Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4325/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi cəlb edilməklə - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik – südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən 1-2106 kodla mənzil tikintisinə görə həyətyanı torpaq sahəsinin ayrılması üçün əsas olmuş sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Ərizədən görünür ki, ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik – südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən 1-2106 kodla mənzil tikintisinə görə həyətyanı torpaq sahəsinin ayrılması üçün əsas olmuş sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Göründüyü kimi, ərizəçi tələbində konkret olaraq hansı hüquqmüəyyəndici sənəd (sənədlərin) ona məxsus olmasını deyil, həyətyanı torpaq sahəsinin ayrılması üçün əsas olmuş sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 6-ci hissəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci maddəsinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, ərizəçi konkret hüquqmüəyyənedici sənədin (sənədlərin) ona məxsus olmasını deyil, “torpaq sahəsinin ayrılması üçün əsas olmuş sənədlərin” ona məxsus olması faktının müəyyən edilməsini xahiş edərək, tələbini qeyri-müəyyən şəkildə göstərmişdir. Belə olduğu halda, şəxsə məxsus olması iddia edilən sənəddə (sənədlərdə) onun adı, atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlib-gəlmədiyini, həmin sənədin hüquqmüəyyənedici sənəd olub-olmadığını müəyyən etmək mümkün deyil. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi cəlb edilməklə - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik – südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən 1-2106 kodla mənzil tikintisinə görə həyətyanı torpaq sahəsinin ayrılması üçün əsas olmuş sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4325/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4325/2024
09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver