Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-432/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 437 nömrəli fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3.938,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 437 nömrəli fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. O, vaxtlı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan sözügedən ünvana gəlib baxış keçirmiş, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişlər. 30 aprel 2020-ci il tarixdə akt tərtib etmiş, bu akt əsasında iddiaçıya 2656,80 manat, 26 fevral 2021-ci il tarixdə akt tərtib edilmiş, bu akt əsasında isə 396 manat olmaqla, cəmi 3.938,40 manat məbləğində əsassız borc yazılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış zamanı qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: 29 mart 2023-cü il tarixdə iddiaçıya məxsus evə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı istinad olunan ünvanda qaz sayğacının mövcud olduğu aşkarlanmışdır. Yerli baxış zamanı iş üzrə təqdim olunmuş iddiaçıya aid evin foto şəkilləri ilə realda mövcud olan vəziyyət eyniləşdirilərək müəyyən edilmişdir ki, foto şəkillərdə əks olunan ev iddiaçıya məxsus evdir. Foto şəkillərdə sayğac qutusunun içərisində sayğacın olmadığı, içərisində rezin boru olduğu görünür. Yerli baxış zamanı sayğac qutusunda artıq sayğcaın quraşdırıldığı müəyyən olunur. Yerli baxışda iddiaçının izahatları ilə sayğacın bir müddət öncə quraşdırıldığı müəyyən edilmişdir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı özünə məxsus ünvanda müəyyən müddət sayğacsız qazdan istifadə etmişdir. Bu isə ona dəlalət edir ki, o, istifadə etdiyi qazın dəyərini ödəməmişdir. Belə ki, istifadə olunan qaz həcmini ölçən cihaz ünvanda mövcud olmamışdır. Yerli baxış zamanı iddiaçıya məxsus evdə qazla çalışan cihazlardan kombi və 4 gözlü qaz plitəsinin olduğu aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, mənzildə yerləşən qazla işləyən cihazlara münasibətdə vətəndaşın 300 manat məbləğində cərimələnməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddiaçının cavabdehə 300 manat borcu olması müəyyən edilməli, qalan 3638,40 manat məbləğində borc silinməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 300 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 3638,40 manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 50 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdehnə 300 (üç yüz) manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 3638,40 (üç min altı yüz otuz səkkiz, qırx) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinsin. Cavabdehndən 50 (əlli) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-432/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-432/2023
29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver