Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-43/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən fərdi yaşayış evi üzrə **********00026 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdırılmış və bu barədə ******* saylı akt tərtib edilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə 2021-ci ilin oktyabr, noyabr, 2022-ci ilin yanvar, fevral, iyun ayları üzrə, ümumilikdə 5 dəfə akt tərtib edilmiş, aktlarda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi qeyd edilərək, həmin aktlar üzrə, 2021-ci il üzrə ümumilkdə 2073 manat, 2022-ci il üzrə ümumilikdə 2903,04 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır.
3. İddiaçının silinmsəini tələ etdiyi hissə isə 2022-ci il üzrə tərtib edilmiş aktlar əsasında hesablanmış borcla bağlıdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən fərdi yaşayəş evinə (abonent kodu: **********00026) hesablanmış 2903,04 manat borcun cavabdeh tərəfindən silinməsini barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi ev (abonent kodu: **********00026) üzrə abonent istifadəsi ona məxsusdur. Bir müddət öncə cavabdehin nümayəndələri onun evində qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməsini bəhanə edərək onun evinə cərimə yazmışlar. Halbuki, həmin evdə sayğaca heç bir kənar müdaxilə olmamışdır. Sübut kimi ona heçnə təqdim edilməmiş yalnız abonentin saldosu və aktın surəti verilmişdir. Həmin evdə yaşadıqları müddətdə kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir. Cavabdehin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, sayğacda problem olub, bununla bağlı borc ödəməlidir. Qaz İdarəsinin əməkdaşları ona qaz sayğacının zədələndiyini və bu səbəbdəndə əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər, evdə təbii qazdan istifadəyə görə heç zaman problem olmamışdır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı faktiki yaşadığı fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacının qutusu içərisində sayğaca daxil olan və sayğacdan çıxan giriş və çıxış metal boru xətlərini 10/2021-ci il tarixindən 06/2022-ci il tarxinə kimi küstar üsulla rezin qaz şlanqı vasitəsilə biri-birinə özbaşına qoşmaqla təbii qazdan qanunsuz istifadə etdiyi üçün barəsində 5 dəfə akt tərtib edilmiş və cavabdehə 4976,04 manat məbləğində maddi zərər vurmuş olduğu müəyyən edilmişdir. İddiaçıya məxsus ünvanda qanunsuz qoşulma faktı 06/2022-ci il tarixində sonuncu dəfə aradan qaldırılmış və ona məxsus ünvana xx.xx.2022-ci il tarixində G4 markalı yeni smart qaz sayğacı quraşdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, abonent hesabında olan 4976,04 manat borcla tanış olmuş və abonent hesabında həmin tarixə mövcud olan 4976,04 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün ünvanına quraşdırılmış smart qaz sayğacı kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qaz sayğacından təxminən 1 ildir ki, istifadə olunmur. Çünki, həmin fərdi yaşayış evində daimi yaşayış yoxdur, təbii qazdan sayğacsız bəzən orada işləyən ustalar istifadə edib. Cavabdeh fərdi yaşayış evinə bir dəfə cərimə yazmalı olduğu halda, ardıcıl 5 dəfə cərimə hesablayıb. Həmin evdə 3-4 ay usta işləyib, usta ona məlumat vermişlər ki, cavabdehin nümayəndələri gəlib qaz sayğacın baxış keçiriblər və cərimə yazıblar. Fərdi yaşayış evinə ilk öncə qaz xətti çəkildi, daha sonra sayğac quraşdırıldı. Qaz xətti çəkiləndə evdə heç kim yaşamırdı. Sayğac quraşdırıldıqdan sonra ona kart verdilər. Kartı aktivləşdirən zaman ona məlum oldu ki, cərimə yazılıb. Fərdi yaşayış evində əvvəllər dəmir soba da mövcud olub və qaz xəttinə qoşulub. Lakin, sonradan qaz sızıntısı təhlükəsinin qarşısını almaq üçün dəmir sobanı ləğv etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
11. Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
12. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
13. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
14. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
15. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
16. 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
17. 4.3-cü bəndinə əsasən Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
18. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
20. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd edilən borc məbləğlərin hesablanmasına əsas olmuş aktlar müxtəlif vaxtlarda tərtib edildiyindən, hər bir aktın tərtib edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən aktlara hüquqi qiymət verilməlidir. Fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həm hazırki, həm də əvvəlki məhkəmə iclası zamanı izahatında fərdi yaşayış evində bir müddət ustalar tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edildiyini etiraf etmişdir. Digər bir tərəfdən, həm iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli aktın surəti əsasında, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahat əsasında müəyyən olunmuşdur ki, Fərdi yaşayış evinə qaz sayğacı xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. Bu müddətədək isə iddiaçının fərdi yaşayış evində sayğac quraşdırılmadan təbii qazdan istifadə edilmişdir.
26. Lakin məhkəmə təbi qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia 1.01.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərtib edilmiş aktlar üzrə kənar xətdən istifadə nəticicəsində hesablanmış 1814,4 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.
27. İlk öncə məhkəmə qeyd edir ki, sözügedən aktlar üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə Fərdi yaşayış evində PSQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabat aparılsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində adıçəkilən qaz işlədicilərindən yalnız dəmir soba mövcud olmuşdur. Belə ki, iddiaçı son məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə yalnız dəmir soba mövcud olmuşdur, sonradan qaz sızıntısının baş vermə təhlükəsinin qarşısının alınması üçün dəmir sobanı qaz xəttindən ayırmışdır. Həmçinin, bu hal iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyində əks olunmuş 3-cü və 4-cü şəkillərlə də öz təsdiqini tapır. Belə ki, həmin ekspert rəyində ekspert yardımçı tikilidə dəmir sobanın olmasını, lakin həmin sobanın qaz xəttinə qoşulmadığını qeyd etsə də, 3-cü və 4-cü şəkillərdən görünür ki, dəmir sobanın qaz sayğacına qoşulması üçün sayğacdan otağa daxil olan qaz xətti mövcuddur. Bu hal da ekspert tərəfindən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən dəmir soba qaz xəttinə qoşulu olmasa da, əvvəllər dəmir sobadan istifadə edildiyini sübut edir. Digər qaz işlədicilərinə gəldikdə isə, yardımçı sahədə qaz sayğacı quraşdırılmazdan əvvəl dəmir sobadan başqa həm dördgözlü qaz piltəsinin, həm də su qızdırıcısının mövcud olması halı ağlabatan deyil. Digər bir tərəfdən, cavabdeh də həmin qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər hesablanarkən yalnız dəmir sobanın istifadəsi ilə əlaqədar hesabat aparılmalıdır.
28. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli və və xx.xx.2022-ci il tarixli aktlar üzrə hesabat 60 gün deyil, 30 gün müddəti üçün aparılması qanuni və ədalətlidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməli və hər ay borca dair hesabt (qəbz) təqdim etməlidir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndində də qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.
30. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli və və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar üzrə hesabat müddəti 30 gün müəyyən edilməklə, yalnız dəmir sobanın isitfadəsi nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.
31. Qeyd edilənlərə əsasən iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2022-ci il tarixli hesabat üzrə 100,80 manat (1,4 m3 x 24 saat x 30 gün = 1008 m3; 1008 m3 x 0,10 manat = 108,60 manat), xx.xx.2022-ci il tarixli hesabat üzrə isə 100,80 manat (1,4 m3 x 24 saat x 30 gün = 1008 m3; 1008 m3 x 0,10 manat = 108,60 manat) olmaqla, ümumikdə isə 201,60 manat olmalıdır.
32. Məhkəmə həmin hesabatı həmçinin, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmiş hesabta qaydasına uyğun tətbiq etmişdir. Belə ki, rəydə qeyd edilir ki, ARDNŞ-nin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarına 2 nömrəli əlavə “Qaz xəttinin işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”ın və ARDNŞ “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən təsdiq edilmiş “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in tələblərinə əsasən qaz sobasının (dəmir sobanın) saatlıq qaz sərfi 1,4 m3 müəyyən edilir.
33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 201,60 manat məbləğində borcun tələb edilməsi əsaslıdır. Buna görə də, iddia tələbi həmin məbləğdə borcun silinməsi hissəsində təmin edilə bilməz.
34. Məhkəmə digər xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borcun iddiaçıdan tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ilk növbədə həmin akt Fərdi yaşayış evinə qaz sayğacı quraşdırıldıqdan sonra tərtib edilmişdir və həmin akt üzrə dəymiş ziyanın hesablanmasına dair tələbnamədən də görünür ki, həmin müddətdə Fərdi yaşayış evində dəmir soba artıq mövcud olmamışdır.
35. Digər bir tərəfdən, yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.
36. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.
37. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir.
38. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.
39. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.
40. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.
41. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
42. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır.
43. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 47,01 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********00026) İddiaçı hesablanmış 2701,44 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə (201,60 manat hissədə) təmin edilməsin. 47,01 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı