Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4293/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “son haqq-hesabın, ezamiyyə pullarının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “son haqq-hesabın, ezamiyyə pullarının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 10 avqust 1974-cü ildə Ucar rayonunun Şahlıq kəndində anadan olmuşdur. İ və İİ Qarabağ müharibəsi iştirakçısı olmuş, müharibə veteranıdır. 21 oktyabr 2019-cu ildən 30 dekabr 2021-ci ilədək Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 9-cu dərəcəli mexanik vəzifəsində çalışmışdır. 2021-ci il 30 dekabrda öz ərizəsi ilə işdən azad olunmuşdur. İşdən çıxmağına səbəb şirkətdə ona qarşı olan haqsızlıqlar olmuşdur. Bu haqsızlıqlar nəticəsində əmək hüquqları pozulmuş ona maddi və mənəvi ziyan yetirilmişdir. 1) Cavabdeh idarəyə yeni təyin olunmuş sədr əvəzi Faiq Ağayev 09 mart 2021-ci ildən 01 iyun 2021-ci ilə qədər onu haqsız yerə illik məzuniyyətə göndərmişdir; 3 ay. 2) Saz vəziyyətdə olan xidməti maşınını əlindən alıb (** PE ***) əvəzində ona nasaz vəziyyətdə olan ** JZ *** “Nissan Sunny” markalı maşını təmir etdirib sürməyini təklif etmişdir. Avtomobilin təmir xərci 3500 manatdan artıq olduğu üçün o, onu öz vəsaiti ilə təmir etdirə bilməmiş və 01 iyundan 30 dekabr 2021-ci ilədək xidməti avtomobilsiz şirkətdə çalışmışdır. Halbuki onunla eyni vəzifədə olan digər mexaniklərin xidməti avtomobili var idi. 3) 2021-ci il iyun ayından əmək haqqısı 2 dəfə azaldılmışdır. Misal üçün fevral 2021-ci ildə 876 manat aldığı halda iyul 2021-ci ildə əmək haqqı 468 manat iyun əmək haqqısı 532 manat və ilin sonuna qədər əmək haqqı oxşar formada davam etmişdir; 4) Şirkətdə çalışdığı dövrdə 13 ay ezamiyyətdə olmuşdur. Bunlardan yalnız üç ay ezamiyyət haqqı ödəniş olunub, çox az miqdarda 2019-cu ilin oktyabr ayına görə 105 manat, 2019-cu ilin noyabr ayı üçün 390 manat, 2020-ci ilin sentyabr ayına görə 45 manat, 2021-ci ilin fevral ayına görə 375 manat ezamiyyə vəsaiti ödənilmişdir. Qeyd etmişdir ki, 2019-cu ildə oktyabr, noyabr, dekabr ayları Mingəçevir şəhərində 2020-ci il 01 yanvar 01 oktyabrdək Mingəçevir və Oğuz şəhərində, 2021-ci il 01 fevraldan 09 martadək Şuşa, Hadrut, Füzuli rayonlarında ezamiyyətdə olmuş və bu aylarla çalışarkən ASC rəhbərliyi onu arxayın edirdi ki, bütün ezamiyyət vəsaitləri ödəniləcək. Lakin işdən çıxanda məlum olmuşdur ki, hətta ona bölgələrdə olduğu aylar üçün ezam vərəqələri də açılmamışdır. 5) Bölgələrdə ezamiyyətdə olduğu müddətdə xidməti avtomobili dəfələrlə nasaz olduqda öz vəsaiti ilə təmir etdirib işə çıxmışdır. Bunlardan yalnız 3 təmir çeki əlində qalmışdır; 6) Şirkətdən işdən çıxarkən son haqq-hesabdan ona 348 manat ödəniş olmuşdur. Bu son haqq-hesabdan narazıdır; 7) Bütün bu haqsızlıqlara görə 2 dəfə ASC sədri Faiq Ağayevin qəbuluna getmiş, lakin katibəsi ona demişdir ki, sədr adi işçiləri qəbul etmir. Nəticədə ona faktiki işlədiyi günlər və aylar üçün əmək haqqı, ezamiyyə xərci və maddi və mənəvi ziyan dəymişdir. Dəymiş maddi və mənəvi ziyan aşağıdakılardan ibarətdir: 1) 7 aylıq maaşı azaldılmışdır. 7 ayın əmək haqqının azaldılmış hissəsi -2800 manat; 2) Ezamiyyə 10 (on) ay – 3900 manat; 3) Təmir xərci çeklər üzrə - 2339 manat; 4) Mənəvi zərər ailəsindən uzaq olmaqla işləmək nəticəsində əmək haqqından məhrum olmaqla çəkdiyi iztirablar – 5200 manat olmuşdur. Cəmi 14200 manat təşkil edir. Mediasiya şurasına cavabdeh idarə gəlməkdən imtina etmişdir. Bu səbəbdən dəymiş ziyan və əmək hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edir. Şikayətləri əmək müfəttişliyi tərəfindən qeydə alınmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, onun xeyrinə Cavabdeh ASC-dən maddi ziyana görə 9.039 manat, mənəvi ziyana görə 5200 manatın, ümumilikdə 14239 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, işə qəbul olunarkən əmək müqaviləsində əmək haqqı 527 manat razılaşdırılsa da, ona 1000 manat əmək haqqı veriləcəyi vəd edilmişdir və bir neçə ay həmin məbləğ ödənilmişdir, lakin 7 ay ərzində onun pulu kəsilmiş, ona 1000 manat ödəniş edilməmişdir, ona görə 7 ayın əmək haqqının azaldılmış hissəsini - 2800 manatın ödənilməsi tələb edir. Həmçinin 10 (on) ay üçün ödənilməmiş ezamiyyə xərcləri, təmir xərclər və mənəvi zərəri tələb edir. Həmin müqaviləyə edilmiş dəyişiklikdən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 9-cu dərəcəli mexanik vəzifəsinə keçirilmiş, əmək haqqı 603 manat razılaşdırılmışdır. İddiaçı izahatında təsdiq etmişdir ki, əmək müqaviləsində qeyd edilmiş əmək haqqı ona tam olaraq ödənilmişdir, lakin qeyri-rəsmi razılaşdırdıqları məbləğ ödənilməmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ASC-nin nümayəndəsi X7 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, bildirmişdir ki, 21 oktyabr 2019-cu il tarixli əmək müqaviləsi bağlanaraq İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 8-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 527 manat razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixdə həmin müqaviləyə dəyişiklik edilmiş və İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 9-cu dərəcəli mexanik vəzifəsinə keçirilmiş, əmək haqqı 603 manat razılaşdırılmışdır. Şirkətin mənfəəti yaxşıolduqları aylarda işçilərə əlavə bonuslar ödənilmişdir, lakin həmin bonusların ödənilməsi əmək müqaviləsində nəzərdə tutulmamışdır. Bununla bağlı olaraq iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Həmçinin nümayəndə bildirmişdir ki, ezamiyyə hissəsində iddianı qəbul edirlər və bildirirlər ki, ezamiyyə xərclərinə görə qismən ödənişlər edilməmişdir. Nümayəndə məhkəməyə müvafiq əmrlərin surətlərini təqdim edərək, bildirmişdir ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq bir günü 39 manat hesablanmaqla 5 ay ərzində 112 gün üçün ödənilməmiş ezamiyyə xərclərinin ödənilməsini qəbul edirlər və həmin məbləği ödəməyə razıdırlar. Bununla yanaşı nümayəndə bildirmişdir ki, iddiaçı tərəfindən avtomobilə çəkilmiş təmir xərclərini qəbul etmirlər. Belə ki, Cavabdeh ASC-nin təmir servisi mövcuddur və balansında olan bütün avtomobillər həmin servisdə təmir olunur. İddiaçı avtomobilin təmiri ilə bağlı şirkətə müraciət etməmişdir və həmin xərclərin ödənilməsi ilə bağlı şirkət tərəfindən hər hansı bir göstəriş verilməmişdir. Odur ki, bu hissədə də iddianı qəbul etmirlər. Həmçinin nümayəndə qeyd etmişdir ki, iddiaçı mənəvi zərərlə bağlı məhkəməyə hər hansı sübutlar təqdim etmədiyinə görə iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 8-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 527 manat razılaşdırılmışdır. Həmin müqaviləyə edilmiş dəyişiklikdən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 9-cu dərəcəli mexanik vəzifəsinə keçirilmiş, əmək haqqı 603 manat razılaşdırılmışdır. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 09 oktyabr 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nazim oğlunun 01-31 oktyabr 2020-ci il tarixlərinə şənbə və bazar istisna olmaqla 22 günlük “Oğuz və Şəmkir” rayonlarına ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 29 oktyabr 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nazim oğlunun 01-31 oktyabr 2020-ci il tarixlərinə şənbə və bazar istisna olmaqla 22 günlük “Oğuz və Şəmkir” rayonlarına ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 22 may 2020-ci il tarixli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nazim oğlunun 04-20 may 2020-ci il tarixlərinə 17 günlük “Mingəçevir şəhərinə və Oğuz rayonuna” ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 17 sentyabr 2020-ci il tarixli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nazim oğlunun 01-30 sentyabr 2020-ci il tarixlərinə şənbə və bazar istisna olmaqla 22 günlük “Oğuz və Şəmkir” rayonlarına ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 09 dekabr 2019-cu il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Nazim oğlunun 02-30 dekabr 2019-cu il tarixlərinə 29 günlük Mingəçevir şəhərinə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan 28 mart 2020-ci il tarixli “QAİMƏ-FAKTURA”dan görünür ki, sürücü İddiaçı tərəfindən 726 manat məbləğində X1 ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 12 fevral 2020-ci il tarixli “QAİMƏ-FAKTURA”dan görünür ki, sürücü İddiaçı tərəfindən Mitsubishi markalı 10PE963 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə 910 manat məbləğində X1 ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Sputnik Service tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli “QAİMƏ”dən görünür ki, sürücü İddiaçı tərəfindən avtomobilə edilmiş xidmət və ehtiyyat hissələri üçün 618 manat məbləğində Sputnik Service ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh ASC-də 21 oktyabr 2019-cu ildən Avtomobil Nəqliyyatı və X2 İdarəsinin Nəqliyyat və Xüsusi Təyinatlı Maşın Mexanizmlər sexində 9-cu dərəcəli mexanik vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 05 may 2022-ci il tarixli məktubdan görünür ki, onun Cavabdeh ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi müraciətinə X6 Xidməti tərəfindən baxılmış və araşdırma zamanı ona aid müvafiq sənədlərin təqdim edilməsi üçün Cavabdeh ASC-nin hüquqi ünvanına məktub göndərilmiş, lakin müəssisə hal-hazıradək ona aid sənədləri X6 Xidmətinə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 29 iyun 2022-ci il tarixli məktubdan görünür ki, onun Cavabdeh ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi müraciətinə X6 Xidməti tərəfindən baxılmış və araşdırma zamanı ona aid müvafiq sənədlərin təqdim edilməsi üçün Cavabdeh ASC-nin hüquqi ünvanına məktub göndərilmiş, lakin müəssisə hal-hazıradək ona aid sənədləri X6 Xidmətinə təqdim etmədiyindən tələb olunan sənədlərin təqdim olunmasına köməklik göstərilməsi və tədbir görülməsi məqdəsilə tərəflərindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməməsi səbəbindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 09 iyun 2022-ci il tarixli, 235-İX-22 saylı qərarı ilə Cavabdeh ASC-nin vəzifəli şəxsi X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 30 dekabr 2021-ci il tarixdə İddiaçı əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Əmək Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 9-cu maddəsində əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları arasında qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüquqları nəzərdə tutulmuşdur. Eyni məcəllənin 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri arasında əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edən 83-cü maddədə nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmərlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Beləliklə, mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 8-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 527 manat razılaşdırılmışdır. Həmin müqaviləyə edilmiş dəyişikliklə xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 9-cu dərəcəli mexanik vəzifəsinə keçirilmiş, əmək haqqı 603 manat razılaşdırılmışdır. 30 dekabr 2021-ci il tarixli əmrə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Hazırda iddiaçı cavabdehdə qarşı bir neçə tələb irəli sürmüşdür. İlk növbədə iddiaçı 7 aylıq maaşının azaldılmasına əsaslanaraq 7 ayın əmək haqqının azaldılmış hissəsi -2800 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, mülki işdə olan tərəflər arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 9-cu dərəcəli mexanik vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 527 manat razılaşdırılmışdır. Həmin müqaviləyə edilmiş dəyişiklikdən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh ASC-nin Nəqliyyat İdarəsində 9-cu dərəcəli mexanik vəzifəsinə keçirilmiş, əmək haqqı 603 manat razılaşdırılmışdır. İddiaçı izahatında təsdiq etmişdir ki, əmək müqaviləsində qeyd edilmiş əmək haqqı ona tam olaraq ödənilmişdir, lakin qeyrirəsmi razılaşdırdıqları məbləğ ödənilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı ödənildiyinə görə iddia tələbi bu hissədə sübutlarla təsdiq edilmədiyinə görə təmin edilməməlidir. Bununla yanaşı iddiaçı iddia edir ki, işlədiyi müddət ərzində İddiaçı Cavabdeh ASCsi tərəfindən müxtəlif tarixli əmrlərlə müxtəlif müddətlərə ezamiyyətə göndərilmiş, lakin hazırki günədək ezamiyyət xərclərinin tam şəkildə ödənilməsi cavabdeh təşkilat tərəfindən təmin edilməmişdir. İddiaçı iddia ərizəsində 10 ay müddətində ezamiyyətdə olması ilə əlaqədar ezamiyyət xərcinin ödənilməsini xahiş etsə də, cavabdehin nümayəndəsinin etirafı və iş materiallarında olan əmrlərlə təsdiq edilir ki, ona ümumilikdə 112 gün müddətində ezamiyyətdə olduğu dövr üçün ödəniş ediməmişdir. Cavabdeh ASC-si məhkəməyə müvafiq əmrləri təqdim edərək ezamiyyətlə bağlı xərclərin qismən iddiaçıya ödənilmədiyini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, ödənilməmiş ezamiyyə xərcləri hissəsində iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən etiraf edildiyi məbləğdə ezamiyyə xərci (hər günə görə 39 manat olmaqla 112 gün üçün 4368 manat məbləğində ezamiyyət xərci) tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı sürdüyü avtomobilin təmir xərci çeklər üzrə 2339 manat məbləğində təmir xərcini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh saz vəziyyətdə olan xidməti maşınını əlindən alıb (** PE ***) əvəzində ona nasaz vəziyyətdə olan ** JZ *** “Nissan Sunny” markalı maşını təmir etdirib sürməyini təklif etmişdir. Avtomobilin təmir xərci 3500 manatdan artıq olduğu üçün o, onu öz vəsaiti ilə təmir etdirə bilməmiş və 01 iyundan 30 dekabr 2021-ci ilədək xidməti avtomobilsiz şirkətdə çalışmışdır. Məhkəməyə sübut qismində təqdim etdiyi 2339 manat məbləğində təmir xərcini əks etdirən qaimə-fakturalarda Mitsubishi markalı 10PE963 dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri göstərilmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, Cavabdeh ASC-nin təmir servisi mövcuddur və balansında olan bütün avtomobillər həmin servisdə təmir olunur. İddiaçı avtomobilin təmiri ilə bağlı şirkətə müraciət etməmişdir və həmin xərclərin ödənilməsi ilə bağlı şirkət tərəfindən hər hansı bir göstəriş verilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla verdiyi izahat asında ziddiyyət olduğundan, cavabdeh tərəfindən avtomobilin təmiri ilə bağlı iddiaçıya göstərişin verilməsi təsdiq edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür". Həmin qərarda həmçinin göstərilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, mənəvi zərər qeyri-əmlak zərəridir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 11-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsində İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulan mənəvi ziyana səbəb ola biləcək halların baş verməsi ilə bağlı iddiaçı məhkəməyə sübutlar təqdim etmədiyinə görə iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı ezamiyyə xərclərinin tam ödənilməməsi cavabdeh tərəfindən etiraf olunmaqla, mülki işdə olan sübutlarla təsdiq edildiyindən, hər günə görə 39 manat olmaqla 112 gün üçün 4368 manat məbləğində ezamiyyə xərci Cavabdeh ASCdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə sübutlarla təsdiq edilmədiyinə görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “son haqq-hesabın, ezamiyyə pullarının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh ASC-dən istifadə edilməmiş ezamiyyət xərcinə görə 4368 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4293/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4293/2022
25.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver