Məhkəmə qərarları › İş №2(011)-4326/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4326/2022

05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4326/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qȧrşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Bakı X2 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2021 tarixli, ******* nömrəli Aktın ləğvi və həmin Akt əsasmd hesablanmış 1313.28 AZN (bir min üç yüz on üç manat 28 qəpik) cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən qeydiyyatda olduğu ünvanda yaşayır. Azəriqazın abonentidir, müqavilə onunla bağlanmışdır (Abonent kodu:**********01000). İddia ərizəsinə əlavə edilən çıxarışdan da görünür ki, 2011-ci ildən bu günə qədər iddiaçıda heç vaxt heç bir nöqsan və kənaraçıxma aşkar edilməmişdir. Mübahisəyə səbəb isə xx.xx.2021 -ci il tarixində cavabdehin nümayəndələri mənzilə gələrək iddiaçıdan xəbərsiz baxış keçirmişlər və guya sayğacdankənar qeyri-qanuni qaz xətti aşkar etmişlər. Bu məsələ üzrə mənzilə daxil olmaq istərkən iddiaçı onlardan qanuni şəkildə xidməti vəsiqələrini göstərmələrini istəmiş, çünki onlar 4-5 nəfər idi və hamısı iddiaçı ilə kobud tonla və qərəzli danışırdılar. Onlar da buna etiraz etdilər və kobudluqlarna davam etdilər. İddiaçı məsələni belə görən zaman onları əsaslı olaraq mənzilə buraxmadı. Buna baxmayaraq həmin nümayəndələrin iddiaçıya qarşı akt yazdıqlarını və əlavə cərimə hesabladıqlarını bilməmişlər və bu barədə iddiaçıya heç bir rəsmi və ya şifahi xəbərdarlıq edilməyib. Əks halda iddiaçı ən qısa zamanda həmin akta qarşı iddia və ya şikayət verərdi. İddiaçının isə bu Aktdan ümumiyyətlə xəbərim olmayıb. Cavabdehin nümayəndələri ilə anlaşılmazlıqdan sonra onların getdiyini və məsələnin onlara aydın olduğunu düşünmüşdür. İddiaçı aylıq ödənişlər etməyinə baxmayaraq yalnız may ayında ödənişimin tam həyata keçmədiyni hiss eləmiş, 104 məlumat mərkəzinə zəng eləmiş və məsələni o zaman bilmişdir. Daha sonra Bakı şəhəri Babək prospektində yerləşən Bakı X2 Departamentinə rəsmi müraciət etmiş və xx.xx.2022-ci il tarixində xx.xx.2021 tarixli ******* nöməli Aktın və ona əlavələrin surətini almışdır. İddiaçı aktla tanış olmuş və orada qeyd edilənlərdən heç bir faktın əsaslı olmadığını, aktın tam qanunsuz və əsassız tərtib edildiyinin şahidi olmuşdur. Belə ki, iddiaçının mənzilində bu günə qədər heç vaxt sayğacdankənar qaz xətti olmamışdır, cavabdehin nümayəndələrinin çəkdikləri şəkildə əks olunan qaz xətti birbaşa bayır tərəfdən mənzildəki sayğaca daxil olur. Bunu məhkəmə tərəfindən yerində baxış keçirməklə və ya ekspertiza təyin etməklə də müəyyən etmək olar. Aktdan görünür ki, guya iddiaçı Akt yazılandan öncə 90 gün ərzində sayğacdankənar qaz işlətmiş və guya yekun olaraq 12312 (on iki min üç yüz on iki) kub metr əlavə qanunsuz qaz işlətməklə dövlətə ziyan vurmuşam. Halbuki bu iddia ilə və aktda yazılan digər xüsusatlarla razı deyil. Əgər həqiqətən də belə hal olmuş olsaydı cavabdeh bu günə qədər mənzilinə qaz verilişini dayandırardı və xətti ləğv etmək yönündə digər hüquqi tədbirlər görərdi. Odur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021 tarixli, ******* nömrəli aktın tamamilə ləğv edilməsini və həmin akt əsasında hesablanmış 1313.28 AZN (bir min üç yüz on üç manat 28 qəpik) cərimənin silinməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayonu, Telnov küçəsi, ev 18, mənzil 100 ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktda “sayğacdan kənar istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi qazın dəyərinə görə borc hesablanmış, 1313.28 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçının yaşadığı Xətai rayonu, Telnov küçəsi, ev 18, mənzil 100 ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu **********01000) yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, “Abşeron rayounu, Mehdiabad qəsəbəsdə yerləşən fərdi yaşayış evini tıbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyr leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1313.28 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akt ləğv edilməli, qaz sərfinə görə iddiaçıya hesablanmış 1313.28 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 33.13 (otuz üç manat, on üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akt ləğv edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********01000) üzrə İddiaçı hesablanmış 1313.28 (min üç yüz on üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc silinsin. 33.13 (otuz üç manat, on üç qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar