Məhkəmə qərarları › İş №2(011)-4297/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4297/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4297/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 253,84 manat əsas borcun, 38,08 manat cərimənin və 20 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat ödənilmiş dövlət rüsumu ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vorld Telekom” ilə Cavabdeh arasında bağlanmış Nisyə-alqı satqı müqaviləsinə əsasən, cavabdeh 950 manat dəyərində nisyə aldığı malın 50 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 900 manatını müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 11 ay müddətinə ödəməyi öhdəsinə götürüb, tərəflər arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən “Vorld Telekom”-un Cavabdeh qarşı olan 900 manat məbləğindəki tələb hüququ "xxxx" MMC–yə keçmişdir, tələb hüququnun "xxxx" MMC–yə keçməsi barədə Nisyə-alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir, cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq göndərilmiş, lakin o öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Vorld Telekom” ilə Cavabdeh arasında 14.03.2020-ci il tarixli WFK001667 saylı Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədə göstərilən malı müştəriyə satmışdır. İş materiallarında olan 14.03.2020-ci il tarixli WFK001667 saylı Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği 900 manat olan İMEİ Kodu **********64188; **********64186 olan Samsung A515 markalı mobil telefonu 50 manat ilkin ödənişlə, 11 ay müddətinə, aylıq ödənişi 81,82 manat olmaq şərti ilə almışdır. İş materiallarında olan 14.03.2020-ci il tarixli WFK001667 saylı müqaviləyə 2 saylı Əlavədən görünür ki, Cavabdeh İMEİ Kodu **********64188; **********64186 olan Samsung A515 markalı mobil telefona borcu yarandığı təqdirdə “Vorld Telekom” və ya "xxxx" MMC tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə etirazı yoxdur. İş materiallarında olan 14.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Samsung A515 markalı mobil telefon, Al-dəyiş Plus, Digər Proqramçı xidməti, Aksesuar Aks Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, “Vorld Telekom” ilə "xxxx" MMC arasında 26.11.2019cu il tarixli R-268/19 saylı Faktorinq müqaviləsi və R-268/19 saylı 26.11.2019-cu il tarixli Faktorinq müqaviləsinə əlavə olunan 18.03.2020-ci il tarixli R-268/19-0032 nömrəli Saziş bağlanmışdır. Bu Müqavilə və ona əlavə olunan Sazişə əsasən tələb hüququ "xxxx" MMCyə keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh “Vorld Telekom” ilə bağlanan 14.03.2020-ci il tarixli WFK001667 saylı müqavilədən irəli gələn pul tələbinin hamısının "xxxx" MMC-yə güzəşt edilməsi barədə bildiriş təqdim edilmişdir. İş materiallarında olan 02.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, WFK001667 saylı müqavilə üzrə Cavabdeh 02.04.2021-ci il tarixə borcu əsas məbləğ üzrə borcu 253,84 manat, cərimə borcu 38,08 manat olmaqla, cəmi borcunun məbləği 291,92 manat təşkil edir. İş materiallarında olan 02.04.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh WFK001667 saylı müqavilə üzrə ödəniş məbləği 656 manat, əsas borcdan silinmə 646,16 manat, cərimə borcundan silinmə 9,84 manat, əsas borcdan qalıq 253,84 manat, cərimə borcu 38,08 manat olmaqla, cəmi borc qalığı 291,92 manat təşkil edir. Güzəşt olunan tələb 900 manat təşkil edir. İş materiallarından görünür ki, "xxxx" MMC 14.04.2021-ci il tarixdə Cavabdeh 292 manat qalıq borcunu 3 gün müddətində ödəməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan 15.04.2021-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 20 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Vorld Telekom” ilə Cavabdeh arasında 14.03.2020-ci il tarixli WFK001667 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermişdir, “Vorld Telekom” ilə "xxxx" MMC arasında bağlanmış müqavilə və sazişə əsasən tələb hüququ "xxxx" MMC-yə keçmişdir, alıcı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan əsas borcu 253,84 manat, cərimə borcu 38,08 manat olmaqla, ümumilikdə 291,92 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 253,84 manat əsas borc, 38,08 manat cərimə borcu Cavabdeh alınaraq "xxxx" MMC -yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 20 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 253,84 manat əsas borc, 38,08 manat cərimə borcu, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş xidmət haqqı 0,40 manat, ümumilikdə 292 (iki yüz doxsan iki) manat 32 (otuz iki) qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar