-satqısı deyil, həmin mənzili mülkiyyətçi tərəfindən təhvil verilməsi, cavabdehin isə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini tikərək təhvil verilməsi, təmir xərclərinin əvəzi olaraq 4600 manat həcmində kompensasiya ödənilməsi, “tikinti şirkəti” bu müqavilə üzrə ona Səməd Vurğun küçəsi, 2-ci blok, 1-ci mərtəbəsində, eni 4,2 m, dərinliyi 7,05 olmaqla, ümumi sahəsi 29,61 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin verilməsi və “tikinti şirkəti” 38,0-29,61=8,39 kv.metr qeyri-yaşayış sahəsinin əvəzi olaraq ona bu müqavilə imzalanan gün 55000 manat pulun ödənilməsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02QYS saylı, xx.xx.2017-ci il tarixli müqavilə tərəflərin iradələrinə uyğun olaraq sərbəst şəkildə mülki qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanıldığı halda, hər iki tərəf müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı mülki məsuliyyət daşıyırlar. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tiklimiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilməsi və ona verilməsi iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tiklimiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilməsi tələbi hissəsində öz-özlüyündə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, qarşılıqlı iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və x8 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və x8 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə 50000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı MMC ilkin iddia üzrə Cavabdeh qarşı İddiaçı MMC ilə Cavabdeh arasında 02QYS saylı, xx.xx.2017-ci il tarixli müqaviləni etibarsız hesab edilməsi, Cavabdeh əsassız yerə ödənilmiş 66 800 (altmış altı min səkkiz yüz) manat məbləğində pulun İddiaçı MMC-yə qaytarılması haqqında ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tiklimiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilməsi və ona verilməsi, ona vurduğu mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 50000 manat məbləğində pulun alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar