Məhkəmə qərarları › İş №2(011)-4304/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4304/2022

02.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4304/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2018ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə və həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə həyat yoldaşı Cavabdeh arasında 17 sentyabr 2018-ci ildə Bakı şəhəri 14 saylı Notariat ofisində 20.000 manata kredit müqaviləsi bağlanmışdır. Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 30 aprel 2022-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydinə əsasən 17 sentyabr 2022-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 20.000 manat iddiaçıdan tutularaq Cavabdeh verilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş 01 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərarla Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədi üzrə 20.000 manat pul vəsaitinin və dövlət rüsumunun iddiaçıdan alınaraq Cavabdeh verilməsi qeyd edilmişdir. Bakı şəhəri Xətai rayonu icra şöbəsindən iddiaçıya 04 may 2022-ci il tarixli bildiriş təqdim edilmişdir. Bildirişdə göstərilmişdir ki, 04 may 2022-ci il tarixli qərarla Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən iddiaçıya 04 may 2022-ci il tarixli qərarla icraata başlanılmış, Bakı şəhəri 14 saylı Notariat kontorunun 6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədində göstərilən tələbin müddətində könüllü icra etməsi xahiş edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi etibarsız əqddir. İddiaçı ilə cavabdeh 16 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 07 yanvar 2011-ci il təvəllüdlü X7, 28 iyul 2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ata mülkündən ona pay verilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda qalmışdır. Onun atası X2 bir qızı və Nəriman adlı oğlu vardır. 2008-ci ildən 2016-cı ilədək Nərminənin ata mülkünün bölünməsi barədə narazılıqlar olmuş və 2016-cı ildə atalarının Xruşovka binada olan mənzili vərəsəliklə qardaşı Nərimana vermələri və Tarqovuda ayaqqabı təmiri yerini isə Nərminəyə vermələri qərarlaşdırılmışdır. 2016-cı ildə Nərmini ata mənzilindən qeydiyyatdan çıxarmışlar və o, ünvan 2 ünvanında olan beş otaqlı mənzilə qeydiyyata düşmüşdür. 2018-ci ildə onlar ipoteka ilə satıla hazır təmirli mənzili almaq qərarına gəlmişlər. Nərminə Tarqovudakı yerini satmaq qərarına gəlmişdir. X3 yeri almaq istədiyini bacısına bildirmiş və onlar obyektin qiymətini 20.000 manata razılaşdırmışlar, bu şərtlə ki, qardaşı Nəriman 20.000 manat tam ödənilənədək ayda 250 manat pul ödəyəcəkdir. Belə olan halda onlar borc müqaviləsi bağlamaq qərarına gəlmişlər. Nərminə əri Elnura da 20.000 manat borc müqaviləsi bağlamasını bildirmiş, Elnur buna razı olmuşdur. Elnur atasından 20.000 manat borc pul istəmiş, atası onların evində Nərminənin iştirakı ilə oğluna 15 sentyabr 2018-ci il tarixdə 20.000 manat pul vermişdir. Nərminə minnətdarlıq edərək pulu şəxsən özü götürmüşdür. 17 sentyabr 2018-ci il tarixdə onlar Elnur, Nərminə və Nəriman 14 saylı Notariat Kontoruna getmişlər və iddiaçı 20.000 manatı Nərminəyə vermişdir. Nərminə notariat kontorunun kamerası qarşısında 20.000 manatı sayıb vermiş və notarius kredit müqaviləsi bağlamışdır. Daha sonra Nərminə 20.000 manatı notariat kontorunun kamerası qarşısında sayıb qardaşı Nərimana vermişdir. 2021-ci ildə Nərminə ilə iddiaçının münasibətləri pisləşmişdir. 10 dekabr 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onların arasındakı nikah pozulmuşdur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, X5 iddiaçının atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Belə ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə arasında notariat kontorunda bağlanmış kredit müqaviləsinin yalandan bağlanmış formal əqd olmasına istinad edərək, həmin müqavilənin və onun əsasında verilmiş icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahatlara əsasən iddiaçı tərəf müqavilənin etibarsızlığını bir sıra məqamlarla əlaqələndirir. Belə ki, iddiaçının nümayəndəsi Notariat kontorunun rəisi X6 tərəfindən verilmiş məktuba istinad edərək bildirmişdir ki, məktubun mətnində vəsaitin müqavilənin təsdiq edilməsindən sonra ödəniləcəyi göstərilsə də, işin həqiqi hallarından görünür ki, vəsait müqavilənin təsdiqindən əvvəl ödənilmişdir. Bu halı sübut etmək üçün iddiaçının nümayəndəsi kredit müqabiləsi bağlanarkən tərəflərin çəkdirdiyi şəklə və onun vaxtına istinad etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi qeyd etmişdir ki, tərəflər nikah münasibətlərində olmuş və müqavilə formal xarakter daşımışdır. İddiaçının dəlillərinə münasibətdə cavabdeh izahatında göstərmişdir ki, ona atasından əmlak qalmış, o əmlakı satandan sonra onun 53.000 manat vəsaiti olmuşdur. Bu vəsaitdən o, 13.000 manatına hazırda öz istifadəsində olan avtomobili almış, yerdən qalan 40.000 manatın 20.000 manatını qardaşına, 20.000 manatını isə ərinə borc olaraq vermişdir. Həm qardaşı, həm keçmiş əri ilə eyni gündə, eyni notariat kontorunda müqavilələr bağlamışdır. İddiaçı müqavilənin şərtlərini icra etmədiyinə görə o, notariusa müraciət edib icra qeydinin verilməsini tələb etmişdir. Nə qədər ki, iddia tələbi müqavilənin etibarsızlığı ilə bağlıdır, məhkəmə qanunvericilikdə bu sahəni tənzimləyən normalara istinad etməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin borc müqaviləsi olmasına istinadən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı mübahisə üzrə tərəflər aralarında borc müqaviləsi bağlamış və notariusda təsdiq etmişlər. Müqavilənin etibarsızlığı ilə bağlı məsələnin araşdırılmasında məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində istinad etdiyi formal əsaslar müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslı sayıla bilməz. Belə ki, hər hansı müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən edilmiş tələbblərə uyğun olmamalıdır. Məcəllənin müəyyən etdiyi tələbləri hazırkı mübahisəyə tətbiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçı cavabdehlə bağladığı 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olmasını, onunla cavabdeh arasında bağlanmış müqavilənin formal xarakter daşımasını, əsas məqsədin borc pul verilməsi olmadığını iddia ərizəsində qeyd etsə də, bu halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, Notariat haqqında Qanunda qeyd edilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətin borc müqaviləsi əsasında yaranması heç bir zaman mübahisələndirilməmiş, notariat orqanında heç bir zaman həmin müqavilənin mübahisəli olması ilə bağlı şübhə yaranmamışdır. Odur ki, Bakı şəhəri şəhəri 17 saylı Notariat Kontorunun apardığı notariat hərəkətləri qanunauyğun olmuş, heç bir qanun pozuntusuna yol verilmədən aparılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Bakı şəhəri 14 saylı Notariat Kontoru qanuvericiliyin tələblərinə uyğun olaraq tələbkarın təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, borclu 30 gün ərzində öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni 30 aprel 2022-ci il tarixdə 14 saylı Notariat Kontoru tərəfindən icra qeydi aparılmışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, 14 saylı Notariat Kontoru qanunauyğun şəkildə notariat hərəkətləri aparmış, icra qeydi ilə bağlı vaxtında müqavilənin tərəfi olan borcluya bildiriş göndərilmiş, daha sonra icra qeydi aparılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı -iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə və həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar